Gündəm

Azərbaycan Dəmir Yolları borclarını əhalinin vasitəsilə ödəməyə çalışır

“Azərbaycan Dəmir Yolları” QSC qatarlarda bəzi yerlər üçün gediş haqqını qaldırıb. Belə ki, Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% bahalaşacaq. Bildirilir ki, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Maraqlıdır, “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarlarında qiymət artımı Tarif Şurası tərəfindən müəyyənləşib, yoxsa bahalaşma daxili qərardır? Qiymət artımı digər sahələrdə də gözlənilirmi? “Azərbaycan Dəmir Yolları” QSC-dən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, yeni qiymətlər daxili qərara əsasən təyin olunub.

Maraqlıdır ki, qiymət artımı olsa da qatarların dəyişilməsi hələ gündəmdə deyil. Mətbuat xidmətinin əməkdaşı bu istiqamətdə yönləndirdiyimiz sualı cavablamayıb. Tarif Şurası ilə isə əlaqə mümkün olmayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli mövzunu şərh edərək bildirib ki, qatarlarda gedişhaqqının artırılması iqtisadi proseslərlə əlaqəli deyil. Qiymətlərin qalxmasının yeganə səbəbi Dəmir Yolları QSC-nin qeyri-şəffaf və borcla işləməsidir:

“Daxili, həm də xarici borcları əhalinin vasitəsilə ödəməyə çalışırlar. Rəsmi olaraq ziyanla işləyirlər. Metropolitendə, o cümlədən də digər dövlət qurumlarında qiymət artımının olma ehtimalı hər zaman var. Metropolitendən bildirilir ki, bir sərnişinin daşınma xərci bir gediş üçün 50-55 qəpikdir”.

Maraqlıdır, bu, hansı göstəricilərə əsasən hesablanır: “Bu sualı cavablamaq bir az çətindir. Yaxın zamanlarda qiymət artımı olacağını düşündüyüm ən real sahə Metropolitendir. Ola bilər ki, qatarlarda qiymət artımından sonra cüzi də olsa avtobuslarda gediş haqqı qaldırılsın. Lakin bu sahədə kəskin qiymət artımı olacağını düşünmürəm. Az-çox da olsa, bu sahədə rəqabət var, özəl şirkətlərin sayı çoxdur. Sərnişindaşıma ilə məşğul olan fərdi şəxslərin sayı çoxdur. Dövlət avtovağzalda qiymətləri qaldırsa, özəl sektor buna cavab olaraq qiymətləri saxlayacaq ki, daha çox müştəri cəlb etsin. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olanda hər zaman pis nəticələr əldə edilir”.

Bənzər yazılar

Back to top button