Hadisə

Polisin ölümünə səbəb qəzanı Kəbirə Məmmədovanın qardaşı oğlu törədib – FOTO, VİDEO

Ekspert: “Qəzanın baş verməsinə əsas səbəbkar “Porshe”nin sürücüsüdür; burada hər iki sürücünün günahı bərabər tutula bilməz”
Ölkədə bir ay ərzində 3-cü dəfə “Porsche qəzası” baş verdi. Qəzanın qurbanı isə bu dəfə polis əməkdaşı oldu. Hadisə mayın 30-da paytaxtın Səbayel rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Səbayel Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porshe” markalı maşınla toqquşub. Nəticədə isə bir polis əməkdaşı dünyasını dəyişib.
Səbayel Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo”ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı “Porsche Cayenne”i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlunun idarə etdiyi məlum olub.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur: “Mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi ”Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbayel Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib”.
Hadisə baş verdikdən sonra sosial şəbəkələrdə qəza anının videogörüntüləri yayıldı. Yayılan görüntülərdən belə aydın olur ki, Polis Patrul Xidmətinin avtomobili getdiyi yerdə anidən qoşa xətti tapdalayaraq geriyə dönmək istəyib. Arxadan qoşa xətti tapdalayıb, əks zolağa çıxaraq yüksək sürətlə gələn “Porshe” markalı avtomobilin sürücüsü isə dönmək istəyən polis avtomobilini vurub. Polis avtomobili dönən zaman “Porsche” son anda qəzadan yayınmağa cəhd etsə də, buna müvəffəq ola bilməyib.


Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a bildirdi ki, görüntüdən aydın olan budur ki, hər iki tərəf yol hərəkəti qaydalarını pozub: “İstintaq araşdıracaq ki, polis avtomobilinin sürücüsü və ya digər sürücü hərəkət qaydalarını pozmasaydı, nə baş verərdi. İstintaqın qarşısında duran əsas vəzifə kimin günahının nə dərəcədə olduğunu aydınlaşdırmaqdır. Çox güman ki, hər iki sürücüyə ittiham veriləcək. Qətiyyən ola bilməz ki, ”Porsche”nin sürücüsünə cəza verilməsin. Çünki qəzanın baş verməsinə əsas səbəbkar “Porshe”nin sürücüsüdür. Sürücü ikiqat ötmə edib və qoşa xətdən sol tərəfə çıxaraq kobud şəkildə yol hərəkəti qaydalarını pozub. Ona görə də hər iki sürücünün təqsiri olsa da, bu, heç zaman bərabər tutula bilməz”.


Ekspertlər bildirirlər ki, əslində polis qoşa xətti tapdalayaraq geriyə dönə bilər. Ancaq bunun üçün o, qanuna müvafiq olan addımları atmalıdır. Belə ki, qanuna görə, polis əgər qoşa xətti xidməti zərurət yarandığı üçün tapdalayırsa, o zaman xüsusi siqnaldan və işıqdan istifadə etməlidir. Bu isə yalnız əməliyyat tapşırığı gələn zaman və polisin dərhal geri dönməyə məcbur olduğu vaxt baş verə bilər. Başqa hallarda isə polis də sürücü olduğu üçün qaydalara əməl etməlidir. Əgər xidməti zərurətdən geriyə dönməyibsə, hər bir halda (işığı yandırıb, siqnaldan istifadə etsə də) polis məsuliyyətə cəlb olunmalıdır.


Hadisə ilə bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Yenicag.az saytının məlumatına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmatologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.


Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

Bənzər yazılar

Back to top button