Azərbaycanın görkəmli alimi vəfat etdi

Print Friendly, PDF & Email

Bu gün, iyunun 11-də Bakı Slavyan Universitetinin (BSU) Müasir Azərbaycan dili kafedrasının dosenti, tanınmış dilçi alim Akif Məmmədov qəflətən vəfat edib.

Arqument.Az-ın məlumatına görə, Akif Güləli oğlu Məmmədov 17 may 1953-cü ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. 1970-ci ildə orta təhsilini başa vurub, 1971-1975-ci illər arasında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirib.

1975-1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləyib. 1981-1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990-1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçi olub. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində çalışıb.

1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “Orfoqrafiya təlimində etimoloji təhlildən istifadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.

1993-1995-ci illərdə “Futuroloq” Fasiləsiz Təhsil Kompleksində, 1993-2001-ci illərdə M.F.Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirib. 1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olub.

1996-1998-ci illərdə “Mütərcim” jurnalında məsul katib və redaktor, 1995-ci ildən indiyə kimi “Turan” humanitar liseyində (indi BSU-nun Məktəb-Lisey Kompleksi) bir müddət direktor müavini, sonralar Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri, həmin kompleksdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib.

Allah rəhmət eləsin!

...