CəmiyyətManşetSiyasət

“Ümumi Yığıncaq adı ilə keçirilən tədbir qeyri-legitimdir” – Əliməmməd Nuriyev

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdindən sonra yaranmış vəziyyət hələ də tam aydın deyil. Əvvəllər Çoxtərəfli Qrupun tərəflərindən biri olan vətəndaş cəmiyyəti institutları hazırda prossesdə müşahidəçi qismində təmsil olunur. Modern.az xəbər verir ki, Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev müsahibəsində ölkəmizdə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərində vətəndaş cəmiyyətinin mümkün rolu ilə bağlı məsələlərdən söz açıb.

– Əliməmməd müəllim, bu günlərdə belə bir məlumat yayıldı ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) OHT Koalisiyasına vaxtilə üzv olmuş bəzi şəxslər yenidən bu Koalisiyanın Ümumi Yığıncağı adı altında tədbir keçirmək istəyir. Koalisiyanın sonuncu legitim koordinatoru kimi bu proseslərlə bağlı nə deyərdiniz?

– İlk növbədə qeyd etməliyəm ki, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) Azərbaycan 2003-cü ildə qoşulub. 2017-ci ilin martında Azərbaycan MHŞT-dən çıxdı. Azərbaycanın bu təşəbbüsdən çıxmasının əsas səbəblərindən biri də odur ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdi. Yəni bu təşəbbüsdə fəaliyyətinin dayandırılmaması ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin israrlı xahişlərinə baxmayaraq, vaxtilə bu Koalisiyanın üzvü olan bəzi şəxslərin, bəzi beynəlxalq QHT-lərin müraciətlərinin nəzərə alaraq ölkəmizə qarşı siyasi qərar qəbul etdi. Və Azərbaycan özü MHŞT-dən çıxdı. Beləliklə, bu addım Azərbaycanda hər hansı bir koalisiyanın mövcudluğunu da sual altına aldı. Çünki Azərbaycan MHŞT-nin üzvü olan zaman vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən qurum kimi Koalisiyanın iştirakçı tərəflərdən biri olaraq bu fəaliyyətdə iştirak etməsi mümkün idi. Sabahkı Umumi Yığıncaq adı altında bir qrup adamın fəallıq nümayiş etdirməsi onların öz şəxsi maraqlarını təmin etməyə yönəlib. Bu o şəxslərdir ki, vaxtı ilə Azərbaycanın üzvlüyünün dayandırılmasında “fəal” iştirak edib. Bilirsiniz ki, vaxtı ilə Koalisiyanın 143 üzvü olub. Koalisiyanın mütləq əksəriyyəti, 3/4-ü artıq Azərbaycanın bu təşəbbüsdən çıxmasından sonra bu Koalisiyada fəaliyyət göstərmir. MSŞA Koalisiyasının 100-dən çox keçmiş üzvü bu tədbirə qatılmaqdan imtina edib.

İndi bu Koalisiya oyununda iştirak edən şəxslərin sayı bir neçə nəfərdir, onlar siyasi partiyaların nümayəndələridir və qohumlardır. Onlar bura özlərinin sığorta meydançası kimi baxır. Eyni zamanda bu Ümumi Yığıncağın adından beynəlxalq təşkilatlarda təmsil olunmaq imkanlarını artırmağa çalışırlar. Amma bu olmayacaq. Birincisi, keçmiş Koalisiyanın 3/4-ü bu Ümumi Yığıncaqda iştiraka “yox” deyir. Baxmayaraq ki, bu adamlar qapı-qapı düşürlər, zəng edirlər, məktubla müraciət edirlər, amma rədd cavabı alırlar. Nəticədə sabah Ümumi Yığıncaq adı altında keçiriləcək tədbir bir qrupun tədbiri olacaq. Bu daha çox Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR Hərakatının, bir siyasi partiyanın, Milli Şura adlanan qurumun üzvlərinin yığıncağı ola bilər. Bu baxımdan burada Koalisiyanın Ümumi Yığıncağından söhbət gedə bilməz. Bunlar bu tədbiri keçirmək üçün bir sıra donorlara, səfirliklərə də müraciət etmələri ilə bağlı məlumatlar var və böyük əksəriyyətindən rədd cavabı alıblar. Məlumatıma görə, Təbii Resursların İdarə edilməsi İnstitutu (NRG) bu tədbirə dəstək verməkdən imtina edib. Həmçinin, “Ödədiyini açıqla” təşkilatına da (“Publish what you pay”) müraciət ediblər. Onlar diplomatik korpusu ciddi-cəhdlə inandırmağa çalışırlar. Mən də beynəlxalq təşkilatlara üzümü tutub deyirəm ki, bu qeyri-qanuni tədbirdə iştirakdan çəkinsinlər. Çünki bu, vətəndaş cəmiyyətinin yox, müəyyən siyasi qrupların tədbiridir.

Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidentinin 5 aprel “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə yaradılan Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya belə bir qrupu tanımır və onunla hər hansı bir əməkdaşlıq etmək fikirində olmadığını bəyan edib.

Koalisiya adından bu tədbirin keçirilməsi qeyri-qanunidir. Çünki bu tədbirə vəsaitlərin necə toplanması ilə bağlı heç bir açıqlama verilmir. Eyni zamanda istənilən vətəndaş cəmiyyəti qurumu tədbir keçirərkən mütləq maliyyə mənbəyini açıqlanmalıdır. Bu maliyyə mənbəyinin haradan alınması və bank hesabına mədaxil edilməsi ilə də bağlı məlumat olmalıdır. Bu zaman hesabdan vəsaitin çıxarılması hansısa tədbirin keçirilməsinə yönəldilə bilər. Bununla bağlı da məlumatlar yoxdur. Bu qrantdırsa, ianədirsə qeydiyyatdan keçməlidir. Bununla bağlı müvafiq qurumların məlumatı olmalıdır. Bu da yoxdur.

Digər tərəfdən bu özü də çirkli pulların yuyulmasına yönələn hərəkət kimi də qiymətləndirilə bilər. Tədbirdə kimlərin iştirak edəcəyi barədə məlumatlar heç kimə açıqlanmır. Bu da tədbirin nə dərəcədə qapalı keçirilməsini göstərir. Bu da onu göstərir ki, bu tədbirdə iştirakçılar siyasi qurumlar, ADR Hərəkatının, Milli Şura adlanan qurumun üzvlərindən, onların qohum-əqrəbalarından ibarət olacaq. Bu da kiçik bir qrupdu. Tədbirdə vaxtı ilə koalisiyanın üzvü olmuş 20 nəfər istirak edə bilər. Bütün bunlar göstərir ki, Ümumi Yığıncaq adı ilə keçirilən tədbir qeyri-legitimdir.

– Ölkə prezidenti tərəfindən Hasilat Sənayesində Şəffaflığın Artırlıması ilə bağlı əlavə tədbirlər haqqında 5 aprel tarixli fərman imzalandı. Həmin fərmanda vətəndaş cəmiyyətinin də bütün mərhələlərdə iştirakının təmin olunmasından bəhs edilir. Bəs bu istiqamətdə hansı adımlar atılır?

– Qeyd etməliyəm ki, Perzidentin bu fərmanına uyğun olaraq Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyasının sədri Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur. Eyni zamanda bu Komissiyanın tərkibində bir çox nazirliklərdən müavinlər səviyyəsində şəxslər təmsil olunur. Komissiya bir neçə tədbir həyata keçirib. Bu tədbirlərin də vətəndaş cəmiyyətinin bütün üzvləri üçün açıq olduğu bəyan edilmişdi. Bu tədbirlərdə iştirak etmişik. Yeni formalar barədə müzakirələr aparılır. Bu fərmandan irəli gələn vəzifələrin icrası hasilat sənayesində şəffaflığın artırılması istiqamətində fəaliyyətlə bağlı vətəndaş cəmiyyətinin hər hansı bir qurumuna bir monopoliya imkanı verməyəcək. Hamının bərabər təmsilçilik imkanı olacaq. Hesab edirəm ki, bu vətəndaş cəmiyyətinin iştirakçılığını daha da artıracaq.

Şübhəsiz ki, zaman keçdikcə mədən sənayesi şəffaflıq prosesində ixtisaslaşmış QHT-lərin prosesdə daha fəal iştirak etmək imkanları olacaq. Yeri gəlmişkən qeyd edim ki, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının 7 iyunda keçirilən iclasında komissiyanın sədri Şahmar Mövsümov qeyd edib ki, bizim nə beynəlxalq idarə heyəti ilə hər hansı bir əlaqə və vasitəçilərə ehtiyacımız, nə də keçmiş Koalisiya ilə bağlı hər hansı bir fikrimiz var. Biz vətəndaş cəmiyyəti ilə bütövlükdə əlaqələr yaradırıq, ayrı-ayrı qrupların deyil, vətəndaş cəmiyyətinin təmsilçiliyini zəruri hesab edirik. Bu fərmanın imzalanması bir daha onu gostərir ki, Azərbaycan hasilat sənayesində şəffaflığın artırılması ilə bağlı öz prinsiplərinə sadiqdir. Bu istiqamətdə fəaliyyətini genisləndirir.

Qeyd edim ki artıq MHŞT üzrə Beynəlxalq İdarə Heyətində də Azərbaycanla bağlı çıxarılan qərarın yanlış olduğu barədə fikir getdikcə möhkəmlənməkdədir. Hətta Beynəlxalq İdarə Heyətinin özündə də islahatların aparılması yalnız mədən sənayesi şəffaflıq təşəbbüsünün hədləri çərçivəsində həyata keçirilməsi qeyd olunur. Sadəcə olaraq Azərbaycanda bir neçə nəfər var ki, onlar hər zaman ölkənin milli maraqlarına qarşı çıxıblar. Ölkəmizin beynəxlaq təşəbbüslərdə iştirakı onları təmin etmir, çünki onların monopoliyasını aradan qaldırır. Çalışırlar ki, hər yerdə Azərbaycan əleyhinə öz fəaliyyətlərini davam etdirsinlər. MHŞT-yə üzvlüklə bağlı məsələlər müzakirə olunarkən bəziləri hökumətlə sövdələşmələrə getmək istəyirdilər. “Biz bu məsələlərdə o zaman pozitiv fikirlərimizi bildirərək ki, bizimlə hesablaşsınlar. Bizim qiymətimiz, dəyərimiz böyükdür, milyonlarla ölçülür” – kimi fikrilər, şərtlər irəli sürürdülər. Yəni onlar əslində bütövlükdə Azərbaycanın MHŞT-də iştirakını alver predmetinə çevirmək istəyiblər. Azərbaycan haqqında həqiqətlərin diqqətə çatdırılmasını öz təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə şərtləndirirdilər, maddi imkanlarını genişləndirilməsinə çalışırdılar. Ona görə də Azərbaycan hökuməti bu istiqamətdə olan mesajlara çox sərt cavab verdi. Yalnız və yalnız hər şeyin qanun çərçivəsində həll edilməsini və Azərbaycanın qlobal təşəbbüsdə iştirak edib-etməməsindən asılı olmayaraq dövlətin, cəmiyyətin, maraqlarını əsas götürərək MHŞT prinsiplərinə sadiq qaldığını bəyan etdi.

Prezidentin “Hasilat sənayesində şəffaflığın artırlıması ilə bağlı əlavə tədbirlər haqqında” 5 aprel tarixli fərmanı da məhz bu prinsiplərə sadiqliyin göstəricisi kimi də dəyərləndirilməlidir. Bu istiqamətdə də işlər gedir və davam etdiriləcək. O cümlədən Azərbaycan vətəndaş cəmiyyəti də bütövlükdə bu proseslərdə iştirak edir və etməkdə də davam edəcək. (modern.az)

Bənzər yazılar

Back to top button