Zakir Qaralovdan hüquq, yoxsa media dərsi?..

Print Friendly, PDF & Email

Cənab prokuror, düşməni bizə güldürməyin…

Baş prokuror Zakir Qaralovun ifşa olunan hərbi casus şəbəkəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmadı. Belə ki, baş prokurorun “Casus işi”nin mətbuatda işıqlandırılmasına sərt reaksiyasını başa düşmək mümkün olmadı. Əslində, onun rəhbərlik etdiyi qurum başda olmaqla, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumat yayaraq hakimiyyətin nəzarətində olmayan KİV-lərə məhsuldar ötürmə vermişdilər…

Öncə Zakir Qaralovun APA agentliyi tərəfindən yayılan açıqlamasına diqqət edək:

“Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür. Bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir. Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur”.

Göründüyü kimi, Zakir Qaralov mətbuata Milli Ordunu nüfuzdan salan “Casus işi”nin müəyyən təfərrüatlarının ümumiyyətlə işıqlandırmağı qadağan edir. Əks halda medianı dövlət təhlükəsizliyinə xələl gətirməkdə ittiham edəcəyi ilə hədələyir. Hansı ki Zakir Qaralov özü də bu hədəsinin işə yaramayacağını yaxşı başa düşür. Çünki ölkədə azad media deyilən bir şey qalmayıb. Yalnız olmayan müxalifəti söymək üçün maliyyələşdirilən KİV-lər və maliyyə çətinliyi səbəbindən yarımcan fəaliyyət göstərən bir-neçə xəbər portalı var. Yəni böyük ölçüdə Azərbaycanda fəaliyyət göstərən KİV-lər onsuzda ordu ilə bağlı mövzuları obyektiv və subyektiv səbəblərdən işıqlandırmır. Bu mövzunu yalnız ölkə xaricində faəliyyət göstərən media orqanları ictimailəşdirir və Zakir Qaralovun məlum açıqlaması nəinki onları hərbi mövzudan çəkindirir, əksinə daha da sərtləşdirir.

Başqa tərəfdən isə müharibə şəraitində yaşayan ölkənin media işçisi kimi yaxşı başa düşürük ki, ordu və milli təhlükəsizliyimizlə bağlı müəyyən məlumatları kütləviləşdirmək olmaz. Ancaq təəssüf ki, biz sıravi jurnalist olaraq bunu başa düşdüyümüz halda 3 dövlət qurumu – Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi birgə yaydığı bəyanatda xalq arasında böyük nüfuz qazanmış ordumuzdakı “casus şəbəkəsi” ilə bağlı məlumatları ictimailəşdirdi.

Xüsusən, rəsmi açıqlamada həmin casusların maddi təminat qarşılığında vətənə xəyanət etməsinin vurğulanması heç də xoş olmadı. Çünki Azərbaycan iqtisadi gücünə görə Qafqazın lider dövlətidir. Ermənistan isə sadə dillə desək, acından ölür. Acından ölən bir ölkənin Azərbaycan əsgərini maddi qarşılıq hesabına ələ keçirməsini demək özü də məsuliyyətli bir haldır. Məhz bu məntiqlə düşmən kəşfiyyatının ordumuzu nüfuzdan salmaq üçün həyata keçirdiyi əməliyyatı ictimailəşdirmək qətiyyən düz deyildi. Bu, birbaşa ordunun gözdən salınmasını şərtləndirdi. Belə ki, mayın 7-də 3 dövlət qurumunun yaydığı məlumatdan sonra sosial şəbəkələrdə və əsasən xaricdə fəaliyyət göstərən KİV-lərdə bir-birinin ardınca ordumuzun ziyanına işləyən məlumatlar tirajlanmağa başlandı.

Bu proses indi də davam etməkdədir. Gözlənildiyi kimi, ordu ilə bağlı yayılan qeyri-rəsmi məlumatlar cəmiyyətdə böyük ajiotaja səbəb olmaqda davam edir. Çünki ordu hər kəsindir və hər bir ailənin orduya qarışacağı var. Ordu Standartlaşdırma Komitəsi, yaxud Kənd Təsərrüfatı Nazirliyi deyil ki, bir qrup insanı daim maraqlandırsın…

İstənilən halda “Casus işi” ilə bağlı məlumatlar geniş ictimaiyyət üçün gizli saxlanılmalı idi. Təəssüflər olsun ki, bu məlumatlar rəsmi şəkildə ictimailəşdiriləndən sonra yaşanan ajiotaj informasiya sahəsində Azərbaycanı dəfələrlə geridə qoyan işğalçı qüvvələrin işinə yaradı. Çünki ötən ilin aprel döyüşlərindən sonra güclü Ermənistan Ordusu mifi tamamilə sıradan çıxarıldı, sadə ermənilər Azərbaycan Ordusunun gücünü və işğal siyasətinin onlar üçün böyük təhdid olduğunu ilk dəfə bütün kəskinliyi ilə hiss etdilər. Bir ilə yaxın müddət ərzində Ermənistan hakimiyyətinin apardığı geniş təbliğata baxmayaraq işğalçı ölkənin ictimaiyyətində yaşanan narahatlıq və qorxu hissi erməni KİV-lərində belə müşahidə edilirdi. Ermənistanı himayə edən dövlətlərin birbaşa dəstəyi ilə Milli Ordumuza qarşı həyata keçirilən məkrli plan nəticəsində analoji vəziyyət az da olsa Azərbaycan ictimaiyyətində yaşanır və orduya inamsızlıq yaranıb. Xüsusi ilə Müdafiə Nazirliyinin rəhbərliyinə münasibət haqlı olaraq 180 dərəcə dəyişib. Görünür, Azərbaycanın düşmənləri cəbhə bölgəsində “Canavar məntiqi” ilə hərbçilər və mülki əhali arasında kütləvi şəkildə “verbovka”lar həyata keçirməklə torpaqların işğaldan azad olunmasını səbirsizliklə gözləyən xalqda Orduya olan inamı sarsıtmaq məqsədini qismən də olsa həyata keçirə bildilər.

Məlum prosesin gedişində müvafiq səlahiyyətli şəxslərimizdən xain düşmən planını xalqa izah edib, düşmənə qarşı informasiya hücumuna keçmək əvəzinə ictimaiyyətdəki xəyal qırıqlığını artıran açıqlamaları eşitmək həqiqətən məyusedicidir…

Elnur Məsimov

AzToday.az

...