CəmiyyətGündəm

Naxçıvanın naziri Əhmədin dövlət təminatı…

Naxçıvanda müxalifətçilərə divan tutulan vaxtlar idi, xəbər gəldi ki, bir nəfər Əbrəqunusda (yanılmıramsa) özünü yandırıb. Telefonunu tapıb müsahibə üçün muxtar respublikanın daxili işlər naziri Əhməd Əhmədova zəng elədim. Unudulmaz dialoqumuz belə alındı:

– Salam. Sizi jurnalist Aygün Muradxanlı narahat edir.

– Sən çox qələt eliysən məni narahat eliysən…

Tutuldum… Amma cavabı yubatmadım:

– Elə bilirsiz, vəzifə əbədidir? Baxarıq…

Heç bilmədim dəstəyi hansımız bərk çırpdıq…

Çox pərt olmuşdum. Heç vaxt belə mərifətsiz müsahibim olmamışdı. Özümə gələndə diktofonun düyməsini telefon nömrəsini yığmağa başlayanda basmadığım üçün təəssüfləndim. Əlimdə səs yazısı olsaydı, nazirlə maraqlı bir məhkəmə çəkişməsi başlada bilərdim. Qərar mənim lehimə olmasa belə, səs-küy yaratdığı üçün qəfil general olan Əhmədovun yüksək səviyyədə danlanacağı 80 faiz real idi. O gün bu olayı “dəftərin qırağına” yazmaqdan başqa əlimdən bir iş gəlmədi…

Təxminən 8 il sonra – bu il iyulun 28-də Əhməd Əhmədov işdən çıxarıldı. Bir ara “Müxalifətçilərin qənimi”, “komandasının işverəni” kimi titullar qazanan eks-nazirin ev dustağı olması xəbərləri də yayıldı. Bu səhər xəbər saytlarından oxumuşam ki, Əhmədov müalicə üçün Bakıya gəlmək istəyəndə Naxçıvan aeroportundan geri qaytarılıb. Gözümün qabağına “Bizim Cəbiş müəllim”dəki dəllal gəldi… Bazarda nəzarətçilərdən yayınmaq istəyəndə cibindən nə qədər sənəd çıxarır – “buyur bax, bu, ayağımda ”qribki”, bu da sidik kisəmdə daş…” Əhmədovun hansı xəstəliyə tutulduğunu, saxlanarkən hansı əsaslar gətirdiyini bilmirəm, amma onu filmdəki dəllalın simasında təsəvvür etmək, çox əyləncəli idi…

Əminəm, Əhməd Əhmədov hava limanında qarşısını kəsənlərə mənə söylədiyi “qələt eləyirsiz” ifadəsini deyə bilməyib. Çünki bu sözü işlətmək üçün lazım olan dövlət təminatı artıq eks-nazirdə yoxdur.

Ey gidi dünya… Bir zamanlar Naxçıvan hava limanı qanunlarla yox, Əhmədovun şəxsi tapşırıqları ilə işləyən mülkilərlə dolu olurdu. Qeydiyyatı olmayanlar Naxçıvana enən kimi bu işverənlər nümayişkaranə “qonağın” ardınca düşüb onu elə ilk dəqiqələrdən gəldiyinə peşman edirdilər… İndi Əhmədovun özünü hava limanında saxlayırlar…

Bəlkə də kimsə deyəcək ki, bu yazı yıxılana balta vurmaqdı. Mən də deyirəm, canı çıxsın, yıxılmasın. Bu dünyada heç kim heç kimi heç bir qanunsuzluğa, nadanlığa, şərəfsizliyə məhkum edə bilməz, ta, o kəs özü bunu istəməsə. Əhmədzadə də bu yolu seçdi – “kiçik torpağı” fərqli düşünənlər üçün cəhənnəmə çevirmə əməliyyatını canla-başla icra etdi, neçəsinin cibinə nəşə atdırdır, neçəsinin arvadını-qızını polisə gətirib şantaj elədi, polisi qoçu dəstəsi kimi qullanıb neçəsini qanına bələdi, özünə qəsdə məcbur etdi… Dinc durduğu oldu ki? Həyətlərdə təndirsökmə əməliyyatına qədər min hoqqadan çıxdı, polislərin əlinə dəyənək verib məcburi iməcliyə çıxarılan müəllimləri, həkimləri pusmağa göndərdi.

Həm də onun sayəsində neçə adam yurdundan didərgin düşdü. Bərəkətli, səfalı kəndlər viranxanaya çevrildi. Bir neçə il öncə Ordubadın kəndlərini boş görəndə gözlərim dolmuşdu. Bağ-bağatda budaqlar meyvələrin ağırlığından yerə dəyir, tonlarla məhsul zay olurdu – yiyəsizlikdən. Evlər, həyətlər o qədər miskin görkəmdə idi ki… İranın, Türkiyənin, Ukraynanın, Rusiyanın bazarlarında çörək arayan Naxçıvan camaatının əli ata yurdlarındakı qızıla çatmırdı…və çatmır… Nə qədər evin pəncərəsini əski sovet filmlərində alman faşistlərindən qaçan kəndlilərin etdikləri kimi taxta ilə çarpaz mismarlanan görmüşdüm… Çox kədərliydi…

Əhmədovun yaxın günlərdə qandallanacağı xəbərləri də gəlir. Ona konkret hansı maddə ilə ittiham irəli sürüləcəyini demək çətindir. Ancaq o, sadalananların hamısına suç ortağıdır.

Vəzifə ömürlük deyil. İlahi ədalət mütləq var. Bunu bir Azərbaycan məmurları dərk etmək istəmir. İstəməyənlər Əhmədovun ardınca sıraya düzülsün. Biz onları sayarıq… Rəqəmlərlə…

Aygün Muradxanlı

Musavat.com

Bənzər yazılar

Back to top button