Analitika

Ticarətdə şəbəkələşmə: Avropada 80 faiz, Azərbaycanda…

Ötən əsrin ortalarından etibarən pərakəndə satış bazarında başlanan sürətli şəbəkələşmə-qloballaşma dünyanı getdikcə daha çox öz təsirinə almaqdadır.

İnkişaf etmiş ölkələrdə şəbəkə ticarəti pərakəndə ticarətin 70-95 faizə qədərini əhatə edir. Rusiyada bu rəqəm 50 faizə yaxınlaşır. Skandinaviya ölkələrində, Böyük Britaniyada bu rəqəm 90 faizdən yuxarıdır. Böyük Britaniyanın daxili bazarının 86 faizi 4 nəhəng şəbəkənin əlindədir, Almaniyada 5 şəbəkə bazarın 65 faizinə, Fransada eyni sayda şəbəkə 85 faizinə nəzarət edir.

Azərbaycanda pərakəndə ticarətin həcminə dair statistikada, təəssüf ki, bu göstəriciyə rast gəlinmir. Bizdə yalnız ötən ildən etibarən pərakəndə ticarət şəbəkəsində məhsulların dəyər ifadəsində fərdi sahibkarlar, hüquqi şəxslər və bazar-yarmarkalarda satışına dair məlumat qeydə alınır. Dövlət Statistika Komitəsinin açıqladığı həmin məlumatdan aydın olur ki, 2016-cı ildə 30,2 milyard manatlıq pərakəndə satışın 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda həyata keçirilib.

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, Azərbaycanda pərakəndə satışın ümumi həcminin 21 faizi şəbəkələrin payına düşür.

Dünya pərakəndə ticarəti: tendensiyalar nə deyir

Böyük Britaniyanın “Deloitte Touche Tohmatsu Limited (DTTL)” şirkətinin “Dünya pərakəndə ticarəti” adlı hesabatından aydın olur ki, 2015-ci maliyyə ilində (şirkətlər üçün 2016-cı ilin iyununda başa çatan il) bütün çətinliklərə baxmayaraq, dünyada fəaliyyət göstərən 250 iri ticarət şəbəkəsinin satış həcmi 4,3 trilyon dollara çatıb. Bu, hər şəbəkəyə orta hesabla 17,2 milyard dollarlıq satış həcmi deməkdir.

Şirkətin tərtib etdiyi “TOP-250”-yə ABŞ-ın WallMart şirkəti başçılıq edir – 482,132 milyard dollarlıq dövriyyə, dünyanın 30 ölkəsində hipermarket, supercenter və superstore tipli satış nöqtələri ilə.

Ondan sonrakı yeri tutan digər ABŞ şirkəti Costco Wholesale Corporation-un satış həcmi 116,199 milyard dollara, işlədiyi ölkələrin sayı isə 10-a bərabərdir. Ümumiyyətlə, siyahıdakı ilk onluğa daxil olan şirkətlərin 6-sı ABŞ mənşəlidir. Qalan 4 şirkətin 2-si Almaniyaya, 1-i Böyük Britaniyaya, 1-i isə Fransaya məxsusdur. MDB-dən yalnız Rusiyanın 2 şirkəti bu siyahıya düşə bilib. Türkiyə isə 1 şirkətlə təmsil olunur. Son illərdə ticarətdə şəbəkələşmə sahəsində böyük yüksəlişin qeydə alındığı Çin şirkətlərinin siyahıda sayı isə getdikcə artmaqdadır.

Maraqlıdır ki, TOP 250-yə daxil olan şirkətlərin böyük əksəriyyəti ərzaq və gündəlik tələbat mallarının satışı sahəsində çalışanlardır.

Son illərdə dünyada pərakəndə ticarətin şəbəkələşməsi prosesində ciddi dəyişikliklər qeydə alınıb. Belə ki, super və hipermarketlərlə yanaşı, molların yaranması prosesi sürətlənib. Əvvəlki 2 satış formasından fərqli olaraq moll həm satış, həm xidmət, həm də əyləncəni bir yerdə cəmləməyə imkan verir ki, bu da müştəri uğrunda gərgin mübarizənin getdiyi bazarlarda ciddi üstünlük yaradır. Mollar turizmin inkişaf etdiyi ölkələrdə daha yüksək effekt verməkdədir.

Şəbəkə-satıcılar bundan əlavə, internet üzərindən satışı da öz nəzarətlərinə almaqdadırlar – dünya elektron ticarətinin 60 faizdən yuxarısı onların payına düşür. Yüksək texnologiyaların tətbiqi, alıcı məmnunluğunun yüksək səviyyədə təmini bu həcmin getdikcə artacağını göstərir.

Dünyada pərakəndə ticarətin şəbəkələşməsi həm də bazarda diqtə edənlərin yerdəyişməsinə gətirib çıxarıb. Belə ki, 5 il əvvələdək bazar araşdırmalarını istehsalçılar aparıb, satış istiqamətləri və inkişaf tendensiyalarını onlar müəyyənləşdirirdisə, artıq bu sahə demək olar ki, tamamən satıcı-inhisarçıların nəzarətindədir. Kütləvi tələbat mallarının istehsalı getdikcə daha çox satıcıların əlinə keçməkdədir və bu, dünya pərakəndə ticarətində son illərdə qeydə alınan ən böyük problemlərdən biri hesab olunur.

“Şəbəkə ticarəti”ndən ən çox qazanan…

Ticarətdə şəbəkələşmənin “alver” prosesinin iştirakçısı olan istehsalçı-alıcı-istehlakçı, satıcı-sahibkar və bu prosesi tənzimləyən dövlət üçün bir sıra üstünlükləri var.

Satıcı-sahibkar daha çox yerdə satış nöqtəsinə sahib olmaqla daha çox mal satmaq, yəni daha çox qazanmaq imkanı əldə edir. Bu zaman sahibkar topdansatış nöqtələrindən böyük həcmdə və daha ucuz qiymətə mal ala bilir ki, onu da öz şəbəkəsində digər mağazalara nisbətən bir qədər ucuz satmaqla rahatlıqla müştəri yığır.

İri şəbəkələrin paylama-logistika imkanları böyük olduğu üçün məhsulu birbaşa yerində – istehsalçının özündən alır. Bu isə istehsalçını maddi və vaxt baxımından böyük bir yükdən – məhsulunu paylamaq qayğısından azad edir. Beləliklə, istehsalçı yalnız istehsala fokuslanmaq imkanı əldə edir. Bir neçə şəbəkənin olması istehsalçı üçün seçim imkanı yaratmaqdan əlavə, onun şəbəkələr arasındakı rəqabətdən istifadə edərək məhsulunu daha baha qiymətə satmasına gətirib çıxarır.

Çoxsaylı iri ticarət nöqtəsinin – super və hipermarketlərin, molların olması bir neçə baxımdan dövlətə xeyirlidir. Birincisi budur ki, böyük obyektlərdə xırda və orta mağazalardan fərqli olaraq daha çox sayda insan etibarlı işlə təmin olunur – işsizlik probleminin həllinə töhfə verir. İkinci bir tərəfdən, belə şəbəkə mağazalarında işləyənlərlə qanuni əmək müqavilələri imzalanır ki, bu da vergi və sosial ödənişlərin həcminə müsbət təsir göstərir. Nəhayət, vahid mərkəzə bağlı şəbəkələrin yaranması vergi orqanları üçün sərfəlidir – çoxsaylı xırda ödəyicilər əvəzinə 1 iri ödəyici ilə işləmək vaxt və insan resursu baxımından vergi orqanları üçün daha əlverişlidir.

Pərakəndə ticarətin şəbəkələşməsindən ən çox qazanan istehlakçı olur desək, yəqin ki, yanılmarıq. Belə ki, Azərbaycan təcrübəsinə baxdıqda görürük ki, iri supermarketlərin gəlişi ilə ölkədə ilk dəfə olaraq müasir satış-xidmət mədəniyyəti formalaşdı – mallar nizamla, tipinə uyğun (təsərrüfat, ərzaq, içki, bir çox hallarda tekstil və sair) ayrı-ayrı piştaxtalara düzülür, çeşidlər bol olur, alıcı özünə sərf edən qiymətə olan malı seçmək imkanı qazanır. Bu, həm də insanlarda müasir alıcı mədəniyyətinin formalaşması üçün imkan yaradır.

İstehlakçının supermarketlərdə alış-verişdən daha bir və ən əsas qazancı qiymətə bağlıdır: burada eyni malı xırda və orta mağazalardakından daha ucuz almaq olur. Alınan hər malda 5 qəpik belə fərq olursa, aylıq istehlakı nəzərə aldıqda, bu, kifayət qədər böyük məbləğ edir.

İstehlakçı iri supermarketlərdən mal alarkən, həmçinin onun keyfiyyəti ilə bağlı inamlı olur – ən azı ona görə ki, bu obyektlərdə alver gur olduğu üçün malların qalaraq köhnəlməsi halına çox nadir rast gəlinir. Bundan əlavə, iri supermarketlər adətən iri təchizatçılarla işləyirlər ki, bu da bir çox hallarda alınan məhsulun keyfiyyətinə zəmanətə bərabər olur.

Bu rahatlıqlara baxmayaraq, pərakəndə ticarətin şəbəkələşməsi bir sıra təhlükələr də yaradır. Bunlardan birincisi, inhisarlaşmadır. Satış bazarının məhdud sayda satıcının nəzarətində olması, iri istehsalçının həm də satıcı qismində çıxış etməsi inhisarçı-satıcıların meydana gəlməsi deməkdir. İnhisarçı-satıcı isə həm istehlakçı üçün təhlükədir, həm də dövlət üçün.

Qeyd edək ki, hazırda Azərbaycanda bu sahədə vəziyyəti inhisarlaşma kimi qiymətləndirmək mümkün deyil. Əvvəla, şəbəkələşmə demək olar ki, yalnız Abşeron yarımadasındadır – digər regionlarda bu proses çox zəifdir. Digər tərəfdən, hətta Bakının özündə belə pərakəndə satışın çox böyük hissəsi xırda və orta mağazaların, bazar və yarmarkaların payına düşür.

Son 2 ildə baş verən devalvasiyalar nəticəsində əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşdüyü üçün bu sektorda rəqabət də artıb – supermarket şəbəkələri arasında bunu daha aydın hiss etmək olur. Bu şəbəkələr dünyada tətbiq olunan bir sıra metodlardan (bonus kartları, uduşlar, ucuz və kiçik həcmli məhəllə marketlərinin yaradılması və sair) yararlanaraq müştəriləri cəlb etməyə çalışırlar.

Regionlarda şəbəkələşmə

Adambaşına düşən pərakəndə ticarət dövriyyəsinin həcmi 2015-ci ildə ölkə üzrə 2699,2 manat, Bakı üzrə isə 2 dəfədən də çox – 5838,99 manat olub. Belə kəskin fərqlənmənin əsas səbəbi Bakıda əhalinin alıcılıq qabiliyyətinin regionlara nisbətən daha yüksək olmasıdır. Eyni zamanda burada iri supermarket, mazağa və molların çoxluğu da mühüm rol oynayan faktordur: pulun olması ilə yanaşı, onunla əldə edilməsi mümkün olan məhsulların əlçatan olması da vacib amildir.

Regionlarda şəbəkə supermarketlərinin ümumi sayı heç 20-yə belə çatmır. Belə ki, hazırda regionlara ən çox açılan 2011-ci ildə “Ramstore”nin bazasında yaradılan “Bazarstore” şəbəkəsidir: Bakıda 16 marketi var, 7 market isə regionlardadır – Sumqayıt, Mingəçevir, Gəncə, Bərdə, İmişli, Zaqatala, Şəki.

Bundan əlavə, “Makromart”ın Şəmkir, Masallı, Lənkəran və Mingəçevirdə, “Favorit”in Qubada marketləri var.

Sırf Bakı və Abşeron rayonu üzrə “Rahat”, “Araz”, “Fresco”, “Səbət” və “Bizim Market” marketlər şəbəkələri fəaliyyət göstərir.

Göründüyü kimi, şəbəkələrin regionlara açılımı çox zəifdir. Bu, bir tərəfdən regionlarda əhalinin alıcılıq qabiliyyətinin aşağılığı ilə bağlıdırsa, digər tərəfdən də Bakıda genişlənmə və daha rahat qazanca işləmək imkanlarının mövcudluğundan irəli gəlir – sahibkarlar daha az maliyyə və resurs sərf etməklə paytaxtın hələ böyük hissəsi şəbəkələrin nəzarətində olmayan bazarında möhkəmlənməklə məşğuldurlar.

2010-cu ildən sonra regionlarda şəbəkə marketlərinin yaradılması sahəsində müəyyən canlanma qeydə alınsa da, son 2 ildə baş verən böhranla bağlı bu proses demək olar ki, tamamən dayanmış vəziyyətdədir. Böyük ehtimalla, yeni canlanma bütövlükdə ölkə iqtisadiyyatının böhranın təsirlərindən çıxma tempinə bağlı olacaq: yaxın 1-2 il ərzində regionlarda turizmin inkişafı, sənaye zonaları və sair planların reallaşması istiqamətində real nəticələr əldə olunarsa, böyük ticarət şəbəkələrinin regionlara açılımı da yenidən canlana bilər.

Burada dövlət tərəfindən regionlarda işləyən şəbəkələrə müəyyən güzəştlərin edilməsi də rol oynaya bilər. Vergilər Nazirliyindən verilən məlumata görə, şəbəkə ticarətçilərilə işləmək onlara sərf edir: iri vergi ödəyiciləri ilə işləmək daha rahatdır – vaxt və resurs baxımından. Lakin Azərbaycanda xüsusi olaraq belə ödəyicilər üçün hansısa güzəştlər tətbiq olunmur, qanunvericilikdə belə differensasiya nəzərdə tutulmur.

Supermarket sahiblərinin təklifi əsasında 2017-ci ilin yanvarından kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması qaydası dəyişib. Belə ki, yeni qaydaya əsasən bu məhsulların satışından ƏDV bütün satış həcmindən deyil, yalnız ticarət əlavəsindən hesablanır.

Qeyd edək ki, şəbəkə ticarətçilərinin hazırda üzləşdiyi ciddi problemlərdən biri kommunal xidmətlərə çıxışla bağlıdır. Belə ki, qanunvericilikdəki bəzi boşluqlar üzündən bir çox hallarda həm onlar, həm də digər sahibkarlar elektrik, su, kanalizasiya, qaz sisteminə qoşulmaq üçün on minlərlə manat xərc çəkməli olurlar. Bu isə son nəticədə satılan malın dəyərinə oturaraq, qiymətlərin artmasına səbəb olur. Bu baxımdan, biznesin qeyd olunan xidmətlərə qoşulması prosesinin asanlaşdırılmasına ciddi ehtiyac duyulur.

Dünya SAKİT

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button