Bizim seçimHadisəManşet

Müdafiə Nazirliyinin polkovniki ilə polis rəisi arasında qalmaqal: Zakir Həsənov DİN rəhbərliyindən nə istəyib?

Bu ilin yanvar ayında Mingəçevir şəhərində yol polisi əməkdaşları ilə Müdafiə Nazirliyinin polkovnik-leytinatı Elçin Musayev arasında biabırçı bir olay yaşanmışdı. Həmin olayda yol polisi əməkdaşları Elçin Musayevi saxlayaraq, avtomobilini cərimə meydançasına aparmışdı. Bundan sonra tərəflər arasında qalmaqal yaşandı. Məsələyə Daxili İşlər Nazirliyi qarışdı, polkovnik-leytinantı saxlayan Mingəçevir şəhəri yol polisi şöbəsinin rəis müavini Anar Allahverdiyev işdən çıxarıldı.  Olay ölkə mətbuatında işıqlandırıldıqdan sonra böyük ajiotajla qarşılandı. Tərəflər bir-birini ittiham etməyə başladı. Amma hadisədən 5 aya yaxın zaman müddət keçməsinə baxmayaraq hadisə ilə balı aparılan təhqiqat hələ də tam sona çatdırılmayıb. Bununla bağlı AzToday.az-a Mingəçevir şəhərindən  daxil olan şikayətdə bildirilir ki, yol polisi əməkdaşları yenə əvvəkli qanunsuzluqları etməkdə davam edirlər.  Belə ki, həmin zaman polis zabiti Anar Allahverdiyev işdən çıxarılsa da, Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli hələ də iş başındadır. Şikayətdə bildirilir ki, Müdafiə Nazirliyinin polkovnik leytinantı ilə yaşanan olayda əsas ittiham olunan şəxs məhz rəis Bəlyar Bəşirli idi.

Qeyd edək ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, Qarabağ veteranı Şəfa Zeynalov həmin insidentlə BakiPost.az-a etdiyi şikayətdə qonağı olan Elçin Musayevin avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparılmasından sonra polis tərəfindən döyüldüyünü bildirmişdi: Şəfa Zeybalovun bildirdiyinə görə, onu polisə apararaq, döyüblər, təhqir ediblər: “Məni döyən şəxs Dövlət Yol Polisi Mingəçevir şəhər alayının komandiri, polis polkovniki Balakişi Əhmədovun qohumu, yol polisi şöbəsinin rəis müavini Anar Allahverdiyev idi. Yanvarın 14-dən 15-nə keçən gecə 02:30 radələrində Mingəçevir şəhərinin yol polisləri bizə gələn dostum, Müdafiə Nazirliyinin polkovnik-leytenantı Elçin Musayevi saxlayıb. O heç bir yol hərəkəti qaydalarını pozmasa da, hadisə yerinə post patrul xidmətinin əməkdaşları çağırılıb. Yol polislərinin onları çağırmaqlarının əsas səbəbi dostumu şantaj etmək olub.

Dostumun saxlanıldığını bildiyim zaman onun yanında olan Mingəçevir şəhər DYP-nin müfəttişi Elnurla danışdım. Mənə dedi ki, bu, rəisin göstərişidir, maşının cəriməsi var. Səhər cəriməni ödəyəcəyimizi bildirsəm də razılaşmadı və maşını cərimə meydançasına apardılar.

Səhər polis şöbəsinə gedib Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli ilə görüşdüm. Maşının cəriməsini keçirmək üçün sənədləri istədim, amma sənədlərin polis müfəttişi Anar Allahverdiyevdə olduğunu dedi. Anar Allahverdiyev isə həmin gün işdə deyildi.

Səhəri gün cəriməni ödəmək üçün yenidən polisə getdik. Bizdən cərimənin nə qədər olduğunu müəyyən etmək üçün sürücülük vəsiqəsini istədilər. Növbəti dəfə Bəlyara zəng edim, bu haqda məlumat verdim. O da Anarın nömrəsini verdi. Anara zəng etdiyim zaman mənə gələ bilməcəyini, işinin olduğunu bildirdi. Daha sonra isə telefonda məni söyərək təhqir etməyə başladı”.

Şikayətçi həmçinin qeyd emişdi ki, A.Allahverdiyev onu hamının gözü qabağında döyüb və təhqir edib: “Anarın gəlməyəcəyini biləndən sonra yenə Bəlyarla danışdım. O da mənə şöbənin qarşısına gəlməyimi söylədi. Biz də getdik. Elə şöbənin qarşısında söhbət edirdik ki, kimsə məni arxadan yumruqla vurdu. Çönəndə gördüm ki, Anardır. Məni öz maşınına tərəf çəkdi. Hər kəs, hətta polislər belə ora yığışdı. Kimsə məni onun əlindən ala bilmədi. Sonra başımdan tutub sürüyərək şöbənin içərisinə apardı. Şöbənin rəisi də öz yerində oturub kameradan bütün baş verənləri görürdü. Polis şöbəsində mənə elə işgəncələr verdilər, elə təhqirlər etdilər ki, deməyə utanıram. Məni vurub stolun altına saldılar, şampan butulkasıyla hədələdilər.

Bütün bunların hamısı rəsinin gözü qarşında olub. O heç fikirləşmədi ki, mənim polisim şəhid ailəsinin üzvünü belə döyüb öldürür. Mən 4 il Qarbağda döyüşmüşəm. Qarabağda 24 yaxın adamım şəhid olub. Qarabağ veteranıyam”.

Şikayətçi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevin qəbulunda da olub:

“Generalın qəbulunda oldum. Hər şeyi danışdım. Sonra kamera görüntüləri incələndi. O özü də təsdiqlədi ki, həqiqətən, mənə qarşı qanun pozuntusu olub. Ona görə də işin aşardırılması üçün tapşırıqlar verdi. İndi mənə çatan məlumata görə, Anar Allahverdiyevi işdən çıxardırlar. Amma təkcə Anar yox, onun rəisi də cəzalanmalıdır”.

Şəfa Zeynalov hazırda Bəlyar Bəşirlinin və Anar Allahverdiyevin onu ölümlə təhdid etdiklərini bildirib: “Anar və Bəlyar mənə gizli nömrələrlə zəng vurub təhdid edirlər. Mənə deyirlər ki, səni öldürəcəyik. Ölümlə təhdid edirlər. İki gündür Bakıya qaçmışam. Bəlyar deyir ki, sənin başını kəsəcəyik. Buna görə də qorxumdan Bakıya gəlmişəm”.

Şəfa Zeynalov Mingəçevir şəhərində Dövlət Yol Polisinin işçilərinin hegemonluq etdiyini və qanunazidd hərəkətlərə yol verdiklərini vurğulayıb: “Yol polisi əməkdaşlarının demək olar ki, qanundan xəbəri yoxdur, onların gözlərini rüşvət yumub. Bu cür hərəkət tək mənə qarşı edilməyib. Bütün Mingəçevir xalqı onların belə hərəkətlərindən əziyyət çəkir”.

O məsələlərlə bağlı prezident İlham Əliyevə də müraciət etdiyini vurğulayıb.

Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli BakiPost.az-a açıqlamasında şikayətçinin dediklərini tamamilə təkzib edib. Bildirib ki, Anar Allahverdiyev Şəfa Zeynalovu döyməyib: “Saxlanılan avtomobilin üstündə həbs olub. Ödənilməyən cərimələrə görə 480 manat borc yığılıb. Ona görə maşın gecə ikən saxlanılıb və sürücü, Müdafiə Nazirliyinin polkovnik-leytenantı Elçin Musayevi sürücülük vəsiqəsindən məhrum edilib və maşın cərimə meydançasına aparılıb.

Yanvarın 15-i səhər hər ikisi mənim qəbulumda olublar. Mən də cərimələrin çıxarışını onlara vermişəm. Onlardan cəriməni ödəmələrini istədim. Amma hələ də cəriməni ödəməyiblər.

Mən rəis olaraq polkovnik-leytenanta qarşı humanistlik edib maşınını buraxdım. Amma onlar da etibarsızlıq edib, hələ də o cəriməni ödəmirlər.

Ümumiyyətlə, Anar Allahverdiyev onu döyməyib. Onlar yalnız bir-biriləri ilə telefonda danışarkən söyüşüblər”.

Bəlyar Bəşirli qeyd edib ki, nazirlik məsələ ilə bağlı araşdırma apardıqdan sonra Anar Allahverdiyev işdən çıxarılıb: “Daxili İşlər Nazirliyinin əməkdaşları polis şöbəsinə gəlib məsələni araşdırdılar. Şöbənin kameralarından çıxarışlar götürdülər. Amma döyülmə söhbəti yüz faiz olmayıb. Əgər Şəfa Zeynalov döyülmüşdüsə, niyə tibbi ekspertizaya getməyib? Yüngül xəsarətlər olsa belə getməli idi.

Artıq həmin məsələ ilə bağlı nazirlik tərəfindən əmr də verilib. Anar Allahverdiyev həmin vəzifədən kənarlaşdırılıb”.

O, Allahverdiyevin işdən çıxarılmasını davranışlarındakı qüsurlarla əlaqələndirib: “Mən də qəbul edirəm ki, Anar polis kapitanı kimi hərəkət etməli idi. O söyüş söyən adamlara qoşulmamalı, özü də söyüş söyüb, təhqirə əl atmamalı idi. Bizim işimiz hər kəsə nəzakətlə xidmət etməkdir. Bizi söyüb, artıq kəlmələr də deyə bilərlər. Amma biz yalnız ona qarşılıq olaraq raport yazıb məruzə etməliyik. Düzdür, Anar mənə məruzə edərək, vətəndaş tərəfindən ağır ifadələrlə təhqir olunduğunu bildirdi, mən də raport yazmasını istədim. O isə yazmadı, amma Şəfa yazdı”.

Rəis Şəfa Zeynalovun niyə bu addımları atdığını da bildirib. O iddia edib ki, şikayətçi dəfələrlə onoloji addımlar atıb: “O bununla qorxu yaratmaq, hər yerdə sözünün eşidilmisinə çalışır. Durun gəlin şəhərə, onun barədə soruşun. Ona görəcəksiniz, necə adamdır”.

Sayt yazır ki, B.Bəşirli Anar Allahverdiyevlə Şəfa Zeynalovun hər ikisinin təhqir və söyüşlər səsləndirdiyi telefon danışıqlarının səs yazısını redaksiyalarına təqdim edib: “Səs yazısından görünür ki, şikayətçi küçə söyüşləri ilə kimisə təhqir edir”.

Qeyd edək ki, sözügedən səs yazısı nədənsə hələ də ictimailəşdirilməyib.

Mingəçevir şəhərindən AzToday.az-a daxil olan məlumatda bildirilir ki, yaşanan olaya müdafiə naziri Zakir Həsənov səviyyəsində müdaxilə olunsa da Daxili İşlər Nazirliyinin rəhbərli Bəlyar Bəşirlini bu təzyiqlərdən qoruyub. Belə ki, Zakir Həsənov polkovnik Elçin Musayevin avtomobilin qanunsuz olaraq cərimə meydançasına aparan yol polisi əməkdaşlarının cəzalandırılmasını Daxili İşlər Nazirliyinin rəhbərliyindən xahiş edib. Ancaq buna baxmayaraq təkcə rəis müavini A. Allahverdiyev işdən çıxarılıb. Rəis Bəlyar Bəşirli başda olmaqla hadisə iştirakçıları olan başqa yol polisi əməkdaşları cəzalandırılmayıb. Şikayətçilərin intensiv olaraq dövlət başçısı başda olamaqla müvafiq qurumlara etdiyi şikayətlərə adekvat reaksiya verilməyib. Məlumatda bildirilir ki, hadisə iə bağlı təhqiqatın hələ sona çatmamasının səbəbi də davamlı şikayətlərdir. Və ən əsası da bu işdə polkovnik Elçin Musayevə dəstək verən Zakir Həsənovun polis əməkdaşlarının ciddi cəzalandırmasını tələb etməsi  olub.

Məlumatlardan görünür ki, yaşanan biabırçı olay sona kimi araşdırılmayıb: Yalnız polis zabiti A. Allahverdiyev işdən çıxarılıb. Başda rəis Bəlyar Bəşirli olmaqla başqa yol polisi əməkdaşları barədə tədbir görülməyib. Başqa tərəfdən isə əgər Bəlyar Bəşirlinin mətbuata verdiyi açıqlamasında dediyi kimi polkovnik-leytinantın hadisədə günahı olubsa və şikayətçi Şəfa Zeynalov polislə bağlı böhtana yol veribsə onda hər iki şəxs qanunla cəzalanmalı idi. Məlumatda bildirilir ki, nə Elçin Musayev, nə də Şəfa Zeynalovla bağlı heç bir qanuni tədbir görülməyib. Bu da yaşanan biabırçı olayda Mingəçevir şəhərinin yol polisi əməkdaşlarının günahkar olduğunu deməyə əsas verir…

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Samir Əhmədov

Bənzər yazılar

Back to top button