“Natiq Əliyev xəstəxanaya ürəyi dayanmış vəziyyətdə gətirilib, bu durumdan çıxarılıb”

Print Friendly, PDF & Email

Energetika naziri Natiq Əliyevin qəfildən ürəyində problemlər yaranması, xəstəxanaya düşməsi xəbəri yayılıb. Məlumata görə, nazir təcili Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib, süni masajla yenidən həyata qaytarılıb. Nazirin ilk günlərdə yerli xəstəxanada müalicə alması böyük marağa səbəb oldu. Belə ki, adətən məmurlar yerli səhiyyəyə etibar etməyərək, daha çox xarici ölkələrdə müalicə almağı üstün tuturlar. İlk dəfə nazirin yerli xəstəxanada müalicə alması ictimaiyyət üçün təbii ki, gözlənilməz idi. Lakin qısa zaman ərzində məlum oldu ki, nazir müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

 
70 yaşlı nazirin bioqrafiyası

 
Qeyd edək ki, 70 yaşlı nazir Natiq Əliyevin bu günə qədər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi məlum olmayıb. Nazirin qısaca olaraq bioqrafiyası haqda məlumat verərək bildirək Natiq Ağaəmi oğlu Əliyev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Geologiya-mineralogiya elmləri namizədidir. İlk əmək fəaliyyətinə “Xəzərdənizneftqazsənaye” istehsalat birliyində başlayıb. 1992-ci ildə “İpesko” Şirkətinin Bakı nümayəndəliyinin baş direktoru vəzifəsinə təyin edilib. ARDNŞ geofiziki və geoloji işlərlə, kəşfiyyat, qazma, neft və qazın hasilatı və nəqli, tikinti, neft və qaz emalı, elmi-layihə fəaliyyəti, maşınqayırma, xarici iqtisadi fəaliyyətlə məşğul olub. 1993-2005-ci illərdə isə ARDNŞ İdarə Heyətinin prezidenti və sədri vəzifəsində çalışıb. 1993-cü ildən AR Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti olub. Neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Şöhrət Ordeninə layiq görülüb…
Məmurlar niyə yerli səhiyyəyə etibar etmir?

 

“Nazirin ailəsinin şəxsi istəyidir ki, Natiq Əliyev bundan sonra müalicəsini Türkiyədə davam etdirsin; bu nə Səhiyyə Nazirliyinin, nə də xəstəxananın günahı deyil”

Nazir Natiq Əliyevin Bakıdakı xəstəxanada cəmi bir gün qalıb, digər həmkarları kimi müalicə almaq üçün Türkiyəyə üz tutması rezonans doğurub. Oxşar hal bir neçə ay öncə digər məmurun nümunəsində də baş vermişdi; baş nazir müavini Abid Şərifov ürəyində yaranmış problemlərlə əlaqədar olaraq Bakı xəstəxanalarının birinə yerləşdirilsə də sonradan müalicə üçün İsrailə üz tutmuşdu. Eləcə də sabiq nazir Ziya Məmmədovun da 2015-ci ildə İsveçrədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyədə müalicə aldığı artıq hər kəsə məlumdur. Bu siyahıda daha bir neçə məmurun adını qeyd etmək olar. Bütün bunlar onu göstərir ki, azərbaycanlı məmurlar müalicə almaq üçün daha çox Türkiyə, Almaniya, Rusiya, İsrail, Amerikaya üz tutur. Hətta bir çox məmurlar dərmanları belə Azərbaycandan deyil, xaricdən alırlar. Maraqlıdır, niyə məmurlarımız yerli səhiyyəyə etibar etmirlər? Səhiyyəmiz kifayət qədər yararlı deyil, yoxsa?

 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələyə bu cür aydınlıq gətirdi: “Hər bir ailənin öz şəxsi istəyidir ki, harada müalicə alır. Amma siz bilirsiz ki, Natiq Əliyev çox ağır vəziyyətdə, ürəyi dayanmış vəziyyətdə gəlib Neftçilər Xəstəxanasına. Və onu həmin xəstəxananın əməkdaşları ağır vəziyyətdən çıxara biliblər. Nazirin ailəsinin şəxsi istəyidir ki, Natiq Əliyev bundan sonra müalicəsini Türkiyədə davam etsin. Bu nə Səhiyyə Nazirliyinin, nə də xəstəxananın günahı deyil. Əsas odur ki, hər şey yaxşı olsun. Ölkəmizdə də çox yaxşı mütəxəssislər var. Buna görə bir-iki faktı ”bayraq” etmək doğru deyil. Ümumiyyətlə, ötən illərlə müqayisədə xarici ölkələrə müalicə almağa gedən vətəndaşların sayı dəfələrlə azalıb. Həm də xaricdən ölkəyə gətirilən mütəxəssislərin sayı azalıb. Ölkəmizdə müxtəlif ağır əməliyyatlar keçirilir”.

...