Hilal Əsədov ifadə verdi: Eldar Mahmudov dedi bazarı halallıqla alın…

Print Friendly, PDF & Email

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə MTN-nin sabiq generalı Hilal Əsədov ifadə verib. H. Əsədov prosesdən sonra jurnalistlərə açıqlama verməkdən imtina edib.

Prosesdən sonra jurnalistlərə açıqlama verən A. Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, H. Əsədov ifadəsinin müəyyən hissəsini təsdiq edib və bildirib ki, “8-ci kilometr bazarı”nın sahibləri olan Cəfər Seyidov və qardaşlarının işi üzrə bəzi məqamlar üzə çıxdığı üçün onlarla bağlı araşdırmanı dayandırmalı olublar. A. Çovdarov da onun dediyini təsdiq edib. Vəkil həmin məsələnin nədən ibarət olduğunu açıqlamayıb.

A. Çovdarovun digər vəkili Kamandar Nəsibov isə deyib ki, H. Əsədov istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını bildirib: “İfadəsində olan ziddiyyətlərlə bağlı bildirdi ki, istintaq zamanı ifadə verərkən eynəyi yanında olmayıb və sənədi oxumadan imzalayıb”.

H. Əsədov ifadəsində onu da bildirib ki, “8-ci kilometr bazarı”nı o yox, qayınatası alıb.

Qeyd edək ki, H. Əsədov ibtidai istintaqa 2004-cü ildə MTN-də işə başladığını, nazirlikdə ilk vəzifəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olduğunu qeyd edib. Bundan təqribən 3 ay sonra nazirliyin Antiterror Mərkəzinin rəisi olub. 2005-ci ildən sonra Eldar Mahmudovun müavin təyin edilib.

Hilal Əsədov bildirib ki, Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.

İttiham aktında göstərilir ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.

H. Əsədov ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib:

“Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci ildə Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Çingiz Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.

Hilal Əsədov ifadəsində bildirib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər: “Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi. Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”.

Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını deyib: “Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”.

Hilal Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə, qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”.

Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.

Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

...