Hadisə

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan beş iş üzrə qərarları elan edib

İyulun 20-də Avropa İnsan Hüquqları Məhkəməsi hökumətin təktərəfli bəyannaməsi və tərəflərin dostca anlaşmaları əsasında çıxardığı 5 qərardadı elan edib.

“Azad Həsənov və Əbülfəz Sadıqov Azərbaycan qarşı” işində ərizəçilər Müsavat Partiyasının üzvü olduqlarına görə onlara qarşı əsassız cinayət təqiblərindən şikayətləniblər. Onlar Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci maddəsilə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) hüquqlarının pozulduğunun tanınmasını xahiş ediblər. Hökumət tərəfindən ərizəçilərin hüquqlarının pozulmasının tanınması nəzərə alınaraq, onların şikayətləri Strasburq məhkəməsi tərəfindən baxılan işlər siyahısından çıxarılıb. Eyni zamanda, hökumət hər bir ərizəçiyə mənəvi ziyan və məhkəmə xərclərini ödəmək üçün 3500 avro ödəməyi öhdəsinə götürüb.

“Ramin Əhmədli və başqaları Azərbaycana qarşı” işində tərəflər razılığa gəliblər.

Ərizəçilər Ramin Əhmədli, Bəşir Tarverdiyev, Nurlan Qəhrəmanlı və Xanov Musayev Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmə və toplaşma azadlığı) maddələrilə hüquqlarının pozulmasından, xüsusilə etiraz aksiyaları zamanı “qanunsuz” və “qeyri-proporsional müdaxilə”dən şikayət ediblər.

Dostca anlaşmanın şərtlərinə əsasən, hökumət Əhmədli, Tarverdiyev və Qəhrəmanlıya 2850 avro, Musayevə isə 3900 avro təzminat ödəməyə razılıq verib.

Oxşar iş üzrə müxalifətçilər Abdulla Mahmudov, Ramid Nağıyev, Orxan Salamzadə, Emil Salamov, Aydın İsayev və Vahid Məhərrəmov 2850 avro təzminat alacaqlar.

“İmran Əliyev Azərbaycana qarşı” işində ərizəçi onun hərəkət azadlığının qanunsuz məhdudlaşdırılmasından, əsasən də ölkədən çıxışına qadağa qoyulmasından şikayət edib.

Tərəflər razılığa gəliblər və Əliyev 1500 avro kompensasiya alacaq.

“Fidan Rüstəmova Azərbaycana qarşı” işində ərizəçi ödənilməmiş borclara görə ölkədən çıxışına qadağa qoyulmasından şikayət edib. Tərəflər dostca anlaşıblar, Rüstəmovanın ölkədən çıxışına qoyulan qadağanı ləğv edilməli və ona kompensasiya kimi 6000 avro ödənilməlidir.

Bənzər yazılar

Back to top button