“1000 nəfərlik kənddə də belə ölüm hadisələri baş verir” – SOCAR-dan neftçinin infarkt xəbərinə reaksiya

by Aztoday Xəbər Portalı

Bir müddətdir SOCAR-da işçilərin ixtisas dərəcələrinin aşağı salınması yolu ilə maaşlarının azaldılması məsələsi müzakirə olunur.

Bir neçə gün əvvəl MilliYol.Az-a açıqlama verən SOCAR-ın PR şöbəsinin əməkdaşı İbrahim Əhmədov dəyişikliklərin maaşları azaltmaq məqsədi güdmədiyini, ixtisas dərəcələrinin dünya standartlarına uyğunlaşdırılması ilə əlaqədar olduğunu bildirmişdi.

Amma belə görünür ki, “dünya standartları”na uyğunlaşma SOCAR-ın baş ağrısına çevrilir.

Belə ki, ötən gün “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sosial şəbəkədə yaydığı məlumata görə, ixtisas dərəcələrinin aşağı salınması nəticəsində, 2 neftçinin stress səbəbindən infarkt keçirdiyi, onlardan birinin isə hətta xəstəxanada həyatı ilə vidalaşdığı bildirilir.

“Təşkilatımıza daxil olan məlumatda bildirilir ki, 17 may tarixində 28 May NQÇİ-nin Kadrlar şöbəsində işləyən 12-ci dərəcəli mühəndis, 1970-ci il təvəllüdlü Bahar Qasımovanın vəzifə dərəcəsini 9-cu dərəcəyə endirdikləri üçün, keçirtdiyi stress nəticəsində onu infakt vurub. Xanımı vertalyotla xəstəxanaya aparıblar. Verilən məlumatda həmçinin Məxfi rejim və Hərbi səfərbərlik şöbəsinin işçisi Adıgözəlov Niyazinin də infarkt keçirtdiyi vurğulanır” – deyə ötən gün Mirvari xanım yazmışdı.

Bu gün yazdığı məlumatda isə bildirir ki, artıq xanım dünyasını dəyişib:

“Sizlərin güclü immunitenti olduğu üçün bəndə qorxunuz yoxdur, heç olmasa Allahdan qorxun. Onun cəzası isə ağır olacaq, olduqca ağır!
… Bahar Qasımovanın vəzifə dərəcəsini 9-cu dərəcəyə endirdiklərinə görə aldığı stressdən dünyasını dəyişmiş xanımın ölümünə indi elə açıqlama verəcəklər ki, ölümünə görə qadının özü müqəssir olacaq! Onu da qeyd edim ki, xanımın halı pisləşdiyi üçün onu iş yerindən xəstəxanaya aparmışdılar.
… Azneft rəhbərliyinə! Bahar Qasımova dünən Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) infarkt diaqnozu ilə qəbul olunub. Xanım infarktı iş yerində aldığı stressdən keçirdib, indi onun ailəsini himayəyə götürməyə borclusunuz! (Qeyd: MNX-da diaqnozu dəyişdirməyə cəhd etməyin. Şahid çoxdur)”.

Məsələ ilə bağlı rəsmi sorğumuza SOCAR-ın aldığımız yazılı açıqlamada isə Mirvari xanımın dediklərinin əksi söylənilir:

“SOCAR-da 52 min işçi çalışır. Halbuki cəmi 1000 nəfər sakini olan bir kənddə belə ölüm hadisələri vaxtaşırı baş verir. Əlbəttə, həmkarlarımızın itkisi bizim üçün acıdır. Bahar Qasımovanın vəfatına üzülən bütün neftçilər adından ona Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

Bahar Marif qızı Qasımova “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatınının Kadrlar şöbəsində 13-cü dərəcəli kadrların hazırlığı üzrə mühəndis vəzifəsində çalışmışdır. Bahar Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Mərhumun vəzifə dərəcəsinin dəyişməsi ilə bağlı hər hansı qərar verilməmişdir. Onun halının pisləşməsi iş prosesində yox, evdə baş vermişdir. Həmkarımızın ölümündən sui-istifadə edərək, SOCAR və Azərbaycanın neftçi ailəsinə nifaq salmaq, böhtan atmaq, imicinə xələl gətirmək cəhdlərini yolverilməz təxribat kimi qiymətləndiririk”- deyə rəsmi açıqlamada bildirilir.

Bənzər Yazılar