Bizim seçimHadisəİqtisadiyyatManşet

Deputat İqbal Məmmədov 1500 Lerik sakininə “Kərbəla müsibəti” yaşadır

Deputat İqbal Məmmədov Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orandı susuz qoyub.

Bu barədə AzToday.az-a kənd sakinləri məlumat verib. Onların sözunə görə, 1500-dən çox sakinin yaşadığı ucqar dağ kəndinin ciddi infrastruktur və kommunal problemləri var. XXI əsr olmasına baxmayaraq, Orandda normal məktəb belə yoxdur. Habelə rayon mərkəzindən kəndə gedən yol bərbad olduğu üçün sakinlər hətta yay aylarında belə UAZ və NİVA markalı avtomobillərdən istifadə etmək məcburiyyətində qalırlar. Lerikin Zuvand bölgəsinin kəndləri təbii qazla təhciz olunsa da, Oranda hələ də qaz çəkilməyib. Halbuki, Orand kəndinin meşə sahəsi belə yoxdur. Sakinlər məcburiyyət qarşısında qalıb çox baha qiymətə qış üçün odun tədarük edirlər. Həmçinin, kəndə elektrik enerjisi də fasilələrlə verilir.

Əsas məşğuliyyətləri əkinçilik olan kənd sakinləri hazırda çox böyük bir problemlə qarşılaşıb. Belə ki, bir aydır Orand sakinlərinin Kömurgöydən çəkdirdikləri su xətti kəsilib. Sakinlər suyun gəlməməsini əvvəlcə isti hava ilə əlaqələndiriblər. Sonradan isə məlum olub ki, Lerikin deputatı İqbal Məmmədov həmin mənbədən Zuvand bölgəsində əkdirdiyi 200 hektardan çox kartof sahəsini suvarmaq üçün plastik boru xətti çəkdirəndən sonra Orand susuz qalıb.

Orand sakini Şərif Müstafayevin AzToday.az-a verdiyi məlumata görə, kənd ağsaqqalları yaranmış problemlə bağlı Lerik rayon İcra Hakimiyyətindən kömək istəyiblər. İcra Hakimiyyətinə edilən rəsmi müraciətlərə baxmayaraq, deputat İqbal Məmmədovun bu özbaşınalığına qarşı heç bir tədbir görülməyib. Dünən İcra Hakimiyyətinin nümayəndələri suyun mənbəyinə baxış keçiriblər. Amma heç nə etmədən ərazidən gediblər.

Görünür, Lerik rayon İcra Hakimiyyəti üçün İqbal Məmmədovun Zuvandın Meydan deyilən ərazisində əkdirdiyi hektarlarla katrof sahəsi 1500-dən çox sakinin yaşadığı kənddən daha böyük əhəmiyyət daşıyır…

Sakinlər İqbal Məmmədovun özbaşınalığına qarşı tədbir görülməsi üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər. İnanırlar ki, İqbal Məmmədovun Orand kəndinə yaşatdığı “Kərbəla müsibəti”nin qarşısı ancaq prezident İlham Əliyevin müdaxiləsi ilə alına bilər…

Qeyd edək ki, İqbal Məmmədov 2 ildir Zuvandın örüş sahələrində hektarlarla kartof əkdirir. Və kartof sahəsində Lerikdəki broyler fabrikinin işçilərini işlədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Orxan Məmmədov

AzToday.Az

Bənzər yazılar

Back to top button