Bu gün Azərbaycanda Ramazan bayramınıdır

Print Friendly, PDF & Email

Bu gün Azərbaycanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər. Möminlər səhər saatlarında Azərbaycanda və bütün dünyada müsəlmanlar üçün böyük bayram hesab olunan Ramazan bayramının namazını qılacaqlar.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır.

Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə “leylətül-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı isə belə açıqlanıb: Bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası hesablanıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Fürsətdən istifadə edib AzToday.Az kollektivi adından Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik!

...