İqtisadiyyat

Hesablama Palatasının yeyinti aşkarladığı qurumların rəhbərləri cəzalanırmı…

Əkrəm Həsənov: “Təəssüf ki, palata işin sonrakı taleyi barədə açıqlama vermir”
Hesablama Palatası hər il müxtəlif dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yoxlamalar apararaq, ciddi nöqsanlar aşkarlayır. Bir çox hallarda isə cinayət əməli sayıla biləcək yeyinti faktları, mənimsəmələr, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi kimi faktlar aşkarlanır. Bununla bağlı aidiyyəti dövlət qurumlarına, Milli Məclisə və ictimaiyyətə məlumat verilir. Aşkarlanan qanun pozuntuları və nöqsanlar cəmiyyətə açıqlanır.
Lakin sonradan həmin faktlarla bağlı hər hansı hüquqi və ya administrativ tədbirlərin görülüb-görülməməsi haqqında sual açıq olaraq qalır. Hesabatlarda adıçəkilən dövlət qurumlarında rəhbər dəyişikliyi baş vermir, heç kim məsuliyyətə cəlb olunmur. Nə Milli Məclis, nə Hesablama Palatası, nə də hüquq-mühafizə orqanları bu hesabatlardan irəli gələn tədbirləri həyata keçirmirlər.

Bəs görəsən, belə hallarda qanunvericilik Hesablama Palatasına hansı səlahiyyətlər verir? Aşkarladığı qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlar müvafiq tədbirləri görmürlərsə, Hesablama Palatasının əlində hansı inzibati rıçaqlar var?

Картинки по запросу Əkrəm Həsənov:

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ölkədə icra hakimiyyəti qanunverici orqandan daha güclü olduğundan, məmurlar haqqında hər hansı tədbir görülmür: “Dövlətin büdcə-maliyyə nəzarəti orqanı olan Hesablama Palatası Milli Məclis tərəfindən yaradılıb və ona tabedir. Sirr deyil ki, Azərbaycanda qanunverici hakimiyyət icra hakimiyyətinə nisbətən xeyli zəifdir. Şəxsən mən güclü prezident respublikasının tərəfdarıyam. Amma ən güclü prezident respublikasında belə parlamentin azı iki səlahiyyəti mütləqdir: qanunların qəbulu və Hesablama Palatası vasitəsilə dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə nəzarət. Lakin təəssüf ki, bizim millət vəkillərinin xeyli hissəsi heç bu məsələlərdə belə müstəqil ola bilmir. Belə olduğu üçün Hesablama Palatasının da nüfuzu yüksək deyil. Əlbəttə, Palata işini pis görmür. Yoxlamalar keçirir, pozuntuları aşkar edir, ictimaiyyəti məlumatlandırır, aidiyyəti qurumlara təqdimatlar verir və s. Xatırladıram ki, ”Hesablama Palatası haqqında” Qanunun 16-1-ci maddəsinə əsasən Palata maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar göndərir”.

Ekspertin özlərinə görə, aşkarlanan faktlar barəsində müvafiq tədbir görülmədikdə Palata həmin qurumlarla bağlı sanksiyalar tətbiq edə bilər:

“Həmin təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Palataya məlumat verilməlidir. Hesablama Palatasının təqdimatları müvafiq dövlət orqanı, idarə, təşkilat və müəssisə tərəfindən əsassız icra edilmədikdə, Palata sədrinin qərarı ilə həmin dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olunmaqla, əməliyyatların dayandırılması barədə təqdimatlar verilir. Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməyinə görə xəzinə orqanları və müvəkkil banklar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.

Ə.Həsənov vurğuladı ki, Milli Məclis olmadan belə Palatanın kifayət qədər imkanları var ki, təqdimatlarının icrasına nəzarət etsin: “Amma təəssüf ki, Palata yoxlamaları haqda ictimaiyyətə məlumat verdiyi kimi işin sonrakı taleyi barədə açıqlama vermir. Bu da təbii ki, onun haqqında müəyyən şübhələr və söz-söhbətlərə səbəb olur. Qorxur? Yoxsa sövdələşmələrə gedir? Bəlkə yoxlamalarının nəticələri səhv idi? Təəssüf ki, biz bunları bilmirik. Əlbəttə, Palatanın yoxlamaları üzrə hərəkət etməli olan əsas qurumlar hüquq-mühafizə orqanlarıdır. Onlara da sual edilməlidir ki, Palatanın müəyyən etdiyi pozuntuların nəticəsi necə oldu? Məsuliyyətə cəlb olunan varmı? Zərər aradan qaldırılıbmı və s.?”

Hüquqşünas düşünür ki, Palatanın nüfuzunu ilk növbədə Milli Məclis artırmalıdır və deputatlar adıçəkilən məmurlarla bağlı sərt mövqe ortaya qoymalıdır: “Şəxsən mənim yadıma gəlmir ki, hansısa millət vəkili parlamentdə Hesablama Palatasının hansısa yoxlamasının nəticəsi barədə məsələ qaldırsın. Vətəndaşlar olaraq bizim də təqsirimiz var. Hansı deputatımızdan belə məsələlərin qaldırılmasını tələb etmişik? Heç olmasa seçki dövründə?! Əlbəttə, bəziləri deyəcək ki, tək əldən səs çıxmaz, belə müraciətlərin xeyri yoxdur. Ancaq bunlar gərəksiz düşüncələrdir. Dünyanın heç bir yerində heç bir iqtidar öz xoşuna səmərəli işləmək istəmir. Hansısa dövlət başçısı, hansısa nazir və s. düzgün işləyən ola bilər. Amma bütövlükdə məmurların çoxu buna meylli deyil, həm də heç bir yerdə. Onları düzgün işləməyə vadar edən yalnız ictimai nəzarətdir. Nə qədər ki, hər kəs məsələnin ona aid olmadığını düşünəcək, vəziyyət də dəyişməyəcək. Ən sadə məsələdə belə sorğular veriləndə, məhkəmələrdə iddialar qaldırılanda və görürsən ki, vəziyyət müsbətə doğru dəyişməyə başlayır. Deməli, hər birimiz haqqımızı sivil, qanuni yolla tələb etsək, yavaş-yavaş vəziyyət düzələcək”.

Bənzər yazılar

Back to top button