General Novruzəli Orucovun oğluna hökm oxundu

Print Friendly, PDF & Email

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzToday.az xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Rüstəm Orucovu 4 il 6 ay, Pərviz Abbasov və Kənan Vəliyevi 1 il 6 ay azadlıqdan məhrum edib. Onlar məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu səkkiz dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

...