ManşetSiyasət

ABSURD TEATRIN ƏLDƏQAYIRMA QƏHRƏMANI – “Qəzəbli qoca baş barmağını çənəsinə dirəyib oturub…”

Prezidenti Administrasiyanın keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev avqustun 28-də yazdığı son məqaləsində ölkə mətbuatını sərt tənqid edib.

O, Azərbaycan KİV-lərinin bir çoxunun davamlı olaraq nüfuzunu, auditoriyasını itirdiyini qeyd edərək, Ermənistanla informasiya müharibəsi şəraitində “yerli əhalinin belə etimad etmədiyi” KİV-lərə ümid etməyin mümkün olmadığını vurğulayıb. AMEA prezidenti məqaləsində media rəhbərlərini birbaşa hədəfə alaraq, yaranmış vəziyyətin onların bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlandığını iddia edib.

AMEA prezidentinin ittihamları müxtəlif reaksiyalara səbəb olub. Bəzi media rəhbərləri son 25 ildə ölkə mediasının üzləşdiyi bütün çətinliklərin səbəbkarı kimi Ramiz Mehdiyevi göstərib. “Medianın nüfuzdan düşməsi, siyasi rupora çevrilməsi, ciddi senzura və təzyiqlərə məruz qalması bilavasitə keçmiş PA rəhbərinin fəaliyyəti ilə bağlıdır”, – mediada əksini tapan cavab reaksiyalarında qeyd olunur.

“Kaspi” qəzetinin keçmiş baş redaktoru Natiq Məmmədli də “Facebook”-dakı hesabında yerləşdirdiyi yazısında R.Mehdiyevin ittihamlarına cavab verib. Keçmiş PA rəhbərinin baş redaktorlarla həftəlik planlaşmalarından xülasə təqdim edən tanınmış jurnalistin yazısı olduqca maraqlı məqamlara diqqət çəkib.

AzToday.az azpolitika.info-ya istinadən həmin yazını təqdim edir:

Absurd teatrın sevirəm. Özümün də iki pyesim var bu estetikada. Niyə sevirəm? Çünki absurdda dil önəmli deyil, daha doğrusu spesifikdi. Ayrılıqda məna ifadə eləməyən qırıq-qırıq səslər çıxardırsan, finala doğru bu qırıq səslər bütöv cümlədən daha bitkin fikri ifadə edir. İndi mən köhnə sövet radiosunun xışıltılı səsini xatırladan qırıx-qurux səslər təqdim edəcəm. Axıra çatan mənanı tutacaq. Elə absurdun ləzzəti də axıra çatmaq və ya axırına çıxmaqdı… Mötərzədə verilən fikirlər mənim deyil.

…1995-ci ildən üzü göy blaknotlar gəzdirirəm. İndi sayı 28 dənədi. Qəzetdə işləməyə başlayandan hara gedirəmsə, başıma nə oyun gəlirsə, bu göy üzlü blaknotlara yazıram. Yəqin axırda kitab edəcəm. Öz kitablarımı özüm yazıram.

…Cümədir. 3 may 2013-cü il. Prezident Administrasiyasındayam. Baxdığınız bu şəkil o vaxt çəkilib. Niyəsini bilirəm, amma mətləbə dəxli yoxdu. Əlçatmaz, müəmmalı, qəzəbli qoca baş barmağını çənəsinə dirəyib oturub. Nə qədər diqqətlə baxmağa çalışsam da, tutqun sifətində qeyri-müəyyənlikdən başqa heç nə oxuya bilmirəm.

… Bir nəfər tezisləri oxuyur. Adına tezis deyilən ölkə başçısının çıxışlarından sitatlardı, bir də bizim qəzetdə yazdıqlarımızın ayrı-ayrı hissələrini özümüzə oxuyurlar. (Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz).

… Cümədir… Qocanın əli çənəsindədi. Danışanda yavaş danışır. Göy üzlü blaknotuma heç nə yaza bilmirəm. Sadəcə hərflərin şəklini çəkirəm. Çünki qocanın on kəlməsindən beşi söyüşdü. Ölkədə ziyalı, yazıçı, bir sözlə abırlı adam buraxmır, yuyub sərir. Blaknotumda söyüşlərin yerində şəkillər çəkirəm. (Ziyalılarımızın təbliğat məsələsindəki rolundan söz düşmüşkən təəssüflə deməliyəm ki, onların aktivliyi arzuolunan səviyyədə deyil).

… Cümədir… Robinzon Kruzonun Cüməsinə dönmüşük… bu cümələrdə siyasi sayıqlığımız artır, qələmimiz itilənir, vətən sevgimiz güclənir, ermənilərə cavab vermək üçün zəncir gəmiririk, Azərbaycan həqiqətlərini dünyada tanıtmaq üçün az qalır xarakiri edək…

… Yuxardakı abzasdakı bütün fikrləri dırnaqda oxumaq lazımdı…

(Növbəti problem, heç şübhəsiz ki, təbliğatımızın elmi əsaslarının zəifliyidir).

… Cümədir… mən danışıram, reket qəzetlərdən birini müdafiə edirəm, daha doğrusu deyirəm ki, prokurorluq bütün məlumatı o qəzetə verir, biz də məcbur olub reket qəzetə istinad edirik. Ya onu qara siyahıdan çıxardın, ya da məlumatı özümüzə verin. O vaxtlar Elşad Abdullayev qalmaqalının şıdırğı dövrü idi. Çamadan, otvyorka söhbətləri… Əlçatmaz qoca iri dodaqlarını büzüb başını sağa və sola çevirir. Adamlar əvvəlcə qımıldanır, sonra əməllicə gülüşürlər. Hiss elədim ki, “quş” buraxdım. (Bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək əvəzinə… Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər).

…Cümədir… artıq “quş”larımın sayı çoxalıb. Gənclərin asudə vaxtının səmərəli keçirilməsindən söz düşəndə Azad Fikir Universitetinin formatını nümunə gətirirəm. Bu lap yekə “quş” olur. Növbəti cüməyə qədər AFU bağlanır və mənim üçün də cümələr qurtarır…

Bütün cümələrdə növbə mənə çatanda adıma “Xəzər” qəzetinin baş redaktoru Namiq deyir, bir neçə dəfə düzəliş vermək istəyirəm, “Kaspi” qəzetinin baş redaktoru Natiq, kar eləmir. Barışıram. Oluram Azərbaycanda çıxmayan qəzetin baş redaktoru, heç adım da özümün deyil. (Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik?)

…il 2014-dü. Noyabrın əvvəli. “Körpüdə ümid” romanım çıxıb. 211-lə başlayan nömrədən zəng gəlir. “Kitabını administrasiyaya da göndər, biz baxaq də”.

…2014, Dekabr. 211-dən zəng gəlir. “Sən kişinin haqqında tənqid yazmısan?” – soruşurlar. Mənim uşaq qəlbim. Avtomatik cavab verirəm “kişi kimdi?”… təsvir olunması çətin olan süküt. Söhbət 2004-cü ildə “Yeni Azərbaycan” qəzetində Ramiz Mehdiyev haqqında yazdığım tənqidi məqalədən gedir. 10 ildən sonra bunu niyə xatırladıblar, başa düşə bilmirəm. …”Yeni Azərbaycan” demişkən, bir dəfə Alqış Həsənoğlu məndən soruşdu “o yenə orda əlini çənəsinin altına qoyub çorta gedir?”, dedim “hə”.

…2015 gəlib, yanvardı. 211 hər gün irad tutur. “Xəzər?” qəzetinin birdən-birə oxucularının hamısı dönüb olur korrektor, senzura, hamı ancaq səhv axtarır.

…2015. Fevrala ancaq çata bilirəm. 211-dən səhər doqquzun yarısında zəng gəlir: “Bizə mötəbər obrazda baş redaktor lazım deyil, bizə fəhlə lazımdı”.

(Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar).

Telefonum susur. Adətən səsimi yazmaq üçün zəng edirlər. Çeynənmiş, bir-birini təkrarlayan tezisləri və içi boş fikirləri tirajlayan mətbuatda bütün qapılar üzümə bağlanır.

… Cümədir… qəfil zərbədən sarsılmışam. Sol əlim öz-özünə əsir. Həkimim infakt keçirdiyimi, lakin təhlükənin sovuşduğunu deyir. Müalicə alsam da, sol əlim arada bir hələ də əsir.

37 yaşım var. Hədələr o həddə çatır ki, gerçəkdən 37-ci ili yaşayıram. Özüm üçün yox, uşaqlara görə qorxuram.

İşsizlik müavinəti almaq üçün nazirliyə müraciət edirəm və altı ay müavinət alıram.

Qəzəbli qocanın həmişə kölgəsini qılıncladığı Azərbaycan Yazıçılar Birliyi və onun rəhbərliyinin təşəbbüsüylə, işdən çıxarıldığımı bilə-bilə yazıçı kimi mənə bir illik Prezident təqaüdü verirlər. Hələ də diri qalmağıma görə yaxşı adamlara dua edirəm.

… Cümədir… saat 21:03-dür. Elmlər Akademiyasının saytında Ramiz Mehdiyevin “Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür!”, məqaləsini oxuyuram.

… Kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir, – yazır. Bu fikirdən xoşum gəldi. Yeni “kuratorlar” kimdi bilmirəm, amma onu bilirəm ki, onlar ayaqlarını hara atsalar, orada bir vaxtlar cümə günləri basdırılmış səssiz bombalar partlayacaq.

…Vəssalam.

… Qırıx-qurux səslər başa çatdı. Mən də qəhrəman deyiləm. Absurd tamaşada qəhrəman olmur, hər şey əldəqayırmadı…

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button