Cəmiyyət

Hərbiyə yollanan günəmuzd çalışanların ailələrinin sosial təminatı necə olacaq? – Ekspert

“Bununla bağlı Milli Məclis və yaxud Nazirlər Kabinetinin qərarı ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışan insanların orduda olduğu müddətdə onların ailələrinin sosial təminatının necə olacağından danışarkən deyib. Ekspert bunun çox ağrılı məsələ olduğunu bildirib:

“Çünki söhbət iş yerlərində qeydiyyatsız çalışan vətəndaşlarımızdan gedir. Hansılar ki, canla-başla, könüllü olaraq vətənin indiki durumunda orduya çağırılırlar. Onların ailələrinin maddi vəziyyətinin ağırlaşmaması üçün həm dövlətin, həm də cəmiyyət olaraq müəyyən addımların atılmasına ehtiyac var. Çünki ölkədə müəyyən şirkətlər, böyük holdinqlər var ki, onlar həmin ailələrin maddi təminatının bir hissəsini öz üzərinə götürə bilərlər. Dövlət də xüsusi bir qeydiyyat sistemi tətbiq edə bilər. Həmin insanların orduda xidmət etdiyi müddətdə ən azından ailələrin minimum əmək haqqıyla təmin edilməsi ilə bağlı qərar verilə bilər. Çünki onlar 18 yaşına çatan çağırışçı deyil. Onlar vətən qarşısında borclarını bir dəfə yerinə yetiriblər, sadəcə sonradan orduya çağırırlar. Onların xüsusi olaraq ayrıca qeydiyyatı aparılmalıdır”.

Natiq Cəfərli bildirib ki, rəsmi iş yerləri olmayanların siyahısı tutulmalıdır:

“İşləməyənlər, iş yerləri olmayanlar, günəmuzd çalışanların ayrıca bir siyahısının tutulması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin insanların ailələrinə aylıq sosial müavinətlərin ödənilməsi ilə bağlı Milli Məclis və yaxud Nazirlər Kabineti qərar verə bilər. Amma bu məsələdə cəmiyyət də aktiv olmalıdır. Holdinqlər, iri şirkətlər, iş adamları, varlı insanlar, onlar da həmin şəxslərin ailələrinə ünvanlı sosial yardım göstərilməsi ilə bağlı kampaniya başlada bilərlər”.

İqtisadçı qeyd edib ki, bu kimi dəstək kampaniyaları xalqın proseslərdə ordusunun yanında olmasının daha bir göstəricisinə çevrilə bilər.

Bənzər yazılar

Back to top button