CəmiyyətHadisə

“TS Production” kompaniyasının festival fırıldağı

Bakıda məktəblilərə qarşı fırıldaqlıq və ya “Dostluq PointBeach”in məktəblilərə spirtli içki təklifi…
İyulun 1-də “TS Production” kompaniyasının təşkilatçılığı ilə Bakıda -“Dostluq PointBeach” klubda keçirilməsi nəzərdə tutulan “Color” festivalında iştirak etmək üçün bilet alan çoxsaylı məktəbli fırıldağın qurbanı olub. Belə ki, həmin gün saat 11:00-da başlanması nəzərdə tutulan festival saat 13:00-dək uzadılıb. Nəhayət saat 15:00-da “baş tutan” tədbirdə məktəblilərin narahatçılığını görən təşkilatçılar hər 15-20 dəqiqədən bir festivalda istifadə olunması nəzərdə tutulan rənglərin guya  yolda olduğunu söyləyib. Sözügedən festivalda iştirak etmək üçün 50 AZN məbləğində pul ödəyib bilet alan Xədicə Həsənova redaksiyamıza bu barədə məlumat verib. Onun sözlərinə görə, festivala gələnlərin əksəriyyəti 9-11-ci sinif  şagirdləri olub. Biletlər 20 AZN-dən başlayaraq, 50 və 100  AZN-ə satılıb.  Bu qeyri-normal məbləğ yalnız istifadə olunacaq rənglərin sayına görə müəyyənləşdirilib. Yayın istisində, dəniz kənarına toplaşan uşaqlara qarşı əsl hiyləgər və fırıldaq  münasibəti göstərilib. Məlumatda bildirilir ki, təşkilatçılar festivalda iştirak etmək üçün buraya üz tutan və özləri ilə içəcək və yeyəcək qidaları gətirən insanları bir şərtlə içəri buraxırlarmış ki, onlar əllərində olanları bayırda qoyub festivalda iştirak edə bilərlər. Məqsəd “Dostluq PointBeach” klubun satışına xeyir vermək olub. Burada festival təşkilatçıları insanlara qarşı əsl sayğısız və iyrənc metoda xidmət ediblər. Adi bir suyu belə içəri buraxmamaqla yanaşı, 40 qəpiyə olan suyu uşaqlara 2 AZN-ə, dondurmaları isə 5 AZN-ə satıblar. Görəsən, “TS Production” kompaniyasının bu davranışları və birgünlük hiyləgər “planı” nəyə hesablanıb və kimə xidmət edir? Nəhayət, saat 11:00-dan 18:00-a kimi ac-susuz qalan uşaqlar məcbur olaraq dəfələrlə baha qiymətə satılan ərzaqlardan almaq məcburiyyətini yaşayıblar. Hətta utanmadan elan olunub ki, istirahət mərkəzindən kənara çıxanlar içəri buraxılmayacaq. Görəsən, onlar hansı haqla bunu edirdilər? İşçi personajı isə festivala toplaşanların uşaqlar olduğundan istifadə edərək istirahət mərkəzində olan masaları 5 AZN-ə satıb. Belə bir sual yaranır, bəs onda biletlər nə üçün satılırdı? Ən dəhşətlisi odur ki, üzdən iraq təşkilatçılar azyaşlı uşaqlara baha qiymətə spirtli içkilər və qəlyan da satıblar. Gün istisindən  halı xarab olan uşaqlar sadəcə içəri aparılıb, təcili yardım xidmətindən belə istifadə edilməyib. Nəhayət, polislərin müdaxiləsindən sonra təcili yardım çağırılıb. Festivalın ən maraqlı və kulminasiya nöqtəsi təşkilatçıların istifadə olunacaq rənglərin gömrükdən keçməməsini bildirmələri olub. Gənclərin etiraz etdiyini gördükdə isə hamını növbəti gün yenə də “Dostluq PointBeach”-ə çağırış elan veriblər. Təbii ki, fırıldaqçılığa adət edən təşkilatçılar ertəsi gün yenə də tədbirin vaxtını dəyişib, bir sıra bəhanələr gətirməklə verdikləri sözü tutmayıblar. Azyaşlı uşaqları dəniz kənarına yığan “TS Production” kompaniyasının nümayəndələri günün sonunda heç də gözə dəyməyib, görünür, pullarını yığaraq aradan çıxıblarmış. Suallar yaranır, nə üçün təşkilatçılar uşaqların təhlükəsizliyini nəzərə almayıb? Belə tədbirlərin hansı formatda təşkili və keçirilməsinə nəzarət varmı?
Qazanc əldə etmək çox gözəldir, amma vicdan və əxlaq prinsipi unudulmamalıdır!







Bənzər yazılar

Back to top button