Bizim seçimHadisəManşet

POLKOVNİKİN ÖLÜMÜ – Holdinq rəhbəri oğlunun törətdiyi qəza yenidən gündəmdə

Ötən gün “AzPolitika.info” hələ bir müddət əvvəl mətbuatda yayımlanan məlumatlara əsaslanaraq, iş adamı, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidovun oğlu Xaliq Seyidovun ağır yol qəzası törətdiyi, nəticədə onun vurduğu adamın dünyasını dəyişdiyi haqda məlumat dərc edib. Məlumatda sözügedən hadisənin 2014-cü ildə “Memar Əcəmi” metrostansiyasına yaxın ərazidə baş verdiyi, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının indiyədək biznesmenin oğlunun barəsində heç bir ölçü götürmədiyi vurğulanıb. Bunun səbəbi ilə bağlı isə ictimaiyyətə heç bir açıqlama verilməyib.

Criminal.az saytının apardığı araşdırma holdinq rəhbərinin oğlunun törətdiyi hadisə ilə bağlı qaranlıq məqamlara müəyyən qədər aydınlıq gətirib. Məlum olub ki, X.Seyidov 2014-cü il mayın 18-də Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin polkovnik-leytenantını vurub.
Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində, X.Seyidov məsuliyyətdən kənarda qalıb və işə xitam verilib. Səbəb kimi isə guya hərbçinin yol qəzasında deyil, ürək problemindən öldüyü göstərilib.

“Xaliq Faiqoğlu” şirkətinin baş direktorunun müşaviri Zamiq Şükürov Criminal.az saytına açıqlamasında bildirib ki, hadisə 2014-cü ildə baş verib. Vurulan şəxs isə hadisə vaxtı deyil, 5 gün sonra xəstəxanada rəhmətə gedib.

”Hətta maşınla vurulan hərbçinin müalicə xərcləri üçün Faiq müəllim Türkiyə ilə danışıq aparmışdı. Lakin zərərçəkmişin ailəsi bununla razılaşmadı və Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə olunmasını lazım bildi. Vurulan zabit bud nahiyəsindən xəsarət almışdı və cərrahi əməliyyat edilmişdi. Onun qəzada aldığı xəsarətlər ölümcül olmayıb. Heç reanimasiyaya da yerləşdirilməyib, palata qalıb. Ailəsi heç o vaxt Mərkəzi Klinikaya da yerləşdirilməsini istəmədi. Bildirdilər ki, hospitalda müalicə alsın və xəstəliyi ilə əlaqədar da təqaüdə çıxsın. Hadisədə cinayət tərkibi olmayıb və işə xitam verilib” – Z.Şükürov qeyd edib.

Z.Şükürov əlavə edib ki, mətbuatda gedən yazılarla bağlı Dövlət Təhlükəsizlik Xidməti və Mətbuat Şurasına müraciət ediləcək. Çünki bu işlə bağlı əvvəllər məlumat yayan və hazırda həbsdə olan baş redaktorla bağlı DTX tərəfindən aparılan istintaq işində Faiq Seydov və Xaliq Seyidov şahid qismində dindirilib.

Qeyd edək ki, Zamiq bəy oxşar fikirləri “AzPolitika.info” ilə əlaqə saxlayaraq da bildirib. Baxmayaraq ki, hadisə ilə bağlı saytımıza rəsmi açıqlama verməkdən imtina etmişdi.

Ancaq qeyd edək ki, “AzPolitika.info”ya daxil olan məlumatda Müdafiə Nazirliyinin polkovnik-leytenantı Eldar Vəli oğlu Məmmədovun məhz aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat etdiyi bildirilirdi. 

Hadisə baş verən vaxt zabitin ölümü ilə bağlı mətbuatda da məlumat dərc olunub. Həmin vaxt APA-nın yaydığı məlumatda bildirilirdi ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib: ”

Qeyd edək ki, məlum hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.“(http://musavat.com/ news/son-xeber/Masinla-vurulan-polkovnik-leytenant-oldu_196725.html) .
Sual olunur, əgər mərhum xəstəliyi ilə əlaqədar dünyasını dəyişmişdisə, niyə ilkin məlumatda “Eldar Vəli oğlu Məmmədovun məhz aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat etdiyi” bildirilirdi?

ddfe7d2ef7eeb00d8ac6db5608ca6aee

Onu da qeyd edək ki, E.Məmmədov 1992-ci ilin ikinci yarısında döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bolgəsinə ezam olunub, 1993-cü ilin yanvar ayında Ağdamın Fərrux Dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin mart ayından 2000-ci ilə qədər Bakı Ali Hərbi Komandirlər Məktəbində müəllim vəzifəsində çalışıb. 1999-cu ildə Türk Silahlı Qüvvələrində ixtisaslaşma kurslarını xüsusi fərqlənmə ilə keçib. 2000-ci ildən 2005-ci ilə qədər xidmətini davam etdirmək üçün yenidən döyüş bölgəsinə göndərilib. 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində işləyib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucovun oğlu Rüstəm Orucov xuliqanlıq əməlinə, avtobus sürücüsünü vurduğuna görə həbs edilib, özü isə ölkə başçısı tərəfindən işdən çıxarılıb. Maraqlı hal odur ki, general oğlunun döydüyü avtobusun sürücüsü ”Xaliq Faiqoğlu” şirkətinin işçisidir.

Məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti də bugünkü sayında məqalə yayımlayıb. Məqalənin sonunda qəzet Xaliq Seyidovun məsuliyətə cəlb edilməməsinin təəccüblü olduğuna işarə vurub:  “General oğlunun diz çökdürüldüyü qanunun qarşısında Faiq Seyidovun oğlu Xaliq Seyidov da dayandırılmalıdır. Əks halda, növbəti rezonans doğuracaq hadisənin qəhrəmanının adı indidən bəllidir”. (http://musavat.com/news/general-oglunun-hebsi-daha-bir-cinayeti-uze-cixardi_454036.html)

Xatırladaq ki, F.Seyidovun adı bir müddət əvvəl Bakıdakı ”Safastore” supermarketində ”Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurma və nəticədə iş adamı Azadxan Xanməmmədovun həbsində də hallanmışdı. Həbs olunan iş adamının arvadı Əsmər Fətullayeva mətbuata açıqlama vermişdi ki, Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında yerləşən, təxminən 2000 kv.m həcmində qeyri-yaşayış sahəsi həyat yoldaşının mülkiyyətində olub və həmin qeyri-yaşayış sahəsinın bir hissəsi 5 ildir ki, zəbt olunaraq, həmin hissədə “Safastore” adı altında supermarket açılıb. O, həmçinin “Safastore” mağazasının sahibinin Faiq Seyidov olduğunu, onun isə nə qanunlara tabe olduğunu, nə də xahiş eşitdiyini demişdi.

Onu da qeyd edək ki, “Safa Holdinq”in sahibi F.Seyidov paytaxtda xeyli sayda avtobus marşrut xəttinə nəzarət edir. Bir müddət əvvəl isə mətbuatda onun əslən Cəbrayıl rayonundan olan İbrahim adlı bacanağı ilə əlbir olub, cəbrayıllıların, şahid ailələrinin adına olan 114 saylı marşrut xəttini özününküləşdirdiyinə dair də (http://teref.info/manset/35752-xaliq-faiqoglu-mmc-nin-sahibi-shehid-ailelerinin-adina-olan-marshrut-xettini-nece-ozununkuleshdirib-ttham-var.html) məlumat yayılmışdı. Məlumatda iddia edilirdi ki,  marşrut xəttindən əldə olunan gəlirdən cəbrayıllılara, şəhid ailələrinə bir qəpik belə olsa yardım edilmir.

Bundan əlavə bu şirkətin sürücülərinin kobud pozuntulara yol verdiyi bildirilir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda da qeyd edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “APA-Economics”ə bildirib:“Konkret olaraq “Xaliq Faiqoğlu” MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib…”.

Həm Bakı Nəqliyyat Agentliyinin açıqlaması, həm də müşahidələr bu şirkətin avtobuslarının vaxtaşırı qəzalar törətdiyini, kobud pozuntulara yol verdiyini göstərir. Lakin ciddi cəzalandırma olmadığından, bu hallar təkrarlanır. Elə generalın oğlu ilə bağlı baş vermiş son hadisədə də tək günahkarın Rüstəm Orucov olmadığını düşünmək üçün əsaslar var. Əlbəttə, istənlən halda başqasına fiziki güc tətbiq etmək yolverilməzdir. Ancaq qarşı tərəfin burda təhrikçi rol oynayıb-oynamadığı da nəzərə alınmalıdır. Hər halda generalın dediklərinə əsasən, burda sürücünün də rolu olduğunu söyləyə bilərik. Sitat: “Oğlum elə pis uşaq da deyil. Sadəcə olaraq, həmin avtobus sürücüsü oğluma qarşı var-yox söyüşü söyüb. Oğlumun da 21 yaşı var, cavan oğlandır, kim belə söyüşü götürər? İndi axmaq bir avtobus sürücüsü avtomobili vəhşi kimi idarə edirmiş. Oğlum da bunu görüb, səbri çatmayıb, sürücüyə iradını bildirib. Sürücü də oğluma ağır söyüşlə cavab verib. Bunun nəticəsində də oğlumla sürücü arasında dava olub”.

Bənzər yazılar

Back to top button