QHT-lərin fəaliyyətinin hüquqi problemləri və həlli yolları

Print Friendly, PDF & Email

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaxşılaşdırılması öz gündəm əhəmiyyətini saxlayan məsələlərdəndir. QHT-lərin fəaliyyət sərbəstliyini əngəlləyən problemlərin bir çoxunun məhz hüquqi bazadan qaynaqlandığı bu sektorun təmsilçiləri tərəfindən vaxtaşırı dilə gətirilir. Bu sahədə şəffaflığın artırılması və QHT idarəeməsinin təkmilləşdirilməsi adı altında son illərdə bu bazaya edilmiş dəyişikliklər ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir, bir çox hallarda isə problemlərin daha da dərinləşməsinə xidmət etdiyi fikrini möhkəmləndirir. Təsadüfi deyil ki, son 7-8 ildə qanunvericiliyə edilmiş dəyişikliklərin əksəri QHT fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və onların müstəqilliyinin məhdudlaşdırılması ilə nəticələnib. Bu isə həmin təşkilatları ölkə həyatının müxtəlif istiqamətlərində inkişafa öz töhfələrini vermək imkanından məhrum edir. Həm də ictimaiyyət arasında nüfuz qazanmalarına, siyasi sistemin tamhüquqlu iştirakçılarına çevrilmələrinə mane olur.

Bəs, qanunvericilik bazasındakı problemli hesab edilən məsələlər hansılardır? Mediada, daxili müzakirələrdə ekspertlər tərəfindən səsləndirilən fikirləri, qiymətləndirmə və araşdırmaları təhlil etməklə həmin məsələləri aşağıda kimi təsnifləndirmək mümkündür:

Qeydiyyat problemi: kommersiya qurumu 3 günə, QHT 80 günə

Ölkədə QHT-lərin inkişafına mane olan əsas problemlərdən biri onların qeydiyyatı ilə bağlıdır. İstər yerli, istərsə də xarici QHT-lərə münasibətdə bu istiqamətdə xeyli problemlər yaşanır. Qanunvericilik kommersiya qurumları ilə müqayisədə QHT-lər üçün mürəkkəb və üzücü qeydiyyat qaydası müəyyən edib. Kommersiya qurumlarının qeydiyyatı üçün vahid pəncərə sistemi və 3 günlük qeydiyyat müddəti müəyyən edildiyi halda, QHT-lər üçün çoxlu sayda sənəd və 80 günədək davam edə bilən qeydiyyat müddəti müəyyən edilib.

Xarici QHT-lərə münasibətdə ayrı-seçkilik

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin Azərbaycan Respublikasının vətəndaşları olması tələb edilir. Qanunvericiliyin bu tələbi bərabərlik hüququnu pozmaqla xarici qeyri-hökumət təkilatlarına münasibətdə ayrı-seçkiliyə yol verməklə onların müstəqilliyini məhdudlaşdırır. Bundan başqa, xarici QHT-lərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilməsi qaydası müəyyən edilib ki, bu da beynəlxalq standartlara uygun deyil. Avropa Şurası Venessiya Komissiyasının 19 oktyabr 2011-ci il tarixli Rəyində saziş tələbinin beynəlxalq normalara uyğun olmadığı qeyd edilib.

Qanuna görə, digər məlumatarla yanaşı, xarici QHT-nin təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri barədə məlumatların da Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Xarici QHT-nin qanuni təmsilçisinin Azərbaycanda daimi yaşamaq hüququna malik olması məcburi şərt kimi nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə görə, daimi yaşamaq üçün icazə yalnız Azərbaycanda 2 ildən az olmayan müddətə müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə verilir. Qanun faktiki olaraq Azərbaycanda daimi yaşamaq hüququ olmayan şəxslərin xarici QHT-lərin filial və nümayəndəliyin rəhbəri olmasını mümkünsüz edir.

Adekvat olmayan cərimələr

Digər ciddi problemlər maliyyə münasibətərində özünü göstərməkdədir. Belə ki, QHT-lərə qrant müqaviləsi olmadan maliyyə vəsaiti şəklində və ya başqa formada yardım qəbul etmək qadağan edilib. Bu qadağanın pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər üçün 2500 manatdan 5000 manatadək, hüquqi şəxslər üçün 8000 manatdan 15000 manatadək miqdarda cərimə nəzərdə tutulub. Eyni zamanda qrant müqavilələrinin surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati cərimənin miqdarı 50 manatdan 7000 manata qədər artırılıb.

İanə edilən pul vəsaitinin nağd şəkildə verilməsi və qəbul edilməsi də qadağandır. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsinə görə fiziki şəxslər üçün 250 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 750 manatdan 1500 manatadək, hüquqi şəxslər üçün isə 3500 manatdan 7000 manatadək, ianə edilən pul vəsaitlərnin nağd şəkildə qəbul edilməsinə görə isə vəzifəli şəxslər üçün 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 7000 manatdan 10000 manatadək miqdarda cərimə müəyyən edilib. İanələr barədə məlumatın illik maliyyə hesabatına daxil edilməməsi vəzifəli şəxslərüçün 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manatadək miqdarda cərimə ilə sanksiyalaşdırılıb.

Qanun qrant müqavilələrinin, sub-qrantların, qrant müqaviləsi üzrə əlavə müqavilələrin, habelə müqavilələrin müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarının qeydiyyata alınmasını tələb edir. Qeydə alınmayan qrant müqavilələri üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması qadağandır və bu qadağanın pozulmasına görə vəzifəli şəxslər üçün 1500 yüz manatdan 5000 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manatadək miqdarda cərimə nəzərdə tutulub.

Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması qadağan edilib. İanələr üzrə əməliyyatlar yalnız həmin ianə barədə məlumatın Ədliyyə Nazirliyində reyestrə daxil edildiyini təsdiqləyən bildirişi aldıqdan sonra mümkündür.

Xarici qrantlarla bağlı çətinliklər

Xarici QHT-lərin qrant verməsi və özlərinin maliyyələşməsi də xeyli dərəcədə məhdudlaşdırılıb. Xarici QHT-lər donor kimi çıxış etməsi üçün qrant vermək hüququ əldə etməli və bunun üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyini almalıdırlar. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsaslardan biri olan qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi Maliyyə Nazirliyinə rəyin verilməsindən imtina üçün digər əsaslar olmadığı hallarda belə rəy verməkdən imtina etməyə imkan verir.

QHT-lərin fəaliyyətinə nəzarət

Əsas problemli sahələrdən biri kimi QHT-lərin fəaliyyətinə dövlət nəzarətinin və hesabatlılığın ağırlaşdırılması da qeyd edilə bilər. Qanunla QHT-lərin təsis sənədlərində və dövlət reyestrində onlar barədə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmadan hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilib. Qanun eyni zamanda QHT-lər tərəfindən Ədliyyə Nazirliyinə ictimai birliyin üzvlərinin sayı, icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş QHT-nin əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılmasına dair məlumatların təqdim edilməsi öhdəliyini müəyyən edib.

Nizamnamənin və hesabatlılıq qaydalarının pozulmasına görə sanksiyalar pozuntunun xarakterinə adekvat olmayan şəkildə sərtdir. Dövlət qeydiyyatına alınmamış dəyişikliklər əsasında hər hansı fəaliyyətin həyata keçirilməsi, üzvlərin reyestrinin aparılmaması, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmaması, nizamnaməməqsədlərinə zidd fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər üçün 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün isə 2500 manatdan 3000 manatadək miqdarda cərimə müəyyən edilib.

QHT-lərin fəaliyyətinin onların nizamnamələrinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi müddəası QHT-lərin fəaliyyətinə müdaxilə imkanlarını genişləndirilib. Ədliyyə Nazirliyinə öyrənmə adı altında QHT-lərin bütün fəaliyyətini yoxlamaq səlahiyyəti verilir və QHT-lərin fəaliyyətinə subyektiv mülahizələrlə müdaxiləyə imkan yaradılır. Fəaliyyətin öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3000 manatadək miqdarda cərimə oluna bilər.

Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək olar?

Apardığımız araşdırmalar əsasında ekspertlərin əksər hissəsinin üzərində razılaşdığı yaxşılaşdırma tədbirlərinin xülasəsini müəyyən etməyə çalışdıq. Azərbaycanda QHT-lərin simasında birləşmək hüququ üzrə mövcud problemlərin aradan qaldırılması və vəziyyətin yaxşılaşması üçün aşağıdakılar tövsiyyə olunur:

QHT-lərin qeydiyyatı sadələşdirilsin və qanunvericilik kommersiya qurumlarının qeydiyyatına bərabər vəziyyətə gətirilsin;
Qeydiyyat praktikasında mövcud problemlər aradan qaldırılsın və qeydiyyatsız fəaliyyət göstərən QHT-lərin qeydiyyatı təmin edilsin;
Xarici QHT-lərin filial və nümayəndəliklərinin qeydiyyat qaydaları sadələşdirilsin, filial və nümayəndəliyin rəhbəri və rəhbər müavini üzrə tələblər ləğv edilsin və onların normal fəaliyyəti üçün əlverişli şərait yaradılsın;
Xarici donorlar üçün nəzərdə tutulan qrant vermək hüququnun əldə edilməsi tələbi ləğv edilsin;
Qrantların və ianələrin, o cümlədən xarici donorlarla bağlanan xidmət müqavilələrinin qeydiyyatı ləğv edilsin;
QHT-lərin ölkə xaricində olan donorlardan qrant almaq hüququ təmin edilsin;
Qanunvericiliyin QHT-lərin fəaliyyətinin öyrənilməsi adı altında onun bütün fəaliyyətinin yoxlanılmasını nəzərdə tutan tələbləri ləğv edilsin;
QHT-lərin dövlət orqanları qarşısında hesabatlılığı azaldılsın;
QHT-lərə qarşı sanksiyaların dairəsi azaldılsın və sanksiyalar hüquq pozuntusunun xarakterinə və ağırlıq dərəcəsinə müvafiq şəkildə yüngülləşdirilsin.
Mirəli Hüseynov

“Demokratiyanı öyrənmə” İB-in sədri

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.

...