AnalitikaBizim seçimManşetSiyasət

Həsənovun Rusiyadan İrana, fətullahçılardan “Kaspi”yə və ermənipərəst “Sputnik”ə qədər uzanan geniş biznes şəbəkəsi

Onun adını pıçıltı ilə hər yerdə eşitmək olur: mediaya total nəzarət edir, sözünə baxmayan KİV-ləri blokladır, prezidentdən çox, özü haqda tənqidi məqalələri “beşikdə boğdurur”…

Azərbaycan hakimiyyətinin kulislərində hegemonluq edən və ictimai-siyasi həyatda öz maraqlarını diktə etməyə müvəffəq olan məmurlardan biri Əli Həsənovdur.

“Gündəm Xəbər” yazır ki, prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənovun iqtidar piramidasında yüksəlişi mövqelərinin möhkəmlənməsinə səbəb olub.

Son illərdə Ə.Həsənovun adını gizli-aşkar, pıçıltı ilə hər yerdə eşitmək olur: mediaya total nəzarət edir, sözünə baxmayan KİV-ləri cəzalandırır, blokladır, əmrlə mesajlar göndərir, prezidentin tənqidindən daha çox, özünün barəsində yazılacaq və ya yazılan məqalələri beşikdə boğdurur və s. ilaxır.

Bu siyasətin mərkəzindəki fiqurlardan biri isə köməkçisi Vüqar Əliyev adlı pərdəarxasındakı gözəgörünməz məmurdur.

V.Əliyev Ə.Həsənovun sözünü eşitdirir, hədələrini ismarıc kimi çatdırır, onlara biət etməyən KİV rəhbərlərini “qara siyahı”ya salaraq düşmən gözündə görür və axırına çıxana qədər əl çəkmirlər…

Ə.Həsənovun sağ əli adlandırılan, PA-da şöbə müdiri olan Vüqar Əliyev həmin məmurdur ki, onun vasitəsiylə reket saytların şəbəkəsi yaradılmışdı.

Bu işdə onlara Mətbuat Şurasının əməkdaşlarından biri ciddi dəstək verdiyi də söylənir. Bununla bir tərəfdən pul qazanılır, digər tərəfdən isə istədikləri adamı şantaj edə bilirlər.

Məgər, prezident media siyasətini bu şəkildə qurmağı tapşırıbmı? – Əsla. Bəs nədir bu hökmranlıq, nədir bu Prezident Administrasiyasının kluarlarında “meydan sulamaq”, tənqidçi KİV-i boyun əyməyə məcbur eləmək siyasəti?

Axı dövlət başçısı bəyan etmişdi ki, jurnalistlər onun köməkçiləridirlər və tənqidə görə heç bir KİV təzyiq, təqib oluna bilməz.

Ə.Həsənov isə gözümçıxdıya saldığı qəzetləri və portalları basdırana qədər hikkəsindən dönmür.

Cənab Ə.Həsənov mətbuat, onun bir müstəqil nümunəsi olan “Gündəm Xəbər” sizə nə pislik edib ki, “Azərbaycan” Nəşriyyatından çıxarılmasına qeyri-rəsmi əmr verirsiz?

Siz prezidentin bu sahəyə təhkim etdiyi bir məmur kimi nə zaman qəzetimizin çap, əməkdaşlarının maaş, qəzetin satışındakı problemlərlə, dərd-sərimizlə maraqlandınız?

Nə vaxt soruşdunuz ki, ağır şərtlər altında, min bir əziyyətlə, müasir bir dövrdə hələ də zülm-zillətlə həftədə bir dəfə çapa gedən “Gündəm Xəbər” qəzetinin nə problemləri var?

Axı prezident Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasına maliyyəni ona görə ayırır ki, qəzetlərin maddi-texniki bazası yaxşılaşsın, media kənar təsirlərin altında olmasın.

Ancaq siz populyar qəzetə kömək etmək yerinə, onu seçki ilində basqı altında qoyursunuz və nəşriyyatdan çıxardırsınız.

Hərçənd, Ə.Həsənovun böyük biznes şəbəkəsinə mətbəələr daxildir ki, özünə xidmət edən çap mətbuatı orada nəşr olunur.

Reallıq budur ki, Ə.Həsənov prezidentin siyasətini tənqid etməyə deyil, özünün tənqidinə dözümsüzdür.

Ona görə də özünə xidmət edən sayt və qəzetlər maliyyələşir, xoşlamadığı qəzetlər təzyiqlə qarşılaşırlar.

Prezident isə Davosda bildirmişdi ki, Azərbaycanda mətbuat azadlığı var. Görünən odur ki, bu azadlığını böyük hissəsini Ə.Həsənov və komandası buxovlamaqdadır.

Vəziyyət o həddə gəlib çatıb ki, ali hakimiyyət nümayəndələri olaraq başda Prezident olmaqla bütün məmurları tənqid etmək olur, amma Əli Həsənov və onun “sevimli” kadrlarını tənqid etmək faktiki olaraq qadağan edilib.

Əli Həsənov Azərbaycan Prezidentinin, dövlətinin və təmsil etdiyi hakim komandanın beynəlxalq imicini öz şəxsi maraqlarına qurban verir.

Məhz Əli Həsənovun uğursuz fəaliyyətinin nəticəsidir ki, onlayn media qurumlarının Azərbaycan ərazisində blok edilməsi kimi bir texnologiya işə düşüb. Bunun da nəticəsində Azərbaycanın beynəlxalq imicinə böyük zərbə dəyib.

Halbuki bu media orqanlarının fəaliyyətinə məhdudiyyətlər qoymaq əvəzinə onlarla rəqabət apara bilən və dövlətin siyasətini dəstəkləyən media qurumları yaratmaq olardı.

10 milyonlarla vəsaiti dağıdandan sonra Əli Həsənov ortaya bir dənə də olsun böyük onlayn media layihəsi qoya bilməyib. Halbuki belə media qurumlarının yaradılmasına sadəcə, 100-200 min manat tələb olunur.

MTN hadisələrində gördüyümüz kimi məmurların ictimai nəzarətdən kənarda qalması necə böyük fəsadlara səbəb olur.

Odur ki, media qurumu olaraq dövlətimizə xidmət etmək üçün məmurların özbaşınalıqlarını tənqid etməyi özümüzə peşə borcu sayırıq. Biz bununla ilk növbədə Prezidentə kömək etmiş oluruq.

Nurçu biznes və klan şəbəkəsi – Dosye

“Gündəm Xəbər” yazır ki, Moskvada fəaliyyət göstərən “Sputnik” saytının arxasında erməni lobbisinin dayanması iddiaları səslənir.

Ancaq tez-tez “ermənipərəst dairələr”, “erməni dəyirmanına su tökən qüvvələr”, “erməni lobbisi”, “ermənilərə işləyənlər” kimi epitetlərdən, ifadələrdən istifadə edən

Ə.Həsənov məhz həmin erməni lobbisinin təsirində olan “Sputnik”in Bakı bürosuna nəzarət edir.

Prezidentin köməkçisinin qohumu “Sputnik”in Bakı bürosuna əl qoyur və birbaşa Ə.Həsənovun diqtəsi ilə fəaliyyət göstərir.

Ə.Həsənovun xalası oğlu olan Məhəmmədəli isə onun biznes şəbəkəsinə nəzarət etməkdədir.

Bu biznes şəbəkəsinin bir qolu İran və Rusiyaya qədər uzanır. Belə məlumatlar dolaşır ki, İranla əsasən metal biznesi təşkil edilib.

Odur ki, həm media, həm digər sahələrdə biznes quran, qohumlarını və adamlarını rəhbər postlara yerləşdirən Ə.Həsənov öz klanını, “imperiyası”nı formalaşdırıb.

Bu azmış kimi, Ə.Həsənovun Rusiyadakı azərbaycanlı diasporalara birbaşa təsiretmə imkanları var və bu üsullarla şərikli biznes yarada bilib.

Hətta Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevlə Əli Həsənovun Dağıstanda ortaq biznes şəbəkəsi olduğu haqda məlumatlar gəzir.

Eyni zamanda bir sıra QHT-lərin yardım fondu Ə.Həsənovun ofisində məskunlaşıblar. Onlara həm nəzarət edilir, həm də aylıq icarə pulu alınır.

Həmçinin, “Azərmedia” MMC -də “Kaspi” qəzetinin rus və Azərbaycan dillərində variantları çap olunur. Bu vaxtilə “Zaman” mətbəəsi idi. İndi adını dəyişib “Azərmedia” MMC ediblər.

Ancaq bu, təsadüfi deyil. İddialar var ki, Ə.Həsənova uzun illər Fətullah Gülən tərəfdarlarından ciddi dəstəyi olub.

Məhz fətullahçı çetenin dəstəyi ilə Bakı Dövlət Sirkinin yaxınlığıda 150 min manata mənzil və Hökumət Evinin yanında ofis əldə edə bilib. Bəzi QHT-lər də həmin ofisə sığınıblar.

Bir neçə il qabaq Azərbaycanda nurçuların de-şifrə olunaraq vəzifələrdən uzaqlaşdırılması prosesindən Ə.Həsənov salamat çıxmağa nail ola bildi.

Ərdoğan nurçulara xidmət edən məmurların dosyesini Azərbaycan hökumətinə təqdim etmişdi.

O zaman Elnur Aslanov PA-dan getdi və digər nurçular barəsində də ölçülər götürüldü.

Amma Ərdoğanın nurçu işi ilə əlaqədar olaraq Əli Həsənov haqda dosyesi yuxarı eşelonda ört-basdır edildi.

Nəticə etibarı ilə onu qoruyan “sehirli əllər” hakimiyyətdə yüksəlişinə və möhkəmlənməsinə gətirib çıxardılar.

Bu gün də biznes şəbəkəsini genişləndirən Ə.Həsənovun “Kaspi” kursları, uşaq bağçaları, nurçu əməliyyatından sonra bağlanan “Araz” kurslarının əvəzinə bu sahəni inhisara alması, Bakı Mətbuat Mərkəzinə şəxsən sahiblik eləməsi, BMM-dəki bütün KİV-ləri və QHT-ləri özü tərəfindən yemləməsi media cameəsinə sirr deyil.

İranlıya “yaşıl işıq” və Həsənovların şirkətləri – Siyahı

“Gündəm Xəbər” yazır ki, oğlu Şamxal Həsənli Araz Radiosuna nəzarət edir, teleseriallar çəkir.

Onun rəhbərlik etdiyi Kaspi Global Azərbaycan telekanallarında xarici teleseriallara qoyulan qadağadan yararlanan prodakşn şirkətlərindən biridir.

MTRŞ onun başçılıq etdiyi Araz FM-ə 2011-ci ildə tezlik üçün lisenziya verib. Araz FM-in yayıldığı 103.3 FM tezliyində vaxtilə BBC azərbaycanca yayımlanırdı. 2009-cu ildə BBC-nin yerli tezliklərdə yayımı siyasi qərarla qadağan olunub.

BBC-nin yayımına olan qadağanı Əli Həsənov və MTRŞ onunla izah edirdilər ki, yerli qanunvericilik xaricilərin media təsis etməsinə və yayımına icazə vermir. Amma bu aspect Həsənovun ailəsinə aid radio üçün lisenziya veriləndə nəzərə alınmayıb.

Araz FM-in 103.3 tezliyində yayımı üçün lisenziya Golden Prince MMC-yə verilib.

Həmin şirkətin sahibləri İran əsilli Sirus Ghouchkhani və Azərbaycan vətəndaşı Azər Vəliyevdir. Vəliyev Əli Həsənovun xanımı Sona Vəliyevanın qohumu və biznes şərikidir.

2010-cu ildə Araz FM yayım üçün lisenziya istəyəndə onun xarici təsisçisi məsələsi heç müzakirə də olunmayıb.

BMM fəaliyyətə başlayandan iki müstəqil press-klub fəaliyyətini dayandırıb – maliyyə problemləri ucbatından və yer sahibləri icarəni davam etdirmək istəmədiyi üçün.

2004-cü ilin dekabrında qapanan Bakı Press klubunun icraçı direktoru Çingiz Sultansoy xatırlayır ki, bağlanmalarından bir neçə ay əvvəl Əli Həsənov ona zəng edib, çeçen hüquq-müdafiəçilərinin mətbuat konfransını ləğv etməsini tələb edib.

Onun sözlərinə görə, bu, Rusiya ilə münasibətləri korlaya bilərmiş. “Mən bu tələbi yerinə yetirməkdən imtina edəndə, Həsənov hədələməyə başladı. Dedi, istəyirsiz ki, sizin press-klubu bağlayaq?

Həmin gün mətbuat konfransının ortasında işıqlar kəsildi. Ümumiyyətlə, arzuolunmaz tədbirlər zamanı işıqların kəsilməsinə artıq alışmışdıq”, Sultansoy deyir.

Əli Həsənovun ailə üzvlərinin nəzarətində olan biznes qurumlarının siyahısı:

Araz Teleradio MMC – Faktiki rəhbərliyi Şamxal Həsənli həyata keçirir. Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır, 17 fevral, 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Kərimov Etiram Kərim oğlu, təsisçilər: “GOLDEN PRİNCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, KƏRİMOV ETİRAM KƏRİM OĞLU

Golden Prince MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 4 Sentyabr, 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: GHOUCHKHANİ SİROUSE XXX , VƏLİYEV AZƏR KALAM OĞLU

Kaspi Education MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 18 may, 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Global MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Həsənli Şamxal Əli oğlu

Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek daxildir) – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 28.09.2007 Qanuni təmsilçi: Kərimov Etiram Kərim oğlu. Təsisçilərin adı bəlli deyil. (Bu klinikanın vaxtilə təsisçisi Rəsul Quliyevin ən yaxın adamı Fərəməz adlı bir şəxsin olduğu deyilir.)

“Mətbuat Evi” MMC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.09.2010. Qanuni təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi – EC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 12.01.2009. Qanuni təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Co mənzil tikinti kooperativi – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 17.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu.

Təsisçilər: Vəliyeva Sona Məhəmməd qızı, Vəliyeva Maisə Polad qızı, Həsənova Səfiyə Qafar qızı, Vəliyev Azər Kalam oğlu, Həsənli Şamxal Əli oğlu.

Kaspi-Az – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 04.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçi: Vəliyev Azər Kalam oğlu.

Beynəlxalq Mətbuat Mərkəzi – 2003-2010-cu illərdə Fikrət Əmirov küç, 1 ünvanında fəaliyyət göstərib. Direktoru Vəliyev Azər Kalam oğludur.

“Kaspi Mətbuat Yayımı” MMC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.03.2004. Qanuni təmsilçi: Salmanov Süleyman Əli oğlu. Təsisçi: Bəlli deyil.

“Kaspi” qəzeti – təsisçisi Sona Vəliyevadır. Bundan əlavə, Həsənovlar ailəsinin Türkiyədə də biznesi var.

Əli Həsənovun oğlu KASPİ GLOBAL TURİZM İNŞAAT TAŞIMACILIK İTHALAT İHRACAT LİMİTED ŞİRKƏTİ şirkətinin 99%-lik sahibidir.

Şirkət Türkiyədə göydələnlər də daxil olmaqla yaşayış binaları tikmək üçün lisenziya sahibidir.

Və bu şirkətlərin siyahısı yayılanda “mən ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm” deyən Ə.Həsənov bu iqtidara, imkanlara, resurslara malik olduğu halda, bir qəzetə düşmənçilik edir, “Gündəm Xəbər”i nəşriyyatdan çıxarır, bir soruşmur ki, nə dəstək lazımdır…Axı sizə bu qəzet nə pislik edib, cənab Həsənov?!

Bənzər yazılar

Back to top button