Sarkisyan Qarabağı geri qaytarmağa hazırlaşır

Print Friendly, PDF & Email

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahında ciddi kadr islahatları həyata keçirməyə hazırlaşır.​ AzToday.Az-ın məlumatına görə, bu barədə “Joxovurd” erməni qəzeti yazır.

Qəzet Baş Qərargahdakı mənbələrinə istinadən xəbər verir ki, Sarkisyan 2016-cı ilin aprelində baş vermiş “Dördgünlük müharibə”dən sonra təyin etdiyi Baş Qərargah rəisi Movses Akopyanı vəzifəsindən uzaqlaşdıracaq.

Mənbə həmçinin bildirib ki, onun yerinə Baş Qərargah rəisinin birinci müavini, general-mayor Onik Qasparyan təyin olunacaq. Bu barədə artıq razılıq əldə olunub.

Birinci Qarabağ müharibəsinin iştirakçısı Movses Akopyanın gələcək taleyi barədə heç bir məlumat verilmir.

Ola bilər ki, keçmiş müdafiə naziri Seyran Ohanyan kimi M.Akopyan da Sarkisyan rejiminə qarşı çıxsın və Moskvaya qaçsın.

“Past” erməni qəzeti isə yazır ki, bu kadr islahatlarının arxasında yeni müharibəyə hazırlıq durur. Sarkisyan müharibəni bu dəfə Azərbaycanda anadan olan və Qarabağın işğalında yaxından iştirak edən generallarla aparmaq istəmir.

Qəzet son islahatların təsadüfi olmadığını, yeni təyin ediləcək rəhbərlərin xüsusilə seçildiyini yazır.

Qarabağ ermənisi M.Akopyanın yerinə Qarabağ klanından uzaq duran, İcevan rayonunda anadan olan Onik Qasparyan təyin ediləcək.

Və ya Azərbaycanın Xanlar rayonunda anadan olmuş Baş Qərargah rəisinin müavini general-leytenant Aykaz Baqmanyan və Qarabağ klanına yaxınlığı ilə tanınan general-leytenant Stepan Qalstyan da vəzifəsindən uzaqlaşdırılır.

Erməni KİV-lərinin yazdığına görə, Serj Sarkisyan qarabağlıları ordu rəhbərliyindən qəti şəkildə uzaqlaşdırmağa və onların yerinə təcrübəsi olmayan generalları gətirməklə Qarabağı Azərbaycana qaytarmağa çalışır.

Sarkisyan bu prosesə Şuşada anadan olan müdafiə naziri Seyran Ohanyanı vəzifədən uzaqlaşdırmaqla başlayıb. Erməni mətbuatı Sarkisyanın bu addımı Rusiyanın diqtəsi ilə atdığını iddia edirlər.

İstipress

...