Cəmiyyət

“İslahatlar Prezident Administrasiyasındakı struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq”

“Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək”.
Bu fikri Gununsesi.info-ya millət vəkili Əli Məsimli Prezident Administrasiyasında həyata keçirilən islahatlara mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan resessiyadan keçməklə öz inkişafının yeni mərhələsinə keçir. “Bu mərhələnin öz problemləri, öz tələblərı, öz çağırışları var. Həmin çağırışlara zamanında və dolğun şəkildə cavab verməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində köklü, sistemli, demokratik islahatlar tələb olunur. Həm də islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək, islahatların keyfiyyəti və səmərəli nəticələri həmin problemlərin vurduğu ziyandan çox olmalıdır. Həmin islahatlar içərisində dövlət idarəetmə sisteminin fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması həlledici rol oynayır. Bu baxımdan, Prezident Administrasiyasındakı islahatları müsbət qiymətləndirirəm”- deyə, millət vəkili vurğulayıb.
Ə.Məsimli bildirib ki, əvvəlki mərhələyə uyğun olan, dövrünü çoxdan başa vurmuş idarəetmə sistemindən daha işlək idarəetmə sisteminə keçilir: “Həmin islahatlar həm də müəyyən dərəcədə kadr islahatları ilə paralel həyat keçirilir. Düşünürük ki, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmısinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları,bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Yaxşı olar ki, nazirlik, dövlət komitələri, idarə, xidmət digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturun aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyata keçirilməsi və sair istiqamətlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atılsın”.
Millət vəkili ümid edir ki, sözügedən islahatlar ölkədə idarəetmə sistemində şişirdilmiş aparat probleminin aradan qaldırılmasına, dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən “çevik və kiçik hökumət”modelinə keçilməsinə, bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünməsi hallarının aradan qaldırılması, koordinasiya işinin səmərəliliyinin artırılmasına və məlum problem və çatışmazlıqların aradan qaldırılamsının sürətləndirilməsinə xidmət edəcək.
“Ona görə ki, struktur və kadr islahatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfələrlə ölçülməlidir. İdarəetmənin təşkilatı srtukturunun təkmilləşdirilməsinə yönələn islahatlar prosesində həqiqətən öz işini yükəsk səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı, istedadlı, perspektivli gənc kadrların da rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir”- deyə, millət vəkili bildirib.

Bənzər yazılar

Back to top button