Bu gecədən Bakıda “Formula 1”lə bağlı bəzi məhdudiyyətlər qüvvəyə minir

Print Friendly, PDF & Email

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirir.

BŞH-dən daxil olan məlumata görə, hazırda trek ətrafında təhlükəsizlik baryerlərinin, əlavə qoruyucu hasarların və tribunaların quraşdırılması işləri və həmçinin trek boyunca asfalt örtüyündə təmir-bərpa işləri aparılır. Şəhərin mərkəzi küçələrində nəqliyyatın və piyadaların hərəkətində fasilələrin yaranmaması üçün işlər adətən gecə saatlarında həyata keçirilir.

Bu səbəbdən şəhər sakinlərindən xahiş olunur ki, işin gedişatına maneçilik törətməmək üçün avtomobillərini 1-25 iyun tarixləri ərzində saat 22:00-dan 06:00-dək trekin keçdiyi bütün küçələrdə, xüsusən də Xəqani, İstiqlaliyyət və Əziz Əliyev küçələrində və həmçinin Qoşa Qala Qapılarının qarşısındakı hissədə saxlamasınlar, əvəzində alternativ parklanma yerlərindən istifadə etsinlər. Əks halda yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzrə istəyir, mövsümün ən baxımlı Formula 1 yarışının ərsəyə gəlməsində göstərdiyi əvəzolunmaz dəstəyə görə dərin minnətdarlığını bildirir.

...