Dünya

İran parlamentinə silahlı hücum edənlər tutulub – YENİLƏNİB-2

İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulub.

APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb.

Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.

Məlumata görə, parlamentə hücum edənlər “Kalaşinkov” avtomatı və tapança ilə silahlanıblar.

Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.

İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib.

İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.

Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: “Bir neçə nəfər yaralandığı barədə məlumatımız var”.

***

saat 11.04

İran parlamentinə hücum edənlərin sayı dörd nəfərdir.

APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə məlumat verən İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bildirib ki, onlardan biri tutulub.

Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.

***

saat 10.49

İran parlamentində baş verən atışmada yaralananlardan biri ölüb.

APA-nın Tehran müxbiri xəbər verir ki, atışmada yaralanan mühafizəçi dünyasını dəyişib.

Parlamentdə atışmanın davam etdiyi, 7 nəfərin yaralandığı bildirilir.

***

saat 10.21

İran İslam Respublikasının Milli Məclisində atışma olub.

APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” və “Mehr” Xəbər Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir.

İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb.

Bənzər yazılar

Back to top button