Lerik İcra Hakimiyyətində dava – idarə müdirləri toplantıya qatılmaqdan imtina etdilər

Lerik rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevlə rayonda fəaliyyət göstərən dövlət idarələrinin müdirləri arasında konflikt daha da kəskinləşib. Belə ki, ötən gün vəziyyət dava həddinə qədər gəlib çatıb.

Rayondan AzToday.Az-a daxil olan məlumata görə, C.Baxşıyev ötən gün İcra Hakimiyyətində toplantı çağırıb. Toplantıya mədəniyyət və turizm, səhiyyə, təhsil, yol və başqa idarələrin müdirləri çağırılıb. Lakin heç kim toplantıya qatılmayıb. Bundan əsəbiləşən Baxşıyev idarə müdirlərinə zəng edərək onları hədələyib. Bundan sonra bir neçə idarə müdiri İcra Hakimiyyətinə gələrək birinci müavinlə dalaşıb. Hətta bir neçəsi ilə bir-birinin ünvanına kəskin sözlər işlədiblər.

Mənbə deyir ki, Baxşıyev faktiki özünü rayonun icra başçısı kimi aparmağa çalışır. O hətta Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədridir. Amma artıq idarə müdirləri Baxşıyevin tələblərini yerinə yetirməkdən boyun qaçırırlar.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.Az