Hadisəİqtisadiyyat

Bakı binalarının “ölüm qutuları”: 7 milyon manatdan direktor qızına düşən pay…

Paytaxtda sovet dövründən qalma binaların əksəriyyətində lift sistemi bərbad vəziyyətdədir və dəfələrlə bu liftlərdən dəhşətli qəza xəbərləri gəlir. Məlumdur ki, köhnə binalarda istismar müddəti bitmiş liftlərin sayı olduqca çoxdur. İllərdir acınacaqlı durumla nə maraqlanan var, nə də məşğul olan… Problem isə getdikcə dərinləşir. İnsanların kabusuna çevrilən 30 ilin liftləri yararlılıq müddətini çoxdan bitirib. “Ölüm qutu”larının hər an şaxtaya düşəcəyi qorxusu sakinləri ciddi narahat edir. Köhnə liftlərin köhnə dərdləri də var.

Dəfələrlə öz aralarında liftin təmiri üçün vəsait toplayan sakinlər artıq bundan da yorulublar. Ərazi üzrə Lift İdarələri isə boş vədlərdən başqa heç nə etmirlər. Üstəlik, aylarla işləməyən, nasaz liftlər üçün hər ay pul yığmaqdan çəkinmirlər. Bir sözlə, lift probleminin həlli Lift İdarələrinin marağında deyil. Vaxtaşırı insanların liftdə qalması, trosların qırılaraq insanların liftin şaxtasına düşməsi, lift kanatının qırılması kimi faciəli hadisələrlə bağlı xəbərlər eşidirik. Amma facilərlərdən nəinki nəticə çıxarılmır, yararsız vəziyyətə düşən lift sistemlərinə nəzarət də artırılmır. Yeri gəlmişkən, ötən gün Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.

Qeyd edək ki, ölkə prezidenti 3 aprel 2013-cü ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.

Bu sənədlə cəmi 4 il əvvəl Bakı şəhərində liftlərin dəyişdirilməsi, təmiri üçün 5 milyon manat ayrılıb. Amma paytaxtdakı köhnə binalarda olan liftlərin vəziyyətinə nəzər salanda, ayrılan təyinatı üzrə xərcləndiyinə şübhə edirsən. Bundan əlavə, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır. Amma dövlət büdcəsindən ayrılan bu vəsait də aidiyyatı üzrə xərclənmir. Hətta məlumatlara görə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib. Əlbəttə, bu gün sakinləri də “lift qayğısı” çəkmək əvəzinə 400 min dollara qızına toy məclisi quran, onu Maldiv adalarında istirahətə göndərən, bahalı maşınlar, özəl yaxtalarla gəzdirən Qüdrət Şükürovun baş direktoru olduğu Bakı Lift İdarəsinin fəaliyyəti ciddi maraqlandırır. əgər yazılanlar düzdürsə, Bakı Lift İdarəsinin rəhbərliyinin paytaxt binalarında olan bütün liftlərin yenilənməsinə, hətta yeni quraşdırılacaq liftlərə belə yetər.

Məsələ ilə bağlı “Cümhuriyət” qəzeti Bakı Lift Təmir İstehsalat Birliyi ilə əlaqə yaradıb. Dispetçer idarədə suallarımızı cavablandıra biləcək əlaqədar şəxsin olmadığını bildirib. Bu yerdə ancaq bunu düşünmək qalır. Yəqin liftləri təmir etməyə gediblər.

Aztoday.Az

Bənzər yazılar

Back to top button