Bizim seçimCəmiyyətGündəmHadisəManşet

Generallar arasında savaş davam edir – Vahid Əliyevin kadrlarından biri yola salınıb

Bu günlərdə bir çox informasiya saytlarında belə bir məlumat yayılmışdı ki, Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırılması ona yaxın kadrların narahatlığına səbəb olub. Elektron mediada daha bir sensasion məlumat yer almışdı ki, Vahid Əliyevin vəzifəsindən azad edilməsinə səbəb Prezident Administrasiyasında keçirilən müşavirədə “Casus işi” ilə bağlı onun Baş Qərargah rəisi Nəcməddin Sadikovu günahlandırması, nəticədə iki generalın arasında qarşıdurmanın yaranmasına səbəb olub. Bununla da hər iki general arasında düşmənçiliyin pik həddə çatdığı deyilir.

Qeyri-rəsmi məlumata görə, bu qarşıdurma çoxdan mövcuddur. Hələ aylar öncə Vahid Əliyevin Müdafiə Nazirliyindəki əsas kadrlarından hesab edilən Kadrlar İdarəsinin Statistika və Uçot Şöbəsinin rəis müavini, polkovnik Şaiq Əliyev qarşı tərəfin təzyiqi ilə vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifəsindən kənarlaşdırılmasında MN Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin Statistika və Uçot Şöbəsinin rəisi polkovnik Elşən Atakişiyevin rolu olduğu güman edilir. Deyilənə görə, vəziyyət dəyişən kimi E.Atakişiyev öz müavinini “qurban” verməklə digər cəbhədən tam dəstək almaq istəyir.
Bəs, görəsən kimdir Elşən Atakişiyev? Onu tanıyan keçmiş zabitlərin deməsinə görə, E. Atakişiyev Müdafiə Nazirliyinin ən mühüm idarələrindən birinə rəhbərlik etsə də, hərbçiyə, yüksək rütbəli zabitə, ən əsası da bir rəisə yaraşmayan regionçuluq xəstəliyinə tutulmuş, şəxsi maraq güdən birisidir və nazirlikdə mənfi xarakterli əlaqələr qurmaqla məşhurdur. O, vəzifəsindən sui-istifadə edərək digər müəssisə, idarə və təşkilatlara da adamlarını yerləşdirir və ya tərəfinə çəkdiyi xaraktercə özünə yaxın şəxslər vasitəsilə mövqeyini möhkəmlədir. Bu fəaliyyətini isə ali rütbəli şəxslərin adlarını özünə dəstək baxımından tez-tez hallandırmaqla davam etdirir.

Məlumatlara görə, qeyri-səmimiliyi ilə seçilən bu şəxsin hərbi xidmətdəki 25 illik fəaliyyətində bir çox qaranlıq məqamlar var. Hətta E. Atakişiyevin orduya hansı məqsədlə gəldiyi də qaranlıq olduğu deyilir. Hərbi hissələrdən birinin artilleriya batareyasındakı təlim tağımlarında xidmət etdiyi halda, birdən-birə 3 ay müddətinə kəşfiyyat rəisi olmuş, daha sonra bilinməyən səbəbdən 2 il müddətinə (1996-1998-ci illərdə) hərbi hissə komandirinin sərəncamında qalmışdır. Sərəncamdan sonra 1998-ci ildə artilleriya batareyası komandiri olan bu şəxsin cəmi 4 aydan sonra, 1999-cu ilin əvvəlində xidmətinə və ixtisasına uyğun olmadığı halda MN-in Kadrlar və Hərbi Təhsil İdarəsində vəzifəyə təyin olunması da müəmmalıdır. Azərbaycan 26 ildir müharibə vəziyyətində olsa da, bu illər ərzində heç bir döyüş yolu keçməmiş bu şəxsin 18 ildir ki, kabinetdən-kabinetə keçərək aldığı rütbələrlə gəlib Müdafiə Nazirliyində mühüm postlarından birini tutması ciddi maraq doğurur.

E. Atakişiyevin indiyə qədər eyni idarədə qalması onun himayədarlarının olmasından xəbər verir. Onu tanıyanların iddialarına görə, bəzi yüksək vəzifəli zabitlərin E. Atakişiyevə havadarlıq etmələrinin yeganə səbəbi isə onun həmişə himayədarlarının şəxsi məqsədlərinə xidmət etməsidir.

Deyilənə görə, E. Atakişiyevə hazırda havadarlıq edənlərdən biri 2015-ci ildə isə möhtəşəm villası ilə gündəmə gələn, N.Sadıkovun köməkçisi işləmiş polkovnik Elxan Məcidovdur. Vaxtilə onun başqa hərbi hissəyə göndərilməsinin qarşısını alan da məhz E.Məcidov olub. E.Məcidovun onu dəstəkləməsinin səbəbi E. Atakişiyevin Müdafiə Nazirliyinə deyil, məhz onun maraqlarına xidmət etməsidir.

Onu da qeyd edək ki, 2014-cü ildə E. Məcidovun Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov haqqında elektron KİV-ə və mətbuata saxta, ikrah hissi doğuran məlumat ötürdüyü barədə iddialar ortaya çıxmışdı.

Mənbə: infoaz.org

Bənzər yazılar

Back to top button