Azərbaycanlı oliqarx gizlicə Las-Veqasda erməni milyarderdən mülk aldı

Print Friendly, PDF & Email

ABŞ-ın kazinolar şəhəri Las-Veqasda qalmaqallı azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova məxsus milyonlarla dollarlıq ticarət mərkəzi aşkarlanıb və bu əmlakın üzərinə həbs qoyulub. virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Qəztin yazdığına görə mülkə Telman İsmayılovun yüz milyonlarla dollar borclu olduğu “Bank Moskva”nın (VTB-nin törəmə bankı) qaldırdığı iddia əsasında həbs qoyulub. Bank Amerika məhkəməsində iddia qaldıraraq göstərib ki, Telman İsmayılov dələduzluqla məşğul olub, Rusiyada götürdüyü kreditləri qaytarmaqdan imtina edərək vəsaitləri xaricə köçürüb və qohumlarının adına daşınmaz əmlak almaq üçün istifadə edib.

Rusiya bankı Telman İsmayılovun Las-Veqasda mülkə malik olduğundan xəbər tutmazdı, Kipr məhkəməsinin qərarı olmasaydı. Belə ki, bu ilin fevralında bankın hüquqşünasları Nikosiya dairə məhkəməsinə müraciət edərək bir sıra Kipr bankları tərəfindən Telman İsmayılova məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş “Vesto Trading Limited” offşor şirkətinin fəaliyyətinə dair informasiyaların açıqlanmasını tələb edib.

“Vesto Trading Limited” İsmayılovun özü kimi kredit öhdəlikləri daşıyır. “Bank Moskva” 2012-2014-cü illərdə İsmayılova məxsus “Rusline 2000” və Hollandiyada qeydiyyatdan keçmiş “Tropicano Finance B.V.” şirkətlərinə cəmi 230 milyon dollar kreditlər verib. Həmin kreditlərə görə zamin qismində İsmayılovun Seyşel adalarında qeydiyyatdan keçmiş digər şirkəti çıxış edib. Sonradan İsmayılovun şirkətləri kreditləri qaytarmağı dayandırıb və hazırda oliqarxın təkcə bu bank qarşısında öhdəliyi 19 milyard rubl (300 milyon dollardan çox) təşkil edir.

Xatırladaq ki, bank Telman İsmayılovun müflis elan edilməsi və əmlakına həbs qoyulub hərracda satılması barədə iddia qaldırıb. Rusiya məhkəməsi iddianı təmin edib. Telman İsmayılov müflis elan ediləndən sonra onun məşhur “Praqa” restoranı, “Tropikano” biznes-mərkəzi və AST ticarət mərkəzi bankın nəzarətinə keçib. Bu yaxınlarda İsmayılovun Moskvadakı bir neçə daşınmaz əmlakına da həbs qoyulub.

Oliqarxın Las-Veqasdakı mülkü

Lakin əsas mübarizə Telman İsmayılovun Antalyadakı məşhur “Mardan Palace” oteli uğrunda gedir. “Mardan Palace” otelini idarə edən “AST İnşaat Taahhut Ticaret Ve Sanayi Anonim Sirketi” və “Olimpus Insaat Turizm Gida Otelcilik Nakliye Sanayi Ve Ticaret Anonim Sirketi” “Bank Moskva”dan alınan kreditlər üzrə zamin qismində çıxış edir. Bununla əlaqədar bank hələ 2015-ci ildə Antalya məhkəməsində həmin şirkətlərin müflis elan edilməsi barədə iddia qaldırıb. Ancaq məhkəmə iddiaya baxılmasına indilərdə başlayıb. İddia təmin olunsa “Bank Moskva” “Mardan Palace” otelinə də nəzarət edə biləcək.

Kipr məhkəməsinin qərarı ilə açılan informasiyadan, yəni Telman İsmayılovun Las-Veqasda mülkünün olmasından isə “Bank Moskva”nın hüquqşünasları hələ 2014-cü ildə xəbər tutmuşdular. Belə ki, həmin il “Rusline 2000” şirkəti kreditlərin qaytarılmasını dayandıranda bankın hüquqşünasları müəyyən etmişdilər ki, “Vesto Trading Limited” şirkətinin hesabından 8 milyon dollardan çox vəsait Las-Veqasdakı “Craig Valley Plaza” ticarət mərkəzinin alınması üçün istifadə olunub.

Bu ticarət mərkəzinin ümumi sahəsi 7 min kvadratmetrdən çoxdur. Əvvəllər İran əsilli erməni, məşhur amerikalı milyarder Sem Nazaryanın ailəsinə məxsus olub. Hazırda isə ticarət mərkəzinin sahibi Telman İsmayılovun qohumu Nailə Sadıxovanın nəzarətində olan “Marker Craig LLC” və “Marker LLC” şirkətlərinin nəzarətindədir.

Bankın hüquqşünasları Nevada ştatının Klark dairə məhkəməsində “Marker “və “Vesto Trading” şirkətləri arasında həyata keçirilən maliyyə əməliyyatının dələduzluq kimi tanınması , ticarət mərkəzinə həbs qoyulması barədə iddia qaldırıb. Məhkəmə operativ qaydada bu mülkün üzərinə həbs qoyub və cavabdeh tərəfə vaxt verib ki, kreditorların iddialarına cavab versin.

VTB-nin mətbuat xidmətindən “Kommersant”a bildiriblər ki, onlar Telman İsmayılovdan borcların qaytarılmasına dair heç bir konkret təklif almadıqlarına görə məhkəməyə müraciət etməli olublar. “Biz Telman İsmayılovdan borcların qaytarılması üçün həm Rusiyada, həm xaricdə bütün qanuni tədbirləri görmək niyyətindəyik”-bankdan bildiriblər.

Virtualaz.org

...