Qətər böhranı: deyəsən ortada “Rusiya barmağı” var

Print Friendly, PDF & Email

Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə Fars körfəzi ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsində Rusiyanın əli ola bilər.

Virtualaz.org CNN-ə istinadla xəbər verir ki, Amerikanın kəşfiyyat xidmətləri rusiyalı hakerlərin Qətərin dövlət informasiya agentliyinin saytına müdaxilə edərək orada bu ölkənin əmiri Tamim Ben Hamad əl-Taninin adından saxta bəyanat yerləşdirməsi barədə araşdırma aparır.

Məlumata görə Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı Qətərin dövlət informasiya agentliyinə haker müdaxiləsini araşdırmaq üçün Dohaya ezam olunublar. Ehtimal olunan kibermüdaxilə iki həftə əvvəl baş verib. Telekanalın mənbələri deyiblər ki, Rusiyanın məqsədi ABŞ-la onun Fars körfəzindəki müttəfiqləri arasında ziddiyətlər yaratmaq ola bilər.

Mayın 24-də Qətərin dövlət informasiya agentliyi əmir Tamim Ben Hamad əl-Taninin adından İrana və “Həmas” qruplaşmasına dəstək bəyanatı yayıb. Habelə bəyanatda bildirilib ki, ABŞ prezidenti Donald Tramp vaxtından əvvəl hakimiyyətdən gedəcək. Daha sonra Qətər XİN-in rəsmisi bu bəyanatın saxta olduğunu və haker müdaxiləsi nəticəsində agentliyin saytında yerləşdirildiyini bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Qətəri İŞİD və “Əl-Qaidə”ni maliyyələşdirməkdə, terroru yaymaqda ittiham edib, bu ölkənin İranla radikal qruplaşmaları dəstəkləmək üçün işbirliyində olduğunu bildirib. Qətər böhranı hazırda dünyanın bir nömrəli mövzusudur və belə görünür ki, beynəlxalq mətbuatda Tramp-Rusiya təhqiqatına dair xəbərləri kölgədə qoyub.

...