“Əsl seyidlərin çoxunun şəcərəsini yandırıblar, özünü məhv ediblər”

Print Friendly, PDF & Email

Son bir həftədə ölkə mediasının və sosial şəbəkələrin ən çox mübahisə və müzakirə doğuran mövzularından biri cənub bölgəsində yaşayan bir din xadiminin insanlara “Seyid vəsiqəsi” paylaması barədə yayılan xəbər oldu. Sosial şəbəkədə yayılan vəsiqənin bir tərəfindən bir gənc adamın şəkli, üst tərəfdə isə “Seyid Ağa” yazısı və vəsiqənin nömrəsi yazılıb. Yeri gəlmişkən, yazıdan görünür ki, artıq 20 mindən çox belə vəsiqə verilib. Vəsiqənin digər səhifəsində isə başda “Həqiqətən bu şəxs seyiddir” yazılıb, altdan isə vəsiqəni verən şəxsin ad-soyadı, eləcə də şəxsi möhürü vurulub. Vəsiqəni verən adam Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzovdur.

Vəsiqənin şəkli sosial şəbəkələrdə yayılandan sonra müzakirələr başlandı və məsələ o dərəcədə böyüdü ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin deputat qardaşı Cavanşir Paşazadə belə bir vəsiqənin verilməsinin düzgün olmadığını bəyan etdi. Ardınca isə vəsiqəni verən Hacı Mirqiyas Təhməzov səhv etdiyini bildirdi.

Seyid adının partiya və ya dövlət vəsiqəsi şəklində bəlli şəxslərə verilməsi və bunu hansısa bölgə qazısının etməsinin heç bir dini və ya hüquqi əsası yoxdur. Ərəbcədə cənab, ağa mənasını verən “seyyid” (yerli yazılışı seyid) islamiyyətin gəlişindən sonra həm də Məhəmməd Peyğəmbərin nəslindən olanlara verilib. Bəzi mənbələrə görə, nəvəsi İmam Hüseynin (ə) soyundan gələnlərə deyilib.

Azərbaycanın ən tanınmış seyid siyasətçisi KXCP sədri Mirmahmud Mirəlioğludur. Onun nəsil şəcərəsi Azərbaycanda, əsasən də cənub bölgəsində hörmət edilən seyid nəslidir. Mirmahmud Mirəlioğlunun “seyid vəsiqəsi” olayına münasibətini öyrənməyə çalışdıq. Mirmahmud Mirəlioğlu dedi ki, kiminsə “seyid vəsiqəsi” verdiyi barədə ətraflı məlumata malik deyil: “Sizdən bir az qabaq bir nəfər mənə belə bir olayın baş verdiyi barədə danışdı. Mən də sadəcə olaraq, güldüm. Seyidlərin kim olduğunu nəzəri cəhətdən hər kəs bilir. Amma elə adamlar var ki, şəcərələrinə əlavələr edirlər. Yəni şəcərə var və təsdiq olunub ki, kim kimdir. Lakin bir də görürsən kimlərsə ora əlavələr edir. Halbuki buna ehtiyac yoxdur. Şəcərən bəllidir və xüsusi olaraq dədənin adını ora əlavə etməyə ehtiyac yoxdur”.

Tarixdə belə hallar çox olub, qurama sənədlər verilib, seyidlərin bir müddət demək olar ki, nəsli kəsilib və əsl seyidlərin çoxunun şəcərəsini yandırıblar, özünü məhv ediblər. Bəyliklə bağlı da Çar Rusiyası zamanında belə hallar olub. Əsl bəyləri öldürüb qondarma bəylərə vəsiqə, rütbə veriblər və sair. Yəni belə şeylər tarixdə də olub”.

Onu da qeyd edək ki, bir zamanlar seyidliyin verdiyi imtiyazdan saxtakarlıqla faydalanmasın deyə seyidliyin müvafiq “şəcərəsi” tutulub. Şəcərə ərəbcədə ağac mənasını verir və seyidliyə iddia edən şəxsin soy kökünün kimlər vasitəsilə imamlara bağlandığını göstərirdi. Bu şəcərəyə müvafiq yerli dövlət qurumlarının təsdiqi də şərt olub. Hətta İran və İraqda bununla bağlı müvafiq arxivlərin olması haqqında iddialar var.

Ancaq indi Mirqiyas Təhməzovun verdiyi vəsiqədə o şəcərədən söhbət getmir.

Mwsavat

...