Azərbaycanda mobil telefonlarda virus yayan şirkət informasiya agentliyini məhkəməyə verir

Print Friendly, PDF & Email

İnformasiya kommunikasiya texnologiyalarının cəmiyyətin həyatında bu qədər nüfuz etdiyi bir zamanda hər gün fırıldaqçılığın yeni forma və modelləri yaranmağa başlayır. Müasir dövrdə kommunikasiya vasitələrindən ən geniş yayılanı isə mobil telefonlardır. Bu xüsusda, son illər Azərbaycanda cəmiyyəti narahat edən problemlərdən biri abunəçilərə bezdirici və balansdan pul silən SMS-lərin göndərilməsi idi. Ötən il qüvvəyə minən “Reklam haqqında” yeni qanunla bu məsələ kökündən həll olundu – Azərbaycanda SMS-reklamlar məhdudlaşdırıldı. Qanunun 23.1-ci maddəsində təsbit edilib ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Bu, o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamların göndərilməsinin qarşısı alındı. Çünki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqqında müddəa bir qayda olaraq yoxdur.

Uzun müddət sürən SMS fırıldaqçılığın aşkar olunması üçün “Report” İnformasiya Agentliyi operatorları məlumatlandırmaqla yanaşı, şəxsi araşdırmasını aparıb. Belə ki, mobil telefondan bəzi xəbər saytlarına keçid edərkən abunəçi digər sayta yönləndirilib, virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinib və erotik məzmunlu video təqdim olunub. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir.

Araşdırma nəticəsində qeyri-etik məzmunda virus yayılan xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşdi və şirkətin ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq etdiyi aydınlaşdı.

Təbii ki, “Report” öz növbəti yazısında “Navigator Mobil Services”in mövqeyini təqdim etdi. Məlumatda bildirilirdi ki, keçid olunan internet səhifəsi NMS şirkətinə məxsus deyil və şirkət sadəcə “sms” göndərmək yolu ilə həmin sayta abunə olmaq imkanı yaradan xidmətləri saytın sahiblərinə təqdim edir. Lakin abunəçiyə göndərilən sms-dən də görünürdü ki, artıq onun balansından pul silinib.

Təqdim olunan foto-video sübutlardan sonra mobil operatorlar da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də ciddi araşdırmalara başladı, tezliklə NMS şirkətinin bu fəaliyyətinin qarşısı alındı.

Asan qazanc vasitəsi əlindən çıxan NMS növbəti variantlar fikirləşməyə başlayır. Bu dəfə hədəf kimi ölkə ərazisində milyonların istifadə etdiyi “WhatsApp” proqramı seçilib. Belə ki, “WhatsApp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta “WhatsApp” hesablarından fırıldaqçı mesajlar gəlməyə başladı.

Bu fırıldaqçı əməl elə böyük miqyas aldı ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi xüsusi bəyanat yaymaq məcburiyyətində qaldı. Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə etdi ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər.

“Report” İnformasiya Agentliyi öz növbəsində araşdırma aparıb. Nəticədə virus mesaj yayılan xidmətdən istifadə edərkən yardım üçün təqdim olunan (012) 404-12-00 və qısa nömrə olan 6555 nömrələrinin “Navigator Mobile Services” (NMS) şirkətinə məxsus olduğu aydınlaşıb.

İki dəfə ifşa olunandan sonra “qəhrəmanlarımız” bir qədər kölgəyə çəkilirlər, amma görünən odur ki, niyyətlərindən əl çəkmək fikirləri olmayıb. Belə ki,“WhatsApp” qalmaqalının üstündən heç bir il keçməmiş yeni virus yaymağa başlanılır. Bu dəfə qurban seçilmiş alət ölkədə 1 milyondan çox şəxsin qeydiyyatdan keçdiyi “Facebook” sosial şəbəkəsi olub.

Aparılan detallı araşdırmalar virus yayılan videoların mobil operatorlarla əlaqələndirilməsində yenə “Navigator Mobile Services” şirkətinin əlinin olduğu müəyyənləşdi.

“Report”un müxtəlif vaxtlarda göndərdiyi sorğulara cavabda hər 3 mobil operator belə xidmətlərin yolverilməz olduğunu və araşdırmalardan sonra bağlandığını bildiriblər. Xüsusən, “Azercell” bu məsələ ilə bağlı güzəştə getmədiyini bəyan edib: “Biz mutəmadi olaraq, müəyyən abunəlik qaydaları və məzmuna uyğun gəlməyən xidmətləri bağlayırıq”.

Asan gəlir mənbələrindən məhrum olmasından hiddətlənən “innovativ düşüncəli” bu şəxslər (qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər – Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib) “Report” İnformasiya Agentliyini onları ifşa etdiyinə görə məhkəməyə verib. Əsas kimi də materiallarda istifadə olunan “pornoqrafiya”, “virus” sözlərinin onların fəaliyyətinə şamil olunmadığını göstərirlər.

“Naviqator Mobil Services” MMC-nin nümayəndəsi İlkin Surxayzadə iddiasında bildirir ki, şirkət pornoqrafiya deyil, erotik məzmunlu materialların yayılmasında vasitəçilik edib. Buna qarşılıq olaraq “Report”un hüquqi nümayəndəsi Kamandar Nəsibov sual ünvanlayır: “Əgər www.report.az saytı tərəfindən həmin yayılmış məlumatlarda “pornoqrafiya” sözü əvəzinə, “erotika” sözü qeyd olunsa idi, məqalə, “Naviqator Mobil Services” şirkətinin ünvanına təhqiredici sözlər, ifadələrin işlətməsi, şərəf və ləyaqətinin ləkələməsi yazıları kim qəbul edilməyəcəkdi və müflis olmayacaqdınız?”. Bu sual iddiaçı tərəfindən cavabsız qalır.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, MMC-nin nümayəndəsi onlar barəsində vətəndaşların telefon hesabından fırıldaqçılıq yolu ilə pul silmələri barədə yazılanlara heç bir reaksiya vermir, yalnız hüquqlarının pozulduğu iddiası olan hissənin (erotika və pornoqrafiya) mübahisəsini edir. Bu da tam başa düşüləndir, çünki özləri də gözəl bilirlər ki, bu məsələ ətraflı araşdırılsa şirkətin fırıldaqları ifşa olunacaq.

Biz öz növbəmizdə bu terminləri ayırd etmək üçün internet resurslarına və müxtəlif dillərdə dərc olunmuş lüğətlərə müraciət etdik. Belə ki, “erotika” – cinsi duyğular və onlara bağlı olan hisslərin oyat­dığı şəhvani ehtiras, həyəcan, “pornoqrafiya” isə cinsi arzuları oyatmaq məqsədi olan video, şəkil və ya yazılar kimi qeyd olunur. Digər iddia isə NMS-in fəaliyyətinin “virus” adlandırılması ilə bağlıdır.

Lüğətdə həmin sözün də izahatına baxırıq – “kompüter virusu” – başqa proqramlara daxil olan, öz surətini fayllara, sistem sahəsinə, şəbəkələrə və s.-yə yayaraq kompüterlərin normal işini poza bilən zərərli proqram. Daha geniş mənada desək, istifadəçiyə maddi və ya mənəvi ziyan vura bilən və ondan xəbərsiz avtomatik çalışan proqram təminatı…

Videodan da görünür ki, abunəçilərə balansdan çıxacaq məbləğlə bağlı göndərilən xəbərdarlıq rus dilində çox xırda hərflərlə təqdim olunur. Dərc olunmuş yazı ilə bağlı məsələni hüquqi müstəviyə çıxaran şirkət isə Azərbaycan Respublikası ərazisində əcnəbi dildə xəbərdarlıq edilməsinin qeyri-qanuni olduğunu bilmir.

Məhkəmə prosesində dinib-durmadan müqavilə tərəflərini (söhbət mobil operatorlardan gedir) itirmək qorxusunu və bu baş verərsə şirkətin müflis olacağını, MMC-nin biznes fəaliyyətinin çökəcəyini deyən şirkət təmsilçiləri “Report”un hüquqi nümayəndəsi Kamandar Nəsibov tərəfindən ünvanlanan sualları cavablandırmaqdan imtina edir:

İlk növbədə, şirkət öz abunəçilərinin statistikasını verməkdən boyun qaçırır. Belə ki, neçə nəfərin NMS-in vasitəçilik etdiyi xidmətlərə qoşulub, sonra dərhal STOP yazaraq imtina etməsinin statistikası açıqlansa, həmin xidmətlərə abunəçiliyin könüllü şəkildə deyil, istifadəçilərin tora salınaraq cəlb olunduğu aydınlaşacaq.

Digər tərəfdən, “Report” həmin xidmətə qoşulmuş abunəçiləri məhkəməyə dəvət edərək servis barəsində rəyini öyrənməyi təklif etmişdi ki, bu təklif də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyova tərəfindən qeyri-müəyyən səbəblərə görə təmin edilməmişdi. Hərçənd NMS-in başında durduğu fırıldaq piramidasından ən böyük zərəri məhz adi abunəçilər görüblər.

Digər maraqlı məqam ondan ibarətdir ki, NMS tərəfdaşlıq etdiyi “hot-ero.net” saytının təkcə Azərbaycanda deyil bütün dünyada fəaliyyət göstərirdiyini iddia edib. Lakin ifşaedici məlumatlar Report.az saytında yerləşdirildikdən sonra dərhal həmin “ümumdünya miqyaslı” sayt fəaliyyətini dayandırdı. Digər tərəfdən NMS-in tərəfdaşı kimi göstərilən “hot-ero.net” saytına cavabdeh olan şəxsləri də məhkəməyə cəlb etmək mümkün olmayıb. Bu da bir daha “tərəfdaş” dedikləri şirkətin elə NMS strukturuna daxil olmasının göstəricisidir. Digər bir sübut isə, “hot-ero.net” saytının wap.edugate.az saytı ilə eyni dizaynda hazırlanması, bununla da istifadəçilərin çaşqınlığına şərait yaradılmasıdır.

Hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçən məhkəmə prosesində bütün təqdim olunan suallara aydınlıq gətirilsəydi və iş tam həcmdə araşdırılsaydı, NMS şirkətinin fəaliyyətinin əsl mahiyyəti üzə çıxardı.
Lakin hazırda Bakı Apellyasiya Məhkəməsində keçən prosesdə hakim qismində çıxış edən Həmid Həmidovun isə işinə peşəkar yanaşacağına, təqdim olunan dəlil sübutları nəzərə alacağına şübhə yoxdur. Ümid edirik ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsində iş tam obyektiv və hərtərəfli araşdırılaraq abunəçilərin pozulmuş hüquqları bərpa olunacaq.

...