Bağırov Qarabağın Ermənistana birləşdirilməsinə hansı şərtlərlə razılaşmışdı – arxiv materialları

Print Friendly, PDF & Email

Ermənilər sovet dövründə gecə-gündüz Qarabağın Ermənistana birləşdirilməsi uğrunda mübarizə aparıblar; 1967-ci il iyunun 23-dən 24-nə keçən gecə Stepanakertdə divarlara 300 vərəqə yapışdırılıb və tələb olunur ki, “Dağlıq Qarabağ Ermənistan birləşdirilsin”

“Biz Şuşa istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi məsələsinə baxılmasına etiraz etmirik”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933-1953) Mir Cəfər Bağırov ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə Moskvaya ünvanladığı müraciətə cavabına belə reaksiya verib. O, SSRİ rəhbərliyinin ermənilərin müraciəti ilə bağlı göndərdiyi məktuba cavabında öz tərəfindən şərtlər də irəli sürüb.

Bu ilginc tarixi faktlar barədə iyunun 17-də “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətlı elmi maarifləndirmə və təbligat kurslarındakı mühazirəsi zamanı deputat, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirdi. Qeyd etdi ki, əgər Borçalı torpaqları Azərbaycana birləşdirilsəydi, Ermənistanın yalnız İrana çıxış yolu qalacaqdı.

Tarixçi alimin sözlərinə görə, 1945-ci ildə Ermənistan Kommunist Partiyasının birinci katibi Qriqori Arutyunov SSRİ-nin rəhbəri İosif Vissarionoviç Stalinə məktubunda iddia edir ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana birləşdirilib və 153 minlik əhalinin 123 mini ermənidir. Onun iddidasına görə, Dağlıq Qarabağ Ermənistana birləşdirilsə, burada kənd təsərrüfatı inkişaf edər. Məsələ həll olunduqda Qarabağın keçmiş paytaxtı Şuşa şəhərinin bərpasını və mərkəz kimi istifadəsini qaldıracaqlarını da bildirib. Stalin həmin məktuba dərkənar yazır Mərkəzi Komitənin katibi Georqiy Malenkova. M.C.Bağırov 10 dekabr 1945-c ildə 5 səhifəlik məktub yazıb. Orada yazıb ki, sizin teleqrama cavab olaraq bildirirəm: DQBM ərazisi Qarabağ xanlığının ərazisində olub, 1747-ci ildə mərkəzi Pənahabad olub, 1826-cı ildə isə Çar Rusiyanın tərkibinə birləşdirilib. Musavat dövründə Şuşa şəhəri general-qubernatorluğunun paytaxtı olub, sonra qırğınlar törədilib.

Daha sonra yazıb ki, 1923-cü ildə ermənilərin çox yaşadığı bu ərazinin Ermənistana birləşdirilməsi məsələsi qaldırılıb, amma bu bölgənin Ermənistanla birbaşa əlaqəsi olmayıb, 1923-cü ildə isə Muxtar Vilayət yaradılıb və Stepanakert şəhəri mərkəz olub. Azərbaycan ali məktəblərində 20,5 faizi ermənilər, əksəriyyəti DQMV olanlardır. Şuşa həmişə Azərbaycan mədəniyyət mərkəzinin beşiyi olub, orada azərbaycanlılar yaşayıb. M.C.Bağırov Ağa Məhəmməd Şah Qacarın Şuşada öldürüldüyünü xatırladıb. Bildirib ki, Şuşa böyük mədəniyyət yaradıb, İbrahim xan, Vaqif və Natəvan və digərlərini yetirib.

M.C.Bağırov ermənilərin iddiaların ilə bağlı xüsusi bir komissiyanın yaradılmasını, müzakirələr zaman aşağıdakı məsələlərə baxılmasını zəruri sayıb: “1.Ermənistanın Əzizbəyov, Vedi və Qarabağlılar rayonlarının Azərbaycana birləşdirilməsi məsələsinə baxılsın. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və ərazi Azərbaycanla sərhəddə yerləşir. Ona görə də daha yaxşı olar ki, bu ərazi Azərbaycana birləşdirilsin. 2.Gürcüstandan olan yoldaşlar vaxtaşırı Balakən, Zaqatala, Qax rayonlarının Gürcüstana birləşdirilməsi məsələsini qaldırırlar. O bölgədəki 79 min nəfərin yalnız 9 min nəfəri gürcü-ingiloydur. Xahiş edirik bu məsələyə baxarkən Gürcüstanın Borçalı rayonun azərbaycana birləşdirilməsi məsələsini müsbət həll edəsiniz. Daha sonra ki, xahiş edirik vaxtilə Bakı quberniyasının tərkibində olmuş Dərbənd və Qasımkənd rayonları Azərbaycana birləşdirilsin. Stalin sonda bu məsələyə baxır və müraciətin üzərinə “oni suma saşli” dərkənarını yazır. Nəticədə Ermənistanın təşəbbüsünə ən yüksək səviyyədə cavab belə olur.

M.Qasımlı dedi ki, ermənilər tarixən Türiyəyə qarşı ərazi iddiaları ilə çıxış ediblər. Bu, mümkün olmayanda Azərbaycana qarşı iddia irəli sürüblər. Azərbaycandan torpaq ala bilməyəndə isə xaricdən erməniləri Ermənistana köçürüblər və azərbaycanlıları Ermənistandan deportasiya ediblər. “Hədəf Böyük Ermənistaan nail olmaq, Ermənistanın torpaqlarını cənuba və şərqə doğru genişləndirmək, yəni Qarabağ və Naxçıvanı almaq idi”-tarixçi alim dedi.

M.Qasımlı Azərbaycan SSR xalq daxili işlər komissarı Stepan Yemelyanovun hazırladığı və M.C.Bağırovun üzərinə “na büro” dərkənarı yazdığı arayışdan da bəhs etdi. Həmin sənəddə DQMV-də erməni ziyalılarının bəzilərindəki mənfi meyllərdən bəhs olunur. Canyan soyadlı erməni 1946-cı ildə yazır ki, DQMV əgər Ermənistanın tərkibinə daxil olsa, erməni mədəniyyəti çiçəklənərdi. Sarkisoviç adlı birisi isə “biz Şuşanı bərpa edib ermənilərə verərdik, yaşayardılar”-yazır. İrəvan Dövlət Universitetinin tələbəsi yazır ki, “mən Ermənistanda daha yaxşı təhsil aldım”. Universitet müəllimi isə deyir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini indi qaldırmaq olmaz, çünki bunu Qarabağ ziyalıları tələb edir, bütün xalq yox. Əslində bununla “bütün xalqın tələb etməsinə” hiyləgərcəsinə çağırış edir. Başqa bir profesor isə deyir o müəllim səhv edir, bunu bütün xalq istəyir, amma məsələni indi qaldırmaq olmaz. Mkrtçyan isə “Bakıda bizə diqqət yetirmirlər, hər şey azərbaycanlılara aiddir” iddiasını irəli sürür.

M.Qasımlı arxiv materiallarına istinadən bildirdi ki, Azərbaycandan torpaq qopara bilməyən ermənilər ikinci varianta əl atdılar: “1945-ci ilin noyabrında SSRİ Xalq Komissarları Soveti bir sənəd imzaladı. Bu sənəd Ermənistanda sovet hökumətinin qurulmasının 25 illiyi ilə əlaqədar xaricdəki ermənilərinin köçürülməsi barədə idi. Bundan sonra ermənilərin Ermənistana köçürülməsi prosesi başladı. 1947-ci il 23 dekabrda qərar çıxdı. Bu qərardan əvvəl Arutunovun Stalinə məktubu var. Yazır ki, xaricdən ermənilər gəlib, amma onlar kənd mühitinə uyğunlaşa bilmirlər, narazılıq edirlər. Onlara normal yaşayış üçün şərait yaratmaq lazımdır. Bundan sonra qərar verilir ki, Ermənistandakı 100 min nəfər azərbaycanlı pambıqçılıq rayonlarına köçürülsün. Mingəçevir, Əli Bayramlı ses tikilir, işçi qüvvəsinə ehtiyac var, pambıqçılıq sahəsinin inkişafı məsələsi var. Xaricdən gətirilən ermənilər isə azərbaycanlıların evlərinə köçürülsün”.

Bununla əlaqədar M.C.Bağırov və Q.Arutyunov birgə sənəd imzalayırlar. M.C.Bağırov nyə bu sənədi imzalayıb? Tarixçi alimin şəxsi fikrinə görə, ola bilsin M.C.Bağırov düşünüb ki, xaricdəki erməniləri Mingəçevir və digər ərazilərə yerləşdirilsə, daha böyük bəlalarla üzləşə bilərik. Ermənilərin heç vaxt torpaq iddalarından əl çəkmədiyini deyən M.Qasımlı qeyd etdi ki, ermənilər heç vaxt yaşlı nəsil arasında aparmayıblar, orta məktəb şagirdləri ilə işləyiblər, gələcək nəsillə iş aparıblar.

Tarixçi alim mərhum prezident Heydər Əliyevin hələ DKT-nın şöbə rəisi olarkən erməni millətçilərinə qarşı apardığı mübarizə barədə konkret faktları sadaladı. Bildirdi ki, H.Əliyev imzaladığı sənəddə “erməni burjua millətçilərindən 60 nəfəri üzə çıxartmışıq. Onlar Stepanakert, Bakı, Kirovabad və Naxçıvanda yaşayırlar. Bu şəxslərdən 15 nəfər öyrənilib”. 1962-ci il 20 iyun tarixli sənəddə həmin ermənilərin adları qeyd olunur və sonrakı dönəmdə barələrində zəruri tədbirlər görülür.

1967-ci il 26 iyunda DTK-nın sədri işləyən zaman isə H.Əliyev Azərbaycan SSR MK-nın birinci katibi Vəli Axundova iki məktub yazır. Məktublarda qeyd olunur ki, iyunun 23-dən 24-nə keçən gecə Stepanakertdə divarlara 300 vərəqə yapışdırılıb və tələb olunur ki, DQMV Ermənistan birləşdirilsin. H.Əliyev onların müəyyənləşrilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.

Sonrakı dönəmdə H.Əliev azərbaycanlı qardaşların ermənilər tərəfindən öldürülməsi ilə bağlı Şuşaya gedir, hətta təkidlərə baxmayaraq, dəvət olunan evdə qalmır, “deyir daş düşdüyü yerdə ağır olar” deyib məsciddə qalır. Bu zaman da erməni millətçilərin cəzalandırılması istiqamətində mühüm addımlar atılır. 1969-cu ildə isə artıq MK birinci katibi olan H.Əliyev Azərbaycan ərazilərinə iddia edənlərlə əlaqədar Kaçinyanla görüşür və 1903-cü il xəritəsini göstərir. Deyir “bax, gör burada bir erməni toponimi varmı?” Bundan sonra ermənilər deyirlər daha bu mövzuaya qayıtmayacağıq. Ancaq ermənilər yenə də iddialarındanəl çəkmir. H.Əliyev M.P.Vaqifə, X.Natəvana Şuşada abidə qoyanda ermənilər daha da qəzəblənir və Moskvaya şikayətlər yazmağa başlayırlar. H.Əliyev Moskvadan erməni iddiaları ilə bağlı məktubuna detallı cavabından sonra növbəti dəfə məsələ qapanır. Tarixçi alim deyir ki, növbəti dəfə iddialar ortaya çıxanda H.Əliyev Krımda istirahət edən SSRİ-nin baş katibi L.İ.Brejnevlə görüşüb və bundan sonra ermənilər növbəti pauzanı verməyə vadar olur. “Heydər Əliyevin siyasəti ilə gedilsəydi, indiki Qarabağ hadisələri olmayacaqdı”-M.Qasımlı əlavə etdi.

Professor 1984-cü ildə Qazaxda baş verən Kəmərli hadisəsi barədə də danışdı. Xatırlatdı ki, ermənilər bu əraziləri də ələ keçirmək istəyirdilər. Ermənistandan Movsesyanın rəhbərliyi ilə bir qrup Qazax rayonuna gəlib. Məsələdən duyuq düşən yerli əhali onların maşınını aşırır, özlərini döyürlər. Ancaq sonra Azərbaycan ərazilərinin Ermənistana verilməsinə qarşı çıxanlara insident yaratdıqlarına görə müxtəlif cəzalar verilib. Keçirilən rəsmi müzakirələrdə qeyd olunub ki, açıq demək lazımdır, bu, Ermənistanın Azərbaycana ərazi iddiasıdır.
Ermənilər bir an belə ərazi iddialarından əl çəkmirlər, hətta bununla bağlı SSRİ rəhbərliyindən çeşidli dəstək alırlar. 25 iyun 1986-cı ildə Dəmirçyan xaricdəki erməni qəzetlərinə maliyyə yardımının edilməsi barədə müraciət edilir. Qorbaçov bu müraciətin müsbət həll olunması barədə göstəriş verir. Mərkəzi Komitənin avqust ayında qərarı olur. Maliyyə dəstəyi Argentina, Faransa və s. ölkələrdəki “Daşnaksütyun”un siyasətini təbliğ edən erməni qəzetlərinə yönəldilir.

Azərbaycan ərazilərinə köçdüklərini ermənilər özləri də etiraf ediblər. 1986-cı ilin noyabrında Dəmirçiyan Mərkəzi Komitəyə yazırdı ki, Ermənistan SSR ərazisinə 230 mindən çox erməni köçürülüb. 1923-cü ildə təkcə Mosuldan 8 min ermənini gətirib Dağlıq Qarabağa yerləşdiriblər. Çar dövründə isə 1,3 mln-luq erməninin 1 milyonununun bölgəyə köçürüldüyü bildirilirdi.

M.Qasımlı jurnalistlərə mühazirəsində digər xeyli sayda tarixi faktlara da istinad etdi. Bu faktlar ermənilərin nə qədər məkrli olduqlarını, Azərbaycan torpaqları uğrunda iddialarından heç zaman vaz keçməyəcəklərini bir daha təsdiqləyir. Bunu tarixçi alimin araşdırdığı 8 ölkənin, o cümlədən ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan arxivlərindəki tarixi faktlar da təsdiqləyir.
****
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, “Qarabağ Araşdırmalar Mərkəzi” İB-nin sədr müavini Səfiyə Mehbəliyeva isə jurnalistlərə “Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində” mövzusunda mühazirə oxudu.

Araşdırmaçı xanım Dağlıq Qarabağ məsələsinə yönəltdi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipinə beynəlxalq baxışdan bəhs etdi. Bildirdi ki, ərazi bütövlüyü prinsipi beynəlxalq hüquqda daha çox işlənib. Burada sərhəd toxunulmazlığı, sərhədlərin dəyişilməz olduğunu özündə ehtiva edir. Bizim də bu gün istinad etdiyimiz ATƏT sənədləri və Helsinki Yekun Aktının istinad etdiyimiz əsas sənədlərdir.

Erməni iddialarını cavablandıran S. Səfiyə Mehbəliyeva qeyd etdi ki, hər bir millət öz müqəddəratını təyinetmə uğrunda mübarizəyə qalxsa, dünya xəritəsi mütəmadi dəyişər: “Təəssüf ki, sülh prosesi şəraitində olmayacaq deyə, bu, dünyada faciələrə səbəb ola bilər”. Məruzəçi qeyd etdi ki, keçmiş SSRİ Konstitusiyası və Azərbaycan SSR, həmçinin Azərbaycan Respublikasının konstitusiyaları və BMT sənədləri sərhədlərin dəyişidirilməsini qadağan edir. O, Cenevrə Konvensiyasına görə işğal zonasında qanunsuz məskunlaşmanın da qadağan edildiyini vurğuladı. Qeyd etdi ki, ermənilərin Qarabağda siyasi təzyiqə məruz qalması barədə bir dənə də fakt yoxdur. “Onlar ana dilində təhsil alırdılar, baxmayarq ki, biz hələ də Cənubi Azərbaycanda buna nail ola bilməmişik. Həmçinin ermənilər sosial-iqtisadi cəhətdən də tam təmin olunmuş təbəqə idi”araşdırmaçı bildirdi. S.Mehrəliyeva qeyd etdi ki, erməni iddiaların ilə bağlı Beynəxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün Azərbaycanın əlində kifayət qədər sübutlar var. BMT TŞ qətnamələri isə tövsiyyə xarakterlidir və məcburetmə qüvvəsi yoxdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində Azərbaycanın KİV-nin nümayəndələri üçün təşkil olunan kurslarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzininin rəhbəri Elçin Əhmədov da Ermənistanın əsassız iddialarını ifşa ilə bağlı konkret fikirlərini söylədi.

Müsavat

...