Prezident Administrasiyasında ƏFQAN savaşı

Print Friendly, PDF & Email

Jurnalist Əfqan Muxtarlının həbsi ətrafında ajiotaj böyüyür. Millət vəkili Elman Nəsirovun jurnalistin həbsində Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının iştirakını təsdiqləməsi hər iki ölkənin iqtidarını çıxılmaz durumla qarşı-qarşıya qoydu. Belə ki, prezident səviyyəsində Əfqan Muxtarlının həbsinə münasibət bildirən və bu əməliyyatda hər hansı şəkildə iştirak etmədiyini deyən Gürcüstan hakimiyyətinin yaxın perspektivdə siyasi böhran yaşayacağı istisna deyil.  Gürcüstandan fərqli olaraq daha güclü görünən Azərbaycan hakimiyyətinin bütün qanadlarında Əfqan Muxtarlının həbsinə birmənalı münasibət olmadığı açıq-aydın ortadır. İstintaq jurnalisti qanunsuz sərhədi keçməkdə ittiham etdiyi halda Elman Nəsirovun məlum açıqlaması hakimiyyət daxilində mərkəzdən qaçma meyllərinin idarəolunmaz səviyyədə olduğunu göstərdi…

Son siyasi həbslərin hədəfi nədir?

Gürcüstan parlamentinin keçmiş deputatı, müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Givi Tatqamadzenin Əfqan Muxtarlının həbsi ilə bağlı dedikləri ilgincliyi ilə diqqət çəkdi. Tatqamedze Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin əmisioğlu olan Uça Mamatsaşvilinin biznes-tərəfdaşı olan nüfuzlu azərbaycanl iş adamı tərəfindən sifariş edildiyini bildirdi:

“Bizdə olan mötəbər məlumata əsasən, Uça Mamatsaşvilinin tərəfdaşının beynəlxalq qanunvericiliklə problemi var və onun tutduğu vəzifədən azad edilməsi gözlənilirdi. O da rəhbərliyinə hədiyyə etmək qərarına gəlib. Jurnalistin hansısa yolla Azərbaycana keçirmək ümün Uça Mamatsaşvilidən kömək istəyib”.

Tatqamedzenin adını çəkmədiyi Uça Mamatsaşvilinin azərbaycanlı tərəfdaşının Rusiyaya yaxın səlahiyyət sahibi olmasına heç bir şübhə ola bilməz. Ən əsası da Əfqan Muxtarlının həbsində iki ölkənin Kremlə yaxın vəzifəlilərin iştirak etdiyini prosesdən açıq-aydın görmək olur. Çünki Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik fonunda Əfqan Muxtarlının bu şəkildə həbs olunması rəsmi Bakıya əlavə problem vəd edirdi. Belə ki, son aylar siyasi hakimiyyət üçün potensial təhlükə yaratmayan Əfqan Muxtarlı başda olmaqla AXCP sədrinin müavini Gözəl Bayramlı, “Kanal 13”-ün rəhbəri Əziz Orucov və başqa müxalif fikirli şəxslərin həbsi Azərbaycanın Qərb ölkələri ilə münasibətlərin gərginləşməsinə və Kremllə yaxınlaşmasına hesablanmışdı. Azərbaycanda təsis olunan vitse-prezidentlik institutundan narazı qalan qüvvələrin son həbslərdə fəallıq etməsi vəziyyəti daha dözülməz etməkdədir.

Müşahidələr göstərir ki, Azərbaycanda strateji postlar tutan şəxslərin böyük əksəriyyəti son proseslərdə hakimiyyətin deyil, başqa maraqlara xidmət edirlər. Çünki xalq arasında nüfuzunu itirmiş və hakimiyyətə gəlmək üçün heç bir şansı qalmayan müxalifətin imkanlarının şişirdilməsi fonunda həyata keçirilən son həbslər Əliyevlər hakimiyyətinə təzyiqləri gücləndirməkdən başqa bir şey deyildi.

Böyük ehtimalla son həbslərin zəruri olduğunu əsaslandıran şəxslər Cənubi Qafqazın Rusiyanın təsiri altında olmayan 2 ölkəsi ətrafında yaşanan ajiotajın nə ilə nəticələnəcəyini gözəl bilirdilər. Buna görə onlardan hesab sorulacağı istisna deyil. Həmçinin, Muxtarlının faktiki olaraq Gürcüstandan “oğurlanması”nı Elman Nəsirovun diliylə təsdiq etdirən qruplaşmanın bu prosesdəki katalizotor işi də diqqətdən yayınmamalıdır.

Elnur Məsimov

AzToday.az

...