Nigar Camalı DYP-yə kim sifariş verib?

Print Friendly, PDF & Email

Murad Dadaşovla “Eurovision”un qalibi arasında münaqişə yaşanıb?

Dünən ölkə mətbuatının yazdığına görə tanınmış müğənni Nigar Camalın DYP əməkdaşları tərəfindən saxlanılmağı barədə və onun DYP əməkdaşlarının ünvanına dediyi sözləri ölkə mətbuatının gündəminə “bomba” kimi düşdü.

Sözügedən hadisə Rusiya və Avropa mediasının da diqqətini çəkib. Nigar Camal APA TV-yə verdiyi müsahibədə bildirib ki, YPX əməkdaşları onu 6 dəfə saxlayıb və demək olar ki, müxtəlif bəhanələrlə onu “ilişdirməyə” çalışıblar.

N.Camal hətta atasının da bu yaxınlarda DYP əməkdaşları tərəfindən əsassız şəkildə saxlanıldığını bildirib. “Mən tanınmış adamam, mənə qarşı belə edirlərsə… görün, sadə insanları, kasıb adamları necə incidirlər”, – deyə Nigar Camal vurğulayıb.

365info.az saytı isə məlumat yayıb ki, Nigar Camala qarşı həyata keçirilən bu “tədbirlər”in arxasında ona qarşı xüsusi təzyiq kampaniyası durur.

Saytın yazdığına görə, Nigar Camalla tanınmış şoumen Murad Dadaşov arasında münaqişə baş verib. Belə ki, aralrında baş verən mübahisəyə görə Murad Dadaşov Nigar Camala onu cəzalandıracağını deyib.

Məlumata görə, DYP əməkdaşlarına bu sifarişi verən Murad Dadaşov və ya onu müdafiə edən hansısa bir məmur olub. Bu təzyiqlərin arxasında kimin durduğundan Nigar Camalın da xəbərdar olduğunu, nəhayət, məsələni ictimailəşdirmək qərarına gəldiyini bildiriblər.

365info.azın yaydığı məlumata görə, şoumen Murad Dadaşov Bakı DYP-nin rəisi Nurşirəvan Səfərovun oğlu ilə Bakının Yasamal rayonu Nəriman Nərimanov meydanı 9 ünvanda yerləşən R&B restoran-kafesinə şərikdilər.

“Təxminən iki il əvvəl DİN-nin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin rəisi Şərif Əsədullayev aldığı əməliyyat məlumatı əsasında R&B restoran-kafesində tədbir keçirmişdi. Hətta o tədbirdən sonra ölkə mətbuatı R&B restoran-kafesinin şoumen Murad Dadaşovun sahibi olduğundan yazmışdı. Sonra Murad Dadaşov ölkə mətbuatına çıxaraq həmin məlumatı təkzib etdi”, – sayt yazır.

“Xatırladaq ki, Murad Dadaşovun sabiq nəqliyyat naziri Ziya Məmmədovla və onun oğlu Anar Məmmədovla sıx münasibətləri olması barədə saytlar çox yazıb. Hətta milli.az-da dərc olunan bir məlumata görə, Anar Məmmədov şoumen Murad Dadaşovun oğlunun kirvəsidir”, – yazıda bildirilir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

...