Azərbaycanlı kriminal iş adamları: Kim kimin başına silah dirəyib?

Print Friendly, PDF & Email

“Dövlətdən cavab gözlədiyim üçün əlimdəki faktları yaya bilmirəm”

Ukraynanın Lvov şəhərində yaşayan azərbaycanl iş adamı Nazim Qəzənfərovla “Qurtuluş – 93” Yaşayış Kompleksinin sahibi Məhərrəm Novruzov arasında qalmaqal yaşanır. Belə ki, N.Qəzənfərovun mətbuata açıqlamasından sonra M.Novruzov mətbuat konfransı keçirərərək onun dediklərini təkzib edib. M.Novruzov bəyan edib ki, N.Qəzənfərov onu aldadaraq pullarını mənimsəyib, üstünə silah çəkib.

N.Qəzənfərov isə Azərbaycanda fəaliyyət göstərən bütün növ media vasitələrinə müraciət ünvanlayaraq M.Novruzovun dediklərinin həqiqət olmadığını, jurnalistlərin yalnız M.Novruzovun açıqlamalarını birtərəfli işıqlandırdıqlarını, hətta onun Prezidentə, daxili işlər nazirinə ünvanladığı müraciətlərin hansısa səbəblərdən saytlardan çıxarıldığını bəyan edib.

N.Qəzənfərovun AzToday.az-a daxil olan müraciətini olduğu kimi təqdim edirik:

“Bildiyiniz kimi bir ilə yaxındır əmlakımı zor gücünə qəsb edən, onun üçün gördüyüm işlərin – tikdiyim obyekt və restoranların pulunu verməkdən imtina edən “Qurtuluş – 93” Yaşayış Kompleksinin sahibi Məhərrəm Novruzov mənim sizlərə müraciətimdən sonra içinizdən bəzilərini toplayaraq haqqımda şər və böhtanlar yağdırıb.

Təəssüf ki, onun çağırışına gedən mətbuat nümayəndələrindən heç biri qarşı tərəf olaraq mənim mövqeyimi öyrənmədən M.Novruzovun haqqımda söylədiyi guya “onun üstünə silah çəkmişəm” ifadəsini manşetlərə daşımış, problemin mahiyyətinə diqqət etmədən onun dediklərini olduğu kimi yazaraq məsuliyyətdən yayınmağa çalışmışlar.

Əziz dostlar!

Axı necə olur ki, mən həm M.Novruzovun üstünə silah çəkirəm, hansısa reket dəstə gətirirəm, həm də əmlakımı etibarnamə ilə onun istədiyi adamın adına keçirirəm. Onun dediklərindən və bəzi KİV-lərin də ağına-bozuna baxmadan yazdıqlarından belə nəticə çıxır ki, mən könüllü şəkildə Dövlət notarisunda əmlakımı satıram, həmin əmlakdan əldə etdiyim pulu isə başına silah dayayaraq məcburən M.Novruzova verirəm?!. Burda məntiq yoxdur axı…

Həqiqət isə M.Novruzovun dediklərinin tam əksidir. M.Novruzov pulla saxladığı adamları ilə birgə mənim başıma silah dayayaraq etibarnaməyə qol çəkdirib. Məni buraxandan sonra isə elə həmin gün notariusa gedib etibarnaməni ləğv etdirmişəm. İki gün sonra isə məni təkrarən tutublar, zorla pasportum və firmanın sənədləri əlimdən alaraq məcburi qaydada, silahlı təhdidlə öz maşınlarında notariusa aparıbar. Elə orada da alqı-satqı edib pulları mənimsəyiblər.

O gündən də əmlakımın geri qaytarılması uğrunda mübarizə aparır, təzyiqlərlə üzləşirəm. Bu təzyiqlərin davamı M.Novruzovun sifarişi ilə Azərbaycanda tikdiyim yaşayış və qeyri-yaşayış sahələrinin qarşılığında alacağım pulun kiçik bir hissəsi olaraq baş etibarnamə ilə verilən “Mersedes ML” markalı avtomobil və “Qurtuluş-93”də yerləşən üç otaqlı mənzil də əlimdən alınıb.

Qardaşım Qəzənfər Qəzənfərovun işə heç bir aidiyyatı olmadığı təqdirdə Şabran polisinə, oradan da Bakıya aparılıb. Lakin mətbuatın məsələni işqılandırmasından sonra onu sərbəst buraxıblar.

M.Novruzov iddia edir ki, Azərbaycana valyuta gətirmək xatirinə Ukraniyada iş görmək istəyib. Bəs nə üçün o bu pulları qanuni yolla deyil, qeyri-qanuni yollarla ölkədən çıxarırdı? Əgər o dediyi pulları qanuni yolla çıxarıbsa, buyursun, ortaya sənəd-sübut qoysun. Və yaxud da iş görmək üçün mənim müştərək müəssisə qurmaqdan təklifimdən niyə imtina edirdi? Əlbəttə, bunun səbəbi çox sadədir: qeyri-qanuni yollarla ölkəyə girib-çıxan pulları vergidən, dövlətdən gizlədirdi və xüsusi əda ilə qeyd edirdi ki, mən qanuni yolla ölkədən heç cür pul çıxara bilmərəm. Yəni, qazandığı deyil, oğurladığı pulları ölkədən gizli yolla qaçaq çıxaran M.Novruzov hansı qazanılmış valyutanı Azərbaycana gətirəcəkdi ki?

Bəli, mən də etiraf edirəm ki, M.Novruzovun bəzi xırda xeyriyyə işləri var. Amma yenə də sual edirəm, əcəba, bu işləri oğurladğı çirkli pulları yumaq üçün etməyib ki? Mən sadalayım, nəticəni Siz çıxarın:
– Tikdiyi məktəbi ailə biznesinə çevirərək, qızını direktor təyin etdirib;

– “Qurtuluş-93” Yaşayış Kompleksinin kanalizasiya xəttini yaxınlıqdakı “Duzlu göl”ə axıdaraq uzaq məsafədən kanalizasiya xətti çəkmək məsrəfindən xilas olub (əgər belə deyilsə kanalizasiya xəttinin sxemini ortaya qoysun)”

– “Qurtuluş – 93” Yaşayış Kompleksində yaratdığı “oğru şəbəkə” vasitəsi ilə gizli su və qaz satışından əldə etdiyi haram pullar vasitəsi ilə;

– Tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək daxil olan vəsaitin 60 faizini oğurlamaq yolu ilə;

M.Novruzov iddia edir ki, guya mən onunla tanış olanda – işsiz-gücsüz, tüfeyli olmuşam. Necə olur ki, bu tufeyli Nazim Qəzənfərov qısa müddətdə M.Novruzova Şabranda – Uşaq Futbol Kompleksinin ərazisində 1 villa, 1 otel, 1 restoran, Novxanı qəsəbəsində 2 villa, “My Beach” istirahət zonasında “Dəniz Havası” adlanan nəhəng restoran kompleksi tikib.
Sizin fikrinizcə, M.Novruzov hansı ağılla işi-gücü olmayan, tufeyli bir adama milyonlarla manat vəsait hesabına başa gələn yuxarıda sadalanan obyektlərin tikintisini etibar edib?

Əslində bütün bunlar necə baş verib?

M.Novruzov Ukraynanın Lıvova şəhərində gələrək mənə məxsus torpaq sahəsinə pul yatırmaqla birgə iş görməyi xahiş edib. Və beləliklə biz birgə iş görməyə başlamışıq. M.Novruzovu Lıvova aparan mən, biznesimə yaxın buraxan da mən, amma bu gün nə biznesim var, nə də pulum. Onun telefon danışıqlarında – WhatsApp`da göndərdiyi ölüm hədələri səbəbindən tez-tez yaşayış yerimi dəyişməyə məcbur oluram.

M.Novruzov həmişə məni Ağayev Vüqar Asif oğlunun taleyi ilə qorxudurdu. Deyirdi ki, (söyüşlə onu təhqir edirdi) məni Masazıra gətirən Vüqar Ağayev olub, biz onun (Vüqar Ağayevin) əlindən hər şeyini aldıq, güclə Amerikaya qaçaraq canını qurtardı, yoxsa məhv edəcəkdik. Əlbəttə, mən həmin vaxtlar ona inanmaq məcburiyyətindəydim. Həyatın ironiyasına baxın: M.Novruzovu Masazıra aparıb iş-güc sahibi edən Vüqar Ağayevin də əmlakı əlindən çıxır, özü Amerikaya qaçır, Lıvova aparan mən – Nazim Qəzənfərovun da əmlakı zorla əlindən alınır, vətəndaşı olduğu şəhərdə qaçqın həyatı yaşayır.

Xatırlayırsınızsa, Vüqar Ağayev Eldar Mahmudovun qanunsuz tələblərindən canını qurtarmaq üçün ölkəni tərk edib, Amerikaya qaçmağı bacarsa da, öz mülkiyyətini qoruya bilmədi.

Əziz media rəhbərləri! Mən, Allahın ədalətinə inanıram. Vüqar Ağayev bir məmurun əli ilə, məni isə digər məmurun adı ilə məhv edən M.Novruzovun cəzasız qalacağına heç çür inanmaq istəmirəm.

Yaxın günlərdə M.Novruzovun haqqımı tələb etməkdən çəkindirmək üçün məni hədələyən, kişiyə yaraşmayan söyüşlərlə təhqir edən səs yazılarını Azərbaycan ictimaiyyətinə təqdim edəcəyəm. Hazırda Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezident Xanım Mehriban Əliyevaya, Daxili işlər naziri Ramil Usubov cənablarına və M.Novruzovu himayə edən məmura ünvanladığım müraciətlərə cavab gözlədiyim üçün onları yaya bilmirəm. Artıq başqa yolum qalmayıb.

...