“Samirə İsayeva istədiyi “paket”i ala bilmədiyinə görə oğlumu musiqi məktəbinə qəbul etmədi”

“Samirə İsayeva istədiyi “paket”i ala bilmədiyinə görə oğlumu musiqi məktəbinə qəbul etmədi”

Print Friendly, PDF & Email

Valideyn: “Cəmi bir il əvvəl bu direktora belə əməllərinə görə yazılı xəbərdarlıq edilib, amma yenə də özünə qoyulmayıb”

Vətəndaş Sərxanov Natiq Sərxan oğlu Xəzər rayonu Binə qəsəbəsində yerləşən 24 saylı musiqi məktəbinin direktorundan şikayətçidir.

Şikayətçinin sözlərinə görə, 8 yaşlı övladı Tuncay Sərxanlı tar üzrə təhsil almaq üçün həmin məktəbdə imtahan verib, onun bacarığı komissiya tərəfindən yüksək qiymətləndirilsə də, övladı təhsil müəssisəsinə qəbul edilməyib.

N.Sərxanov 11 illik musiqi məktəbinin direktoru Samirə İsayevanın imtahanın nəticəsinə təsir göstərdiyini iddia edir: “İmtahan ötən həftə oldu. Komissiyanın üzvləri övladımın musiqi duyumunu yaxşı qiymətləndirdi. Sonra direktorla görüşəndə ondan eşitdiyimizə şok olduq. Onun sözlərinə görə, komissiya mənim övladıma “yox” deyib. Biz bu cavabı qəbul etmədik. Sonradan öyrəndik ki, sənədin arasına kim paket qoyubsa, onun sənədləri qəbul edilib. Amma bu deyilənləri direktor təkzib edir. Şahidi oldum ki, başqa valideynlər də eyni problemlə qarşılaşıb.

Natiq Sərxanov deyir ki, direktor ona övladının musiqi məktəbində ödənişli kursda təhsil almasını təklif edib: “Kursun hər ayı üçün 55 manat ödəmək gərəkdir və bir il övladımız bu kursa getməlidir. Növbəti tədris ilində övladımızı məktəbə qəbul edəcəyini deyib. Direktorun bu təklifini qəbul edən də oldu, etməyən də. Mən etiraz elədim. Şikayət edəcəyimi bildirdim. Direktor mənə dedi ki, nazirlikdən məktəbə 54 nəfərin qəbul edilməsi müəyyənləşdirilib. O limiti keçə bilmərik. Amma fakt budur ki, musiqi duyumu olmayanlar məktəbə qəbul edilir, komissiyanın yaxşı qiymətləndirdiyi şəxslər isə kənarda qalır.

Mən şikayət edəcəyimi deyəndən sonra direktor mənimlə görüşməkdən imtina etdi. Sonradan dəfələrlə qəbulunda olmaq istədim, qəbul etmədi. Zənglərimə cavab vermədi”.

Natiq Sərxanovun sözlərinə görə, imtahanın əvvəlindən prosedur qaydaları pozulub. Namizədlər qəfil imtahana çağırılıb. Onların da hazırlaşmaq imkanı olmayıb. Məktəbə qəbul edilməyən uşaqların təhsil hüququnun pozulduğunu iddia edən valideyn imtahanın obyektiv keçirilmədiyini, imtahan nəticələrinin ləğv edilməsinin vacib olduğunu bildirib.

Bizimyol.info saytı Sərxanov Natiq Sərxan oğlunun iddiası əsasında 24 saylı musiqi məktəbinin direktoru Samirə İsayeva ilə əlaqə saxlayıb. O, açıqlamasında N.Sərxanovun iddialarının əsassız olduğunu bildirdi: “Komissiyanın rəyi əsasında qərar verilib. Komissiyanın üzvləri uşaqların psixologiyasını nəzərə alıb, istənilən nəticəni göstərən uşağa müsbət cavab veriblər. Amma qeydiyyatda imtahanın nəticəsi olduğu kimi yazılıb. İmtahan keçirilib, qərar da verilib. Yenidən imtahan keçirilə bilməz. Onun müraciəti əsasında biz ona təklif etdik ki, övladını növbəti gündə keçirilən imtahana gətirsin. Amma gətirmədi. O başqa gün gəldi mən isə məktəbdə deyildim, idarəyə getmişdim”.

N.Sərxanov isə bildirir ki, o, direktorun dediyi vaxtda uşağı gətirib, amma direktor onları qəbul edib imtahana buraxmaqdan boyun qaçırıb. Bizə yalnız ödənişli kursları təklif etdi. Direktor məktəbdə ödənişli kursun olduğunu təsdiqlədi: “Əsasnamədə bu göstərilib. Məktəbə qəbul ola bilməyən uşaqların öz hesabına burda təhsil almaq imkanı var. Ödəniş ələ verilmir. Ödəniş bank hesabına köçürülür”.

Valideyn isə bildirib ki, o, Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunıəvi Əsasnaməsi” ilə tanışdır: “Təəssüf ki, məhz bu Əsasnamə musiqi məktəblərində subyektiv qərarlara yol açır. Mən təkrar imtahan tələb etmirəm, mən Samirə İsyevanın təkbaşına müəyyən etdiyi nəticələrin ləğvini və Əsasnaməyə uyğun qaydada imtahan keçirilməsini tələb edirəm. Çünki bu ana qədər Əsasnamənin tələblərinə uyğun qaydada qanuni imtahan keçirilməyib. Sadəcə olaraq, Samirə İsayevanın təşkilatçılığı ilə “imtahan şousu” düzəldilib. Əsasnaməyə əsasən, qəbul komissiyası direktorun əmri ilə onun öz tabeliyində olan şəxslərdən təşkil edilir. Bu komissiya direktorun sifarişlərindən kənara çıxa bilməz, o halda iş yerlərini itirərlər. O üzdən də obyektiv qaydada imtahanın keçirilməsindən söhbət gedə bilməz. Direktor kimdən “paket” alırsa, onların adını siyahıya salır, komissiya üzvləri isə bu siyahıya imza atmağa məcburdurlar. Amma direktor elə danışır ki, sanki komissiya hansısa müstəqil adamlardan təşkil olunub və guya onların rəyi nəzərə alınıb. Komissiya mənim oğluma müsbət rəy bildirdi, amma sonradan direktor gözlədiyini bizdən almadığına görə onun adını siyahıya salmadı. Mən vergiödəyicisiyəm, mənim ödədiyim vergi hesabına o direktor maaş alır, o musiqi məktəbi maliyyələşdirilir və indi belə çıxır ki, mənim ödədiyim vergilər hesabına mənim oğlumdan daha istedadsız uşaqlar musiqi təhsili alacaqlar, mənim istedadlı övladım isə təhsilsiz qalacaq, çünki mənim Samirə İsayevanın tələb etdiyi “paket”i ona vermək imkanım olmayıb. Mənim ödədiyim vergilərlə Azərbaycanın Milli Ordusu maliyyələşir və onlar erməni işğalçılarının qarşısını alırlar, əvəzində Samirə İsayeva burada təhlükəsiz şəkildə oturub rahat-rahat vergiödəyicilərinin istedadlı övladlarının gələcəyini məhv edir. Mən mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə müraciət edirəm: Xahiş edirəm, Samirə İsayeva kimi “dəllallar”ın qarşısını alın, imkan verməyin ki, istedadlı Azərbaycan uşaqlarının gələcəyi bazar təfəkkürünün qurbanı olsun. Cəmi bir il əvvəl bu direktora belə əməllərinə görə yazılı xəbərdarlıq edilib, amma yenə də özünə qoyulmayıb. Xahiş edirəm, daha sərt tədbirlərin görülməsi üçün göstəriş verəsiniz”.

Valideyn bildirib ki, övladının haqları uğrunda sona qədər mübarizə aparacaq: “Prezidentimiz Cənab İlham Əliyevə və Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya da Samirə İsayevanın özbaşına əməlləri barədə şikayət məktubları ünvanlayacağam”.

Qeyd edək ki, musiqi məktəblərinə qəbulla bağlı narazılıqlar çoxdur və bu üzdən mövzunu diqqətdə saxlayacağıq.

Xatırladaq ki, ötən il mart ayının sonlarında şikayətlərə əsasən aparılmış yoxlamaların nəticəsi olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu məktəbin direktoru İsayeva Samirə Məmməd qızına işdə yol verdiyi nöqsanlara görə yazılı xəbərdarlıq elan edib. Həmçinin həmin məktəbin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına da töhmət elan edilib.

...