Azərbaycanda və dünyada: bir buzova 100, uşağa 95 manat (ŞƏRH/SİYAHI)

Print Friendly, PDF & Email

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar dünyaya gəldiyi gündən valdeynləri ilə yanaşı, dövlətin qayğası və nəzarəti altında olmalıdır. Gələcəyimiz hesab olunan balacaların yaşaması, daha yaxşı təhsil alması üçün ailə qədər, dövlətin də qayğası vacibdir.

Dünyanın əksər ölkələrində uşaq pulu və doğuşa görə sosial müavinətlər verilir və bir çox ölkədə bu, uşaqların yaxşı səviyyədə yaşaya, lazımı səviyyədə təhsil ala biləcəyi məbləğdədir. Azərbaycanda da uşaq pulu və doğuşa görə sosial müavinətlər verilir, amma bu məbləğ o qədər azdır ki, bununla heç bir problemi həll etmək mümkün deyil.

Nəzərinizə çatdıraq ki, doğuşa görə müavinət olaraq ailəyə bir dəfəlik 95 manat ödənilir. Uşaq pulunun alınması üçün isə kriteriyalar fərqlidir və bunu heç də bütün ailələr ala bilmir. Bir sözlə, bu sahədə vəziyyət acınacaqlı səviyyədədir.

Məsələni “Qaynarinfo”ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli də bu fikirdədir. Ekspert hesab edir ki, bu sadədə kifayət qədər boşluqlar var və müvafiq dövlət qurumları öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir: 

“Azərbaycanda uşaqların hüquqları, onların ödənişləri, sosial həyat şərtləri ilə bağlı görüləsi kifayət qədər işlər var. Biz hələ inkişaf etmiş ölkələr səviyyəsinə nəyinki çatmamışıq, heç yaxınına da düşməmişik. Həmin ölkələrdə uşaqlarla bağlı aparılan sosial layihələr Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bizdə doğuşa görə verilən müavinət təxminən 95 manatdır, halbuki bu məbləğ digər ölkələrdə, həmçinin bizimlə qonşu olan ölkələrdə dəfələrlə yüksəkdir. Bundan başqa uşaqların 16 yaşına çatan qədər tibbi sığortasını dövlət təmin etdiyi halda, Azərbaycanda ümumiyyətlə bununla bağlı hələ ki, heç bir addım atılmır. Halbuki, bu, çox vacib amildir. Əslində hər bir uşaq 16 yaşına qədər tam pulsuz və keyfiyyətli tibbi xidmət almalı, bunu da dövlət həyata keçirməlidir.

Çoxuşaqlı ailələrə verilən müavinətlər həddindən artıq aşağı səviyyədədir, bunun dəfələrlə artırılmasına ehtiyac var. Bundan başqa əsasən aztəminatlı ailələrdə böyüyən uşaqlara həm dövlət, həm də cəmiyyət tərəfindən sosial dəstək və sosial məsuliyyət aşılanmalıdır. Dövlət biznes strukturlarını, vətəndaş cəmiyyətlərini uşaqların problemləri ilə məşğul olmağa yönləndirməli, bunun müqabilində də həmin şirkət və təşkilatlara stimul verilməlidir. Bu, müəyyən vergi güzəştləri, üstünlüklər, uzunmüddətli və aşağıfaizli kreditlərə çıxış imkanı şəklində ola bilər. Təəssüf ki, dövlətin müvafiq qurumları öz üzərinə götürdüyü vəzifələri sona qədər yerinə yetirə bilmir. Bu sahədə qonşu ölkələrdən belə geri qalmağımız heç də xoş deyil.

Azərbaycanda cins buzova görə fermerə doğulan uşağa verilən müavinətdən çox, yəni 100 manat verilir ki, bu, çox biabırçı bir haldır. Uşaq pullarının verilməsi prosedurları da çox çətindir. Buna görə, müavinətlərin məbləğinin artırılması ilə yanaşı, bundan istifadə edəcək ailələrin onu alması üçün prosedurlar da asanlaşdırılmalıdır”.

Yuxarıda da qeyd etdik ki, dünyanın əksər ölkələrində uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlər Azərbaycandan dəfələrlə yüksəkdir. Bunu sübut edən faktları təqdim edirik: 

Rusiya

143 milyona yaxın əhalisi olan Rusiyada insanların sayı hər il 700 min nəfər azalır. Bu səbəbdən prezident Vladimir Putinin göstərişi ilə valideynləri uşaq sahibi olmağa təşviq etmək məqsədilə ölkədə hər doğulan körpəyə 9 min dollar verilməsi barədə qanun layihəsi qəbul edilib. Əlavə olaraq uşaqlara görə ailələrə maddi yardım edilir.

Danimarka, Hollandiya və Finlandiya

Danimarka, Hollandiya və Finlandiyada uşaq dünyaya gələndə ana ilə bərabər atalara da 10 həftəyə qədər maaşlı məzuniyyət verilir.

Şimali Kipr

Bu ölkədə ikinci uşaqdan sonra dünyaya gələn hər körpə üçün ailəyə 20 min lirə (təxminən 10 min manat) yardım verilir.

İsveç

İsveçdə hər uşaq üçün ailəyə ayda 106 avro (təxminən 200 manat), dördüncü uşağa görə isə 190 avro (təxminən 360 manat) müavinət verilir. Bundan başqa uşaq dünyaya gətirən anaya 15 ay maaşlı məzuniyyət verilir.

Böyük Britaniya

Böyük Britaniyada ilk uşaq üçün ailələrə 84 funt-sterlinq (təxminən 185 manat), digər uşaqlar üçün isə 55 funt-sterlinq (təxminən 120 manat) aylıq müavinət verilir. Yəni 3 uşağı olan bir ingilis ailəsi ildə təxminən 3500 manat dövlət dəstəyi alır.

İspaniya

Əhalinin sayının sürətlə azaldığı matadorlar ölkəsi qadınlara ana olmaları üçün 2500 avro (təxminən 5000 manat) yardım təklif edir.

Almaniya

Bu ölkədə vətəndaşa 25 yaşına qədər dövlət baxır. İlk iki uşaq üçün ailəyə hər uşağa görə 184 avro (təxminən 350 manat), üçüncü uşaq üçün isə 190 avro (təxminən 360 manat) aylıq müavinət verilir.

Fransa

Ölkədə yeni doğulan körpəyə uşaq pulu ilə yanaşı gələcəkdə təhsili üçün də əlavə yardım verilir və bundan başqa mənzillə də təmin edilir. Belə ki, tək uşağa görə 320 avro (təxminən 610 manat), iki üşaq üçün 430 avro (təxminən 820 manat), üç uşaq üçün isə 540 avro (təxminən 1000 manat) aylıq müavinət verilir. Bu yardım universiteti bitirənə qədər davam edir. Bundan əlavə uşaq dünyaya gətirən ana üçün 16 həftəlik maaşlı məzuniyyət də verilir.

...