Erməni iddiası: azərbaycanlıların əcdadı ermənidir

Print Friendly, PDF & Email

Azərbaycanın işğal edilmiş Ağdam rayonunun ərazisində qazıntı ilə məşğul olan erməni alim Hamlet Petrosyan İrəvanda mətbuat konfransı keçirərək azərbaycanlıların əsas əcdadlarından biri olan albanların əslində erməni olduğunu iddia edib.

AzToday.Az xəbər verir ki, İstiPress-in məlumatına görə, Hamlet Petrosyan alban tarixi və kilsəsi barədə dünyada qəbul edilmiş elmi konsepsiyanın erməni alimlərin səhlənkarlığının məhsulu olduğunu deyib. O, xüsusilə tanınmış erməni tarixçi İosif Orbelini söyüb. O bildirib ki, İosif Orbeli öz erkən işlərində yazırdı ki, Qarabağ tarixi erməni torpağıdır, amma 1935-ci ildən Ermitajın direktoru olandan sonra isə yazıb ki, Qarabağ ərazisində albanlar yaşayıb, ermənilər burada gəlmədir və albanları assimlyasiya ediblər. Amma həmin illərdə əksər erməni alimləri, o cümlədən Hamlet Petrosyanın adını çəkdiyi Asatur Mnasakanyan iddia edib ki, alban dili və ədəbiyyatı olmayıb. Amma 1990-cı illərdə Misirdə Müqəddəs Katerina kilsəsindən alban dilində “İncil” tapıldıqdan sonra ermənilərin bu iddialarının yalan olduğu bütün dünyaya isbat olundu. Amma Hamlet Petrosyan bu faktla belə razılaşmır və həmin “İncil”in albanların deyil, hansısa tayfanın dilində olduğunu, ümumiyyətlə, alban adında vahid etnosun olmadığını iddia edib.

Qafqaz Albaniyası üzrə bütün dünyanın qəbul etdiyi alim, Azərbaycan Milli Elmlər Akademiyasıın müxbir üzvü, professor Fəridə Məmmədova İstiPress-ə müsahibəsində ermənilərin bu iddialarına fikir verməməyə çağırıb:

“Ermənilər belə şeylər çox yazırlar, amma dünyanın ciddi dairələrində onlara fikir verən yoxdur. Hər yerdə bizi qəbul edirlər. Çünki ermənilərin iddialarının əsası yoxdur. Mən vaxtında onların bütün iddialarına cavab verərək susdurmuşam. İndi yeni bir şey tapa bilməyib, elə köhnə cəfəngiyyatlarını təkrarlayırlar”.

Fəridə xanımın dediyinə görə, alban irsini azərbaycanlıların əlindan almaq istəyənlər tək ermənilər deyil: “Sentyabrda mən Moskvada konfransda çıxış etməliyəm. Bəzi Dağıstan xalqları Qafqaz Albaniyasının tarixinə iddia edirlər. Mən onların da bu iddialarının əsassız olduğunu sübut edəcəm”.

Fəridə Məmmədova ermənilərin yalnız Qarabağda deyil, bütün Cənubi Qafqazda gəlmə olduğunu sübut edib. Onun araşdırmasına görə, ermənilərin Qafqaza gəlişi 1441-ci ildə Kilikiya ermənilərinin İrəvan yaxınlığında yerləşən Üç müəzzin (Eçmiadzin – red.) kəndində azərbaycanlı mülkədardan yer alaraq monastr tikdirməsindən sonra başlayıb. Eçmiadzin erməni kilsəsinin mərkəzinə çevriləndən sonra ermənilər Cənubi Qafqaza axın etməyə başlayıblar. Fəridə xanımın yazdığına görə, bu, 1918-ci ilə kimi çap edilən bütün nəşrlərdə qeyd olunurdu, amma nədənsə sovet dövründə unudulub.

Qeyd edək ki, alban dilinin hansı dil ailəsinə aid olması barədə müxtəlif versiyalar var və onlardan biri albanların qafqazdilli olmasıdır. Buna görə də bəzi Dağıstan xalqları Albaniyanın onlara məxsus olmasını iddia edirlər. Amma bir sıra tədqiqatçıları isə albanların türkdilli olmasını irəli sürürlər. Bu versiya isə “alban” sözünün saxa-yakut dilində “şöhrətli” demək olmasına əsaslanır. Şəki-Qəbələ regionunun bir sıra yer adlarının da (Marxal, Bum və s.) yakut dilində izah edilməsi bu ehtimalları gücləndirir.

İstənilən halda, 3 min il qabaq albanların hansı dildə danışmasından asılı olmayaraq, genetika və antropolgiya sübut edir ki, müasir azərbaycanlıların əksəriyyəti albanların törəmələridir. Ermənilər isə sanki torpaqlarına göz tikdikləri azərbaycanlıları təhqir etmək üçün albanların, yəni onların əcdadlarının erməni olduğunu iddia etməkdə davam edirlər.

...