Kəmaləddin Heydərov – İqtidar içində iqtidar

Print Friendly, PDF & Email

Fövqəladə hallar nazirinin “fövqəlmedia imperiyası” böyüyür. Kəmaləddin Heydərovun siyasi ambisiyaları gücləndikcə və mövqeyi möhkəmləndikcə öz iqtidarının qaykalarını bərkidir. Bununla bağlı yayılan məlumata görə, fövqəlnazir mediaya xərclədiyi kapital hesabına siyasi hakimiyyətini saxlamaqdadır. Hətta həmin media quruluşları o qədər şişib ki, Prezident Administrasiyanın himayəsini belə rədd edirlər.

Sözügedən media qrupların PA-dan gələn sifarişləri yerinə yetirmədiyi, K.Heydərovun icazəsi olmadan qeyri-mümkünlüyü cavabını verdiyi xəbər verilir. Bu da FHN şefinin media imperiyası ilə bağlı doldurulan blankın daha bir xanasına “quş” qoyulması ilə nəticələnib. Çünki son zamanlarda K.Heydərovun öz siyasi qüdrətini artırması və siyasi hakimiyyətə dirsək göstərməsi hiddət doğurub. Yuxarı eşelonda fövqəlnazirin öz siyasi hakimiyyətini qurması barədə giley-güzar edilir. Üstəgəl, PA-nın kurasiyasını qəbul etməyən və tapşırıqların icrasından imtina edən Heydərovun media quruluşları, sayt və portalları PA-nı “bıçaq sümüyə dirənib” həddinə çatdırıb.

Xirtdəyə qədər yığılan narazılığın nə zamansa qaynar qazan kimi daşacağı yaxud vulkan kimi partlayacağı qaçılmazdır. Bunun isə gerçək səbəbəri var. Siyasi iqtidardakı rəqiblərini üstələmiş və əzib keçmiş FHN şefi özü də PA-nın təlimatları ilə oturub-durmur. Onun tabe olduğu və bir sözünü iki eləmədiyi təkcə prezident İlham Əliyevdir. İddialar var ki, Kəmaləddin Heydərov Prezident xaric dövlətin bir çox üst qatı ilə, xüsusilə siyasi kursu müəyyənləşdirən kontingentlə hesablaşmır. Bütün bu nüanslar damla-damla toplanır və dosye şəklinə salınır.

Fövqəlnaziri arxayınlaşdıran bir amil isə Türkiyə və Rusiya prezidentlərinin barışmasında vasitəçilik etməsi olub.
İqtidarda öz iqtidarını qurduğunu zənn edən fövqəladə hallar naziri indi hakimiyyət daxilindəki kompomat savaşında əsas hədəfə çevrilib. Məlumatlı mənbənin verdiyi məlumata görə nazir yalnız özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiya prezidenti Putin ilə Ərdoğanın barışmasında Heydərovun da vasitəçiliyini etməsini qabartması bir çox mətləblərə işarə idi. Bu açıqlama həm daxili auditoriyada nazirin nüfuzunu qaldırmış oldu, həm də iqtidar daxilində bir çaxnaşma yaratdı. Onsuz da düşməni çox olan Heydərovun yatmış rəqibləri də baş qaldırdı.

Təxminən bu reaksiya ilə: necə, Kəmaləddin Putinlə Ərdoğanı barışdırıb? Yəni ki böyük dövlətin rəhbəri ilə əlaqələrdə çıxış imkanı var? Suallar çoxdur… Buna qədər isə Ərdoğanın sevimli aktyoru olan Necati Şaşmazın (Polad Ələmdar) nazirlə görüşü hansısa siyasi qanadın fövqəlnazirlə əlaqəli olduğunu xəbər verirdi. Düşmənləri isə bu faktoru heç cür həzm edə bilməzdi: əvvəla bir nazirin iki böyük qonşu ölkənin prezidentini barışdırmaqda rolu var, digər tərəfdən onun xalq içində müsbət imici formalaşıb. Üstəgəl, prezident İlham Əliyevin etibarlı kadrı olsa da, dövlət başçısının yox, özünün reklamı ilə məşğuldur. Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Bundan əlavə, onun hakimiyyətdən ciddi asılılığı yoxdur, sədaqətlə xidmət etsə də böyük beynəlxalq əlaqələri var, Rusiya və Türkiyənin çiyinlərində iqtidarda daha böyük yüksəlişə nail ola bilər. Bütün bu sadalanan məqamlar və türk baş nazir B.Yıldırımın mühüm açıqlaması ona diqqəti yönəltdi.

Çoxdandır ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan yazılmırdı. Bu susqunluq elə bir fon yaratmışdı ki, ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın. İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi. Məlum videoqalmaqalı, ardınca isə nazir müavini Rəfail Mirzəyevin gündəmə gətirilməsi artıq susqunluğun bitməsinə işarədir. General nazirin illərlə formalaşdırdığı imicini iflas etdirdi. Bu imici təzədən bərpa etmək çətin olacaq. Üstəlik, mediada faş oldu ki, FHN maxinasiyaları gerçəkləşdirməkdə başqalarından geri qalmır və K.Heydərov mətbu basqıları ilə bu faktların üzə çıxmasını gizlədib.

Murad Əhmədov

AzToday.az

...