“Nardaran işi” ilə bağlı etirazlar davam edir

Print Friendly, PDF & Email

“Nardarandakı əməliyyat hakimiyyətin güc strukturlarını özünün siyasi məqsədlərinə alət etməsinin növbəti, lakin daha qəddar və qanlı təzahürüdür”

Bu sözlər Milli Şuranın “Nardaran işi” üzrə məhkəmənin yekununa dair bəyanatda yer alıb. Bəyanatda deyilir:

2015-ci ilin 26 noyabrında Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin həyata keçirdiyi qanlı əməliyyatdan sonra həbs edilənlərin bir qrupu üzərində məhkəmə prosesi başa çatdı. Əməliyyatın əsas hədəfi olan bu qrup Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Faud Qəhrəmanlı və daha başqa 16 nəfərdən ibarətdir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilənlərə 10 ildən 20 ilədək olmaqla, çox ağır həbs cəzaları verdi. Tale Bağırzadə və Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, qalanları 19, 17 və əsasən 14 il yarım müddətə azadlıqdan məhrum edildi.

Məhkəmə bütövlükdə siyasi sifarişə uyğun şəkildə qərəzli və ədalətsiz olsa da, Nardaranda törədilmiş o qanlı olayın mahiyyətini tamamilə açıb ifşa etmək baxımından faydalı sayıla bilər. Belə ki, DİN-in Nardarandakı qanlı əməliyyatından dərhal sonra rəsmi təbliğatın yaratdığı psixoz vəziyyətə görə əhalinin, o cümlədən demokratik düşüncəli ictimai-siyasi çevrələrin çoxu çaşqınlığa düşdü, həqiqətən də ortada dini radikal qüvvənin mövcudluğu və onun cinayət törətdiyi haqda rəylər yarandı. Hərçənd, Milli Şura və onun rəhbər şəxsləri rəsmi təbliğatın baş verənləri təhrif etmək ehtimalını dərhal nəzə ala bildi və ilk saatlardan sona qədər hadisəyə adekvat münasibət sərgilədi. Sonrakı gedişat və nəhayət, məhkəmə prosesi Milli Şuranın vaxtında nə qədər doğru mövqe tutduğunu isbatladı. Artıq xüsusən də məhkəmə prosesi başa çatandan sonra həmin hadisə ilə maraqlanan və prosesləri izləyən hər kəsə aydındır ki, Nardaranda sakinlər hər hansı zorakılıq və ya radikal hərəkətə yol verməyib, qanlı əməliyyatın hədəfi olan Müsəlman Birliyi Hərəkatı və onun lideri Tale Bağırzadə haqqında rəsmi təbliğatın dedikləri həqiqətdən uzaqdır, Milli Şura səbatlı davranaraq, Tale Bağırzadəyə və tərəfdarlarına etimadla yanaşıb.

Milli Şura yenə də o mövqedədir ki, Nardarandakı əməliyyat hakimiyyətin güc strukturlarını özünün siyasi məqsədlərinə alət etməsinin növbəti, lakin daha qəddar və qanlı təzahürüdür. Məqsəd ölkənin inanclı kəsimi arasında nüfuzu getdikcə artan, bu təbəqənin qarşısında cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə qarşı dinc mübarizəyə çağıran çıxışları ilə fərqlənən, Milli Şuranın üzvü olaraq inanclı kəsimlə ənənəvi demokratik qüvvələr arasında körpüyə çevrilən Tale Bağırzadənin özünü məhz belə fəaliyyətinə görə sərt şəkildə cəzalandırmaq, üstəlik ölkədə repressiyanı yenidən gücləndirib kütləvi qorxu hissini dərinləşdirmək idi. Məhkəmə zamanı da aşkar oldu ki, hakimiyyətin Nardaranda qan tökməkdə məqsədi bilavasitə özünün yuxarıda deyilən siyasi iddiasını təmin etmək imiş.

Məhkəmədə o da bəlli oldu ki, Taleh Bağırzadəyə və tərəfdarlarına istintaqda ağır işgəncələr verərək, onları Milli Şura və AXCP-nin, konkret olaraq MŞ sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimlinin guya qanunsuz əməllərə təhrik etidiyi barədə “etirafedici” ifadələr almaq istəyiblər. Lakin onlar özlərinə və Milli Şura ilə AXCP-yə böhtan atmağı rədd edərək, ağır işgəncələrə mətanətlə dözüblər. Bu fakt hakimiyyətin Milli Şura və AXCP rəhbərliyini də Müsəlman Birliyi Hərəkatınin sədri və tərəfdarları ilə birlikdə daha ağır repressiyadan keçirmək, bununla da siyasi müstəvini arzuladığına uyğun düzənləmək niyyətini ifşa edir. Bu ifşanı qüvvətləndirən növbəti fakt isə Nardarandakı əməliyyatdan təxminən iki həftə sonra AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlının feysbukda “dövlət çevrilişini dəstəkləmək” kimi gülünc ittihamla həbs olunmasıdır. Fuad Qəhrəmanlının həbsi Taleh Bağrzadə və tərəfdarlarından Milli Şura və AXCP-yə qarşı istədiyi ifadəni ala bilmədiyi üçün daha geniş miqyasda repressiya planı baş tutmayan hakimiyyətin hikkəli qisas və özünətəsəlli əməliyyatından başqa bir şey deyil. Nə qədər gülünc və tarixdə misli görünməmiş olsa da, istintaq və məhkəmə Fuad Qəhrəmanlını məhz feysbuk qeydlərinə, yəni fikrini ifadə hüququndan istifadə etdiyinə görə mühakimə edərək, 10 il müddətinə həbslə cəzalandırıb.

Məhkəmənin gedişinə gəlincə, Milli Şura bəyan edir ki, proses başdan-ayağa pozuntular və siyasi diqtə altında keçib. Müdafiə tərəfin çoxsaylı vəsatətləri, o cümlədən ifadələri iş üçün əhəmiyyət daşıyan şəxslərin dindirilmələri barədə müraciətləri qəbul edilməyib, bir neçə iclas təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirilib, onların buna etiraz olaraq vəkildən imtina hüququ tanınmayıb, vəkillərə proses boyu təzyiqlər olub, məhkəmədə ibtidai istintaqın onlardan təzyiq və təhdid altında istədiyi ifadəni aldığını deyən şahidlər sonradan incidilib və hətta həbs olunub, məhkəməyə çağırılan bütün şahidlər polisdə “profilaktik söhbətdən” keçirilib, üstəlik hətta ittiham tərəfin şahidlərinin də hamısı dindirilməyib, məhkəmə önünə gələrək təqsirləndirilənlərə dəstəyini ifadə edən fəallar təzyiq və həbsə məruz qalıb, prosesin gedişi barədə cəmiyyəti məlumatlandıran və təqsirləndirilənlərə dəstək ifadə edən ictimai-siyasi xadimlər, o cümlədən Milli Şuranın və AXCP-nin rəhbərliyində təmsil olunan 15 nəfər (8 nəfər Milli Şura, 7 nəfər AXCP) polisə çağırılaraq xəbərdar edilib və s. Nəhayət, məhkəmə hökmündə təqsirlənidirlənlərin və şahidlərin istintaqı ifşa edən ifadələri, işgəncə, fiziki zorakılıq və başqa qanunsuzluqlar barədə səsləndirilən faktların heç biri nəzərə alınmayıb, ittiham aktı olduğu kimi hökmə köçürülüb. Ən vacibi isə Nardarandakı əməliyyat zamanı 4-ü mülki sakin, 2-i polis işçisi olmaqla 6 nəfərin öldürülməsi faktı məhkəmədə aydınlaşdırılmamış qaldı. Həmin insanları kimlərin öldürdüyünü müəyyənləşdirməyə məhkəmə heç cəhd də göstərmədi.

Milli Şura “Nardaran işi” üzrə məhkəməni Azərbaycan tarixinin ən rüsvayçı, eyni zamanda ən ədalətsiz və qəddar hökmlə yadda qalacaq prosesi kimi qiymətləndirir. Milli Şura bəyan edir ki, təqsirləndirilən şəxslərin günahsızlığı əslində məhkəmədə sübuta yetirilib və onlara bəraət verilməli, əvəzində Nardaran əməliyyatına göstəriş verənlərin və əməliyyatı həyata keçirənlərin məsuliyyətini araşdırmaq üçün prosesə başlanmalı idi. Milli Şura bu iş üzrə barələrində hökm çıxarılanların, eləcə də məhkəmələri başlayan digər iki qrupdakı şəxslərin azadlığa buraxılmasını tələb edir. “Nardaran işi” üzrə birinci məhkəmədə yol verilən pozuntu və qanunsuzluqlara görə məsuliyyət daşıyanların hamısı müvafiq qaydada cəzalandırılmalıdır.

İctimai fəal, 2015-ci ildən Demokratik Dəyərlərə Dəstək Mərkəzi İB-nin sədr müavini Abdulhüseyn Ələkbərov hesab edir ki, bütövlükdə Nardaran əməliyyatının özü kimi, bu məhkəmə hökmü də cəmiyyətdə qorxunu dərinləşdirmək niyyətinə çata bilməyib. Əksinə, yüzlərlə insan aylarla davam edən bütün proses boyu hər cür təzyiq-təhdid altında olsa da, məhkəmə binası önünə toplaşıb təqsirləndirilənlərə dəstək verdi. Üstəlik, bu məhkəmə prosesi ənənəvi demokratik düşərgə ilə ölkədə köklü dəyişikliyin tərəfdarı olan inanclı kəsim arasında etimadın güclənməsinə, onların demokratik və hüquqi dövlət amalı uğrunda ortaq mövqeyə gəlməsinə vasitə oldu.

Onun sözlərinə görə, Azərbaycanda dinc demokratik dəyişikliyə nail olmaq üçün cəmiyyətin bütün aktif təbəqələrinin bu məqsəd uğrunda səfərbər olunmasına ehiyac var. Yalnız birgə səylərimizlə dünyəvi hüquq dövləti qura biləndən sonra hamımızın maraq və mənafeləri, ideya və fəaliyyət azadlığı təmin oluna bilər: “Azərbaycan xalqını ölkədəki haqsızlıq və ədalətsizliyə, o cümlədən Nardaran hadisəsinə görə günahsız insanların həbs olunmasına daha uca səslə etiraz etməyə, demokratiya naminə dinc mübarizəyə daha inamla səfərbər olunmağa çağırıram”.

...