Hadisə

Yeriyərək girdiyi xəstəxanadan əlil arabası ilə çıxdı – səhiyyədə növbəti qalmaqal

«Boğazıma infeksiya düşmüşdü. 1 saylı Şəhər Klinik Xəstəxanasına getdim. Heç bir müayinə aparılmadı, həkim əlamətləri soruşdu, dedi, «aydındır, başınızda meningit var». Onurğamdan ilik çəkdilər, komaya düşdüm. Ayılanda ayağımda heç bir hissiyyat yox idi. Ayaqlarım işləmirdi. Həkim bildirdi ki, 5-10 gün ərzində düzələcək. Üç ay orda yatdım. Lakin üç ay ərzində ayaqlarım açılmadı. Xəstəxanada yatdığım müddətdə müalicəmə gərəkən dərmanları da özümə aldırdılar. Diaqnozumu səhv qoymuşdular. Bunu sonradan öyrəndim».

Cəlilabadın Közbulaq kənd sakini Zəkəriyyə Orduyev «Qaynar xətt»ə məktub yazıb. O, beş ildir ki, həkimlərin apardıqları səhv müalicə nəticəsində əlilə çevrildiyini qeyd edir.

SƏHV DİAQNOZ ÜZRƏ MÜALİCƏ DƏ SƏHV APARILIB

Z.Orduyev yazır, sonradan «MRT» müayinələrindən keçib və bəlli olub ki, problem bel nahiyəsindəymiş. Bundan sonra ona xəstəxanadan evə könüllü yazılması barədə ərizə yazdırıblar:

«Baxdım ki, ortada canım da gedir, pulum da gedir, müalicə də başdan-ayağa səhv aparılır. Özləri də dedilər ki, «get, bir normal yer tap, müalicə olun». Halbuki, xəstəxanaya yeni qəbul olunanda mən İrana müalicəyə getmək istədiyimi bildirmişdim, həkimlər də demişdilər ki, «İrana gedib, sonra bizim xəstəxanaya gələn xəstələri qəbul etmirik»».

Şikayətçi yazır, beləcə, öz ayağı ilə gəldiyi xəstəxanadan əlil arabasında ayrılıb. Sonra müalicəsini İrandakı xəstəxanalarda davam etdirməyə qərar verib:

«İranda dedilər, «həkimləriniz sənin üzərində əməlli-başlı təcrübə aparıblar». Əvvəla, diaqnozu səhv qoyublar, iş orasındadır ki, səhv qoyduqları diaqnoz üzrə müalicəni də səhv aparıblar. Yəni, heç müalicə də qoyduqları diaqnoza uyğun olmayıb. Adam bilmir gülsün, bilmir ağlasın…».

«EVİN TAVANI YOXDUR»

Z.Orduyev ayağa qalxmaq üçün altıncı ildir müalicələr alır. İş orasındadır ki, beş ildə qəbul etdiyi yüksək dozalı dərman preparatları onun böyrəklərini də sıradan çıxarıb. Bir böyrəyi çıxarılıb, ikinci böyrəyi də funksiyasını itirmək üzrədir. O, nəinki həyat yoldaşını və azyaşlı övladını dolandırmaq imkanlarından məhrum olub, əksinə, özü demişkən, əlil arabasına təhkim olmaqla ailəyə yük olub.

Əlilin başqa dərdi də var – müalicələrinə görə bankdan götürdüyü kreditlər indi təqaüd kartından tutulur:
«Yataq yarasından müalicə olunurdum, müalicənin yarımçıq qalmaması üçün pula ehtiyacımız vardı. Məcburiyyət qarşısında bankdan götürdük. İndi bank kartda çörəkpulu da saxlamır. Gəlib yaşayışımızı görsəniz… Evin tavanı yoxdur, tentlə örtmüşük ki, yağış yağanda içəri su ilə dolmasın, ayağımızın altında döşəmə əvəzinə torpaqdır. Yazılası, deyiləsi dərd deyil…».

«BEŞ İL KEÇİB»
Z.Orduyev ayağa qalxmaq istəyir, onu əlil arabasına təhkim etmiş həkimlərin cəzalandırılmasını tələb edir.
1 saylı Şəhər Klinik Xəstəxanadansa «Qaynar xətt»ə bildirilib ki, xəstənin narazılığı vardısa, gərək vaxtında araşdırma tələb edəydi:

«Beş il keçib, hələ araşdırılmalıdır ki, bu xəstəxanada belə bir xəstə olub, ya yox… Bəlkə elə burdan çıxıb, gedib başqa yerdə səhv müalicə alıb, o vəziyyətə düşüb. Çox vaxt keçib, hamısı araşdırılmalıdır. Heç bu barədə xəstə hüquq-mühafizə orqanlarına da müraciət etməyib. Bizdə heç bir məlumat yoxdur».

Əlil arabasında olan və ağır sosial şəraitdə yaşayan Z.Orduyev hüquq-mühafizə orqanlarına şikayət etməməsinin səbəbini daim müalicələr altında olması və səhhətinin ağırlaşması ilə əlaqələndirib. Hazırda isə o, gözünü xeyirxah insanlara dikib, müalicəsi və ayağa qalxması üçün onlardan kömək istəyir.

(azadliq.org)

Bənzər yazılar

Back to top button