“NİKOYL BANK”-da ACINACAQLI VƏZİYYƏT – Növbəti ixtisar dalğası

Print Friendly, PDF & Email

Azərbaycanın bank sektorunda problemlər davam edir. Yaxın keçmişdə ölkənin ən perspektivli iş və gəlir yerləri sayılan kommersiya qurumlarında indi kütləvi ixtisarlar, bank şəbəkələrinin bağlanması, göstərilən xidmətlərin məhdudlaşdırılması prosesi gedir. Bu sektorun tənəzzülə uğraması təbii ki, əsas etibarı ilə neftin ucuzlaşmasından sonra ölkədə yaranan iqtisadi problemlərlə bağlıdır. Xüsusən, manatın xarici valyutalar qarşısında ciddi dəyər itirməsi kommersiya qurumlarını çətin vəziyyətə saldı, onların xarici öhdəliklərini ikiqat artırdı, problemli kreditlərin həcmi ikirəqəmli həddə qədər yüksəldi.

Bununla yanaşı bank strukturlarının idarə olunmasında baş verən neqativ proseslər də problemin daha da dərinləşməsinə gətirib çıxarıb. Dəqiq olmayan rəqəmlərə görə, son iki ildə bank sektorunda 6 mindən çox insan iş yerini itirib. Təəssüf ki, bəzi banklarda rəhbər şəxslər çətinlikləri bəhanə edib xərcləri azaltmaq üçün ixtisarlara, özlərinə yaxın qeyri-peşəkar adamları bank strukturlarına yerləşdirməyə çalışır. Bu da hökumətin aparmağa çalışdığı islahatları tormozlamaqla yanaşı narazlıqları alovlandırır.

“Nikoil Bank” Səhmdar Kommersiya Bankı da belə neqativ proseslərin cərəyan etdiyi kommersiya təşkilatlarından biridir və bu barədə mətbuatda dəfələrlə yazılıb. Banka yaxın dairələrdən verilən məlumata görə, bankda biznes kreditləşməsi üzrə sanballı mütəxəssislər ixtisar adı ilə məcburi qaydada işdən uzaqlaşdırılır. Onların yerinə bank rəhbərliyinə yaxın, bu sahə üzrə savadsız şəxslər yüksək məvaciblə işlərə cəlb olunur. Mənbə bildirib ki, bankda işə qəbul prosesi düzgün aparılmır, onların bilikləri lazımınca yoxlanılmır. Ən əsası uzun müdət işsiz qalan şəxslərə vəzifələr verilir ki, bu da bank sisteminin qaydaları ilə ciddi ziddiyət təşkil edir. Bankın İnsan Resurslarının İdarəolunması Departamentindən təcrübəli kadrların qovularaq onların yerinə səriştəsiz adamların cəlb olunması isə, ümumiyyətlə anlaşılmaz haldır.

Mənbənin məlumatına görə, son zamanlar bankda elə qanunsuzluqlar baş verir ki, bu, işçi heyət arasında təəssüf və dərin məyusluq yaradır, rəhbərliyə qarşı neqativ münasibət formalaşdırır. Məsələn, analıq məzuniyyətində olan işçilər doğuşdan sonra öz işlərinə bərpa olunmur. Onlara hədə-qorxu gəlinir, işdən çıxmaq üçün ərizə yazmaq tələb olunur. Bununla da Əmək Məcəlləsinin müvafiq maddələri kobud şəkildə pozulur. İşdən çıxmaq üçün ərizə yazmayan işçilərə açıq-aşkar hədə qorxu gəlinir, əgər işdən çıxmasalar, işə bərpa edib sonradan üstünə böhtan atıb maddə ilə qovulacaqları ilə təhdid edirlər.

nikkkk

Mənbənin məlumatına görə, bütün neqativ proseslərin başında bankın İdarə heyəti sədrinin birinci müavini Fərhad Hacınski, Korporativ kreditləşmə departamentinin direktoru İlqar Tağıyev və Filiallar şəbəkəsinin idarəedilməsi departamentinin direktoru Elnur Vəliyev dayanır. İnsan resurslarının idarəedilməsi departmaentinin direktoru Arzu Əliyeva isə bu üç şəxsin göstərişlərini sözsüz icra edir. Hansı işçi öz hüquqlarının müdafiəsinə qalxarsa, Arzu Əliyeva rəhbərliyin göstərişlərini icra etdiyini deyib məsuliyyəti üzərindən atmağa çalışır. Mənbənin məlumatına görə, A.Əliyeva qanunsuzluğa imza atarkən tez-tez bankın İdarə heyətinin sədri Nikolay Şurqayinin adını da hallandırmaqdan çəkinmir.

“Nikoil Bank”-da bir neçə aydır davam edən bu neqativ proseslər artıq öz “bəhrəsini” verməyə başlayıb. Mənbə bildirib ki, bankın Problemli kreditlərin idarə edilməsii departmentinin direktoru Cəlal Nağıyev tutuduğu vəzifədən azad edilib. Hal-hazırda problemli kredirlərin çəkisi bankın ümumi kredit portfelində 60-70 faiz təşkil edir. Mənbə qeyd edir ki, səhmdarlar tərəfindən artırılan 160 milyon manat kapitalın hamısı problemli kreditlərin təsnifləşdirilməsi məqsədi ilə ehtiyyatların yaradılmasına sərf olunub. Bu da bankın 2016-cı ili külli miqdarda zərərlə başa vurmasına səbəb olub. Yəqin ki, nə vaxtsa İdarə Heyəti və kreditlərin verilməsində bilavasitə məsul olan şəxslər səhmdarlar qarşısında bununla bağlı hesabat verəcəklər. O zaman rəhbərliyin yarıtmaz kredit və kadr siyasəti bir daha ortaya çıxacaq.

Mənbə sonda qeyd edir ki, prezidentin gənc və aztəminatlı ailələrə qayğı göstərilməsi ilə bağlı qoyduğu tələb “Nikoil Bank” rəhbərliyi tərəfindən qulaqardına vurulur. Bu özbaşınalığa və qanunsuzluqlara görə rəhbər şəxslər nə vaxtsa cəzalandırılacaqlarmı? Bu açıq sual Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanır…

İnformasiya şöbəsi

...