HadisəSiyasət

Rəsul Cəfərovun həbsi kəskin etirazlara səbəb oldu

Hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6,5 il azadlıqdan məhrum edilməsi yerli və beynəlxalq ictimaiyyətin geniş tənqidləri qarşılanıb.

2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və saxtakarlıqda ittiham olunub.

Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

Amnesty İnternational təşkilatı Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmdən narahatlıqlarını bildirib.

“Biz mart ayında vəziyyətin monitorinqi çərçivəsində Azərbaycana səfərimiz zamanı Rəsul Cəfərovla görüşdük. O, məhkəməyə qədər həbs altında idi. R.Cəfərov ona qarşı ittihamların siyasi motivli olduğunu bildirdi. Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”, AŞPA-nın saytında yayılan məlumatda deyilir.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, hakimiyyət R.Cəfərovun apellyasiya şikayətinə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalətin, tərəflərin bərabərliyinin, təqsirsizlik prezumpsiyasına hörmətin təminatı üçün addımlar atacaq.

Həmçinin məlumatda qeyd olunur ki, R.Cəfərovun məhkəməyə qədərki həbsə dair şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır və Avropa Şurası insan hüquqları komissarı üçüncü tərəf kimi bu prosesə müdaxilə etmək hüququndan istifadə edib.

Qeyd edək ki, bu, ötən ilin yayında və payızında tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin həbsindən sonra AŞPA həmsədrlərinin Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təqib olunmasını və həbsini açıq şəkildə pisləməsi ilə bağlı ilk haldır.

P.Aqramunt Azərbaycanda siyasi məhbuslar məsələsi də daxil olmaqla, insan hüquqları məsələsi üzrə məruzəçi olsa da, bu missiya çərçivəsində bir dəfə də olsun Azərbaycana gəlməyib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi isə öz mətbuat katibinin adından bəyanatla çıxış edərək hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsini pisləyib.

“Böyük Britaniya vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə kimi mübahisəli ittihamlarla altı il yarım müddətinə azadlıqdan məhrum edilmiş Rəsul Cəfərovun barəsində hökmdən çox narahatdır.

Vətəndaş cəmiyyətinin hörmətli üzvü, cənab Cəfərov Azərbaycanda mühüm hüquq-müdafiəçilərindən biridir.

Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa və bu mənfi tendensiyaya son qoymağa çağırır”,bəyanatda deyilir.

İnsan Hüquqlari və Sosial Bərabərlik İnstitutunun sədri Elnare Agayeva bəyənat yayaraq bildirib ki, yerli və beynəlxalq demokratik ictimaiyyətin etirazlarına baxmayaraq, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları davam etdirir. Fəallar təqiblərə, uydurma ittihamlarla həbslərə məruz qalır, onlara fantastik cəza müddətləri təyin edilir.

Əsasən bu, Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış və parlaq nümayəndəsi Rəsul Cəfərovun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdə özünü göstərir. İttiham tərəfi digər tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin də 10 il müddətinə mühakimə olunmasını istəyir. Halbuki, məhkəmə ona qarşı irəli sürülən vergidən yayınma, sui-istifadə, qanunsuz sahibkarlıq kimi absurd ittihamları sübuta yetirə bilməyib.

Hakimiyyət yalnız fəalların həbsi ilə kifayətlənmir, onlara həbsxanada da rahatlıq vermir.

“Vicdan məhbusu” Tale Bağırzadə uydurma ittihamla Qobustan qapalı həbsxanasına köçürülüb. AXCP fəalları Saqif Qurbanov, Türkel Azərtürk və Ruslan Nəsirli 5 aprel mitinqindən sonra inzibati həbslərə məruz qalıblar.

“Yuxarıda deyilənlər göstərir ki, beynəlxalq təcrid kursunu götürən və öz dayaqlarını itirən Əliyev rejimi artan sosial-iqtisadi narazılıq şəraitində öz kürsüsünü qorumaq üçün repressiyalara əl atır”, bəyanatda vurğulanır.

Bənzər yazılar

Back to top button