Cəmiyyət

Nəsimi rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib (FOTOLAR)

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü  ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirib.

Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb:

“XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb, qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb.

Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılıb. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir”.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 142 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Bənzər yazılar

Back to top button