“Bu, yüz minlərlə erməninin məhvi ilə nəticələnə bilər” – ŞOK XƏBƏRDARLIQ

Print Friendly, PDF & Email

“Metsamor” AES-a edilən kənar təsir yüz minlərlə erməni əhalisinin məhv olması ilə nəticələnə bilər.

Bu barədə APA-ya açıqlamasında 1992-ci ilədək Şimal Donanması Sualtı Atom Gəmisində, 1992-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kimya xidməti rəisi vəzifəsində çalışmış, radioloji və kimyəvi təhlükəsizlik üzrə mütəxəssis, ehtiyatda olan 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə erməni ekspertin Metsamor AES haqqında məqaləsini (http://www.express.am/article/18_1153/view/%C2%AB%D0%BF%D0%BE%D1%81%D0%B5%D1%8F%D0%B2-%D0%B2%D0%B5%D1%82%D0%B5%D1%80-%D0%BF%D0%BE%D0%B6%D0%BD%D1%91%D1%88%D1%8C-%D0%B1%D1%83%D1%80%D1%8E%C2%BB.html) şərh edərkən bildirib.

O, qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi Azərbaycan ərazisindəki strateji obyektlərə, o cümlədən Mingəçevir su anbarına zərbələr endiriləcəyi barədə fikirlər səsləndirirlər: “Bu cür əsassız iddialar yalnız sadəlövh auditoriyaya hesablanıb. Azərbaycanın hava məkanı, xüsusilə də Mingəçevir su anbarı müasir hava hücumundan müdafiə vasitələri ilə etibarlı qorunur. Su anbarının tikintisində istifadə olunan materiallar, onun yük götürmə qabiliyyəti və digər xüsusiyyətləri bəndin xarici təsirlərə dayanıqlığını təmin edir.

Azərbaycana qarşı “İskəndər” raketlərinin istifadə edilə biləcəyi ilə bağlı Ermənistan tərəfinin səsləndirdiyi təhdidlər rəsmi Bakıya əsas verir ki, düşmən ərazisində olan strateji obyektlərin vurulmasına qərar versin. Düşmənin qeyri-hərbi obyektlərini hədəf olaraq seçmədiyi barədə Azərbaycanın dəfələrlə bəyanatlar verməsinə baxmayaraq, əlverişli hava şəraiti də nəzərə alınmaqla AES-a təsadüfən düşə biləcək raket onun nüvə reaktorunun dağılmasına və radioaktiv tullantıların ətrafa yayılmasına gətirib çıxara bilər.

AES-nın sıradan çıxması nəticəsində yaranan radioaktiv toz ətraf şəhər və qəsəbələrin birbaşa radioaktiv çirklənməyə məruz qalmasına səbəb olacaq. Ərazinin relyefini də nəzərə alsaq, radioaktiv zonanın yalnız Ermənistanı əhatə edəcəyini, ümumilikdə təqribən 50 min nəfər insanın zəhərlənəcəyini və tələf olacağını, eləcə də yaxın 150 ildə bu məkanda yaşayışın məhdud olacağını ehtimal etmək mümkündür.

Qəza nəticəsində ilk 1 saat ərzində əhalinin sıx məskunlaşdığı Yerevan, Eçmiədzin və Armavir şəhərlərində 25-30 min nəfər insanın zərər çəkməsi və məhv olması istisna deyil. Növbəti 2-4 saat ərzində Ararat, Razdan, Vanadzor, Spitak, 4-6 saat ərzində isə Stepanavan, Alaverdi, İcevan, Vardenis kimi şəhərlər də çirklənmə zonası əhatəsində olaraq güclü şüalanma təsirinə məruz qalacaq. Sonrakı bir neçə gün ərzində isə radioaktiv şüalanma zonasının genişlənməsi nəticəsində radiasiya və digər şüalanma səbəbindən zərər çəkən və ölənlərin sayı təqribən 40-50 min nəfər olacaq”.

...