Fazil Mustafa: Rus kəşfiyyatı ən yaxşı komandirlərimizi aradan götürür

Print Friendly, PDF & Email

Millət vəkili Fazil Mustafa şəhid komandir, polkovnik-leytenant Şirin Mirzəyevin 70 illik yubileyi ilə bağlı yazıb.

“Qaynarinfo” xəbər verir ki, millət vəkilinin “Facebook”da paylaşdığı yazıda Qarabağ savaşının əsas ilginc məqamları əksini tapıb.

 

MİRZƏYEVÇİLƏRİN 70-Cİ YAŞI…

Səliqəsiz, oturacaqları dar, təmiri alababat durumda olan bir zala daxil oldum. Humanitar Kollecin zalı idi. Bir neçə dəqiqə gecikdiyimdən oturmağa boş yer gözümə dəymirdi. Birtəhər boş yerlərdən birini tapıb oturdum. Səhnədə dəyərli qardaşımız Şəmistan Əlzamanlını gördüyümdə maraqlı bir təqdimatın olacağını hiss etdim. Azərbaycanın Milli Qəhrəmanı, şəhid komutanımız polkovnik-leytenant Şirin Mirzəyevin 70 illik yubileyi keçirilirdi. Bu cür tədbirin harada, necə, kim tərəfindən keçirilməsi həqiqətən düşündürücüdür. Allah razı olsun, bir qrup Qarabağ qazisinin təşkilatçılıq işini öz üzərinə götürdüyü, qonaqları qarşılayıb yerləşdirdikləri, səhnə tərtibatı, texniki qurğuların tənzimlənməsi ilə məşğul olduqları dərhal nəzərə çarpırdı. Ancaq bütün hallarda bu rəsmi dövlət tədbiri sayılmazdı. Həqiqətən milli və həqiqətən gerçək qəhrəmanın, həm də əvəzolunmaz bir komandirin 70 illik yubileyi və anım tədbiri bu qədər sıradan bir oldu-bitdi olmamalıydı axı… Əlbəttə, hansısa böyük, ehtişamlı salonlarda keçirilən yubileylər kiçikləri böyüdə bilmədiyi kimi, dar və kiçik zallarda keçirilən yubileylər də böyükləri kiçiltmək iqtidarında ola bilməzdi. Şirin Mirzəyevin xanımı, olduqca təvazökar və kübar bir insan kimi xüsusi rəğbətim olan dəyərli millət vəkili həmkarım Flora xanımın gəlişimizə görə təşəkkür bildirməsindən də doğrusu utandım. Qələbəliyin içində söyləyə bilmədim ki, axı biz buraya yalnız Şirin Mirzəyəvə dəyər verdiyimizə görə gəlməmişik, bir qəhrəman şəhid komutan qarşısında borcumuzu anlayaraq özümüzə dəyər qazandırmaq üçün gəlmişik.

Şəmistan Əlzamanlının sevimli qocaman səsi ilə Şirin Mirzəyev haqqında filmin təqdimatı başladı. Bu bir sənədli film olsa da son illərdə izlədiyim təbii bir qəhrəmanlıq dastanı idi. Bu film mənim üçün bir çox düşüncələrimi gözdən keçirməyim üçün faydalı oldu. Şirin Mirzəyev əsgərə dəyər verən, əsgərin də dəyər verdiyi fərqli bir komandir obrazıdır. O yüksək səviyyədə hərbi təhsil alıb, öz işinə ciddi, təmənnasız və nə istədiyini bilən bir zabitdir. Əsgərə dəqiq tapşırıq verir, xəritə ilə idarəetməni bilir, kəşfiyyatçını dəqiq əmrlərlə hədəfləri müəyyən etməyə göndərir. Əsgərlərin üzlərindən savadlı bir komandırə inamı dərhal sezirsən. Onların içində xeyli hissəsi şəhid olub, dinc dövrdə dünyasını dəyişənlər var, ancaq hələ yaşayan bu qəhrəmanların özlərini “Mirzəyevçi” adlandırmaları təsadüfi sayila bilməz. Düşündürücüdür ki, şəhadətindən 25 il keçib, ancaq hələ də bizlər Şirin Mirzəyev fenomenini anlaya bilməmişik. O əsgərlərin üzlərinə baxanda, Şirin Mirzəyevin əmrlərini dinləyəndə tam əmin olursan ki, bizim məqlubiyyətimizin əsas səbəbi məhz bu obrazda savadlı və bu obrazda milli komandirlərimizin qıtlığı olub. Bu az sayda komandirləri də rus kəşfiyyatı müxtəlif vasitələrlə aradan götürə bilib. Eyni işi aprel döyüşlərində şəhid olan yüksək hazırlıqlı savadlı və milli hərbçilərimizin də başına gətirdilər. Bu casus şəbəkəsinin alt qatlarda ifşası son vaxtlar mümkün olsa da, hərbi elitanın üst qatlarında gizlənməsi mümkün olan ünsürlərinin yekun olaraq zərərsizləşdirilməsi hələ gerçəkləşməyib. Bu o deməkdir ki, həmin ehtimal olunan casuslar Şirin Mirzəyevləri, Raqubları, Muradları, Rasimləri yenə də öldürmək imkanlarını qoruyurlar.

Savaş başlayanda orduya çağrılanlar içində insanlara iki kateqoriyadan yanaşmaq mümkündür. Hərbi komissarlığın çağrışı ilə gələnlər və Vətənin çağrışı ilə gələnlər. Hər iki kateqoriyadan cəsur döyüşçülər çıxır, ancaq burada gözə görünməyən bir fərqi söyləmədən keçə bilmirəm. Bir var arxanca kağız gəlir, tədarükünü görüb, konstitusion borc kimi orduya gedirsən. Bir də var ki, hansısa duyğuların səni titrədir ki, Vətənin çağrışına cavab verərək savaşa qatılırsan. Mən bu filmdə Şirin Mirzəyevin, eləcə də onun əsgərlərinin gözlərində ikincini, yəni Vətənin çağırışına cavabı oxudum. Əslində dünyanın ən ağır səhnəsi Vətən savaşında məğlub olmuş bir millətin yaşayan nəslinin şəhid olanların filmlərdən işaran gözlərinin içinə necə baxmasında üzə çıxır. Biz niyəsə onların videoçarxlardan üzümüzə dikilən baxışlarına utanmadan baxırıq, biganə baxırıq, bizim üçün şəhid olduqlarını unudaraq baxırıq. İstər-istəməz “Bu qədər atəşli, fədakar insanların potensialını niyə doğru dəyərləndirə bilmədik?” deyə özünüittiham suallından da yan keçə bilmirsən.

Əsgərlərin hamısı deyirdi ki, kaş bütün batalyon qırılaydı, təki Şirin Mirzəyev sağ qalaydı. Bu təkcə komandirə olan sevgidən doğan bir ifadə deyildi, həm də savadlı, dürüst və milli bir komandirin, şəxsiyyətin savaşda dəyərinin nə olduğunu bilən əsgərin reallığı dilə gətirməsi idi.

Bu film Vətəni insana anladan, tanıdan və sevdirən bir əsərdir. Ən başlıcası isə tarixin dərinliklərində saxta qəhrəmanların mücərrəd obrazlarına tapınan insanlarımıza daha real və yeni obrazların təqdimatıdır. İnanıram ki, bu gün insanımıza Şirin Mirzəyev obrazını olduğu kimi tanıtsanız, təbliğ etsəniz, bilgili, cəsur, təmkinli və milli komandirin necə olduğu təsəvvürünü yaratsanız, düşüncələrdə çox şeyləri müsbət yöndə dəyişə bilərsiniz. Mən ad çəkmədən bütün şəhid olan gerçək qəhrəmanlarımıza böyük dəyər verirəm, ancaq ən böyük qıtlığın məhz yüksək savadlı, təmənnasız Vətən sevgisi daşıyan, məsuliyyətli komandırlərlə bağlı olduğunu görürəm, sezirəm.

Qarabağ savaşında məğlubiyyətimizin kökündə bəlkə də yüksək hazırlıqlı, hərb elmini lazımi səviyyədə bilən komandirlərin azlığı faktoru dururdu. Sabahkı savaşımızda da bu amil yenə də qarşımıza dikiləcəkdir. Bu xalqın içindən Şirin Mirzəyevlərin yetişməsini istəyiriksə, uşaqdan böyüyünədək bu obrazı doğru-dürüst tanıtmamız lazım. İlk öncə bu qəhrəmanın yubileyini öz səviyyəmizə deyil, onun səviyyəsinə uyğun keçirməliyik.

Mən dünən Onu daha dərindən tanıdım, anladım. Demək bundan sonra daha sıx-sıx təbliğ edəcəyəm, tanıdacağam. Həm də onun adını övladlarının üzərində qürurla yaşadan Flora xanımı daha yaxından tanıdım. Həm də bu vəfalı, qəhrəman “Mirzəyevçilər”i tanıdım.

Nuri Paşadan sonra sevdiyim böyük komutan obrazı Şirin Mirzəyev oldu…70-in mübarək komutan!

...