İşğalçının yeni Qarabağ oyunu – həm Rusiyanın, həm də ABŞ-ın yanında?

Print Friendly, PDF & Email

“İki əl”ə oynayan İrəvanın “çoxşaxəli hərbi diplomatiyası” ona baha başa gələ bilər

Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması gündəmin maraqlı mövzularından biridir. İyulun 30-da başlayan və 12 gün davam edəcək “Layiqli tərəfdaş-2017″ adlı təlimlərdə qardaş Türkiyə də iştirak edir. Azərbaycan isə alyansın ortaq hərbi manevrlərinə qatılmamaq qərarı verib. Bu mənada Azərbaycan və Türkiyə ilə bağlı nüanslar Ermənistanın iştirakına əlavə və özünəməxsus siyasi çalar verir.

Birinci ona görə ki, Ermənistan işğalçı dövlətdir. NATO və onun başında duran dövlət – ABŞ isə belə görünür, bir işğalçıya – Rusiyaya bir cür, Ermənistana isə ayrı cür münasibət bəsləyir.

İkincisi, Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistandan başqa bu iki qurumun heç bir üzvü (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan) NATO təlimlərinə qatılmayıb.

Üçüncüsü, Ermənistan Rusiyanın regionda əsas hərbi forpostudur. Rusiya isə hazırda Qərblə, ələlxüsus da ABŞ və NATO ilə gərgin münasibətlər içindədir. Üstəlik də NATO təlimləri Rusiya ilə həmsərhəd ölkədə, Kremlin “həyati maraqlar”ına daxil olan Cənubi Qafqazda keçirilir.

Başqa sözlə, bu təlimlər əslində Moskvaya açıq bir mesajdır ki, Qərb, daha doğrusu, ABŞ artıq Güney Qafqazda möhkəmlənir. Ən maraqlısı isə belə bir mesajın verilməsində İrəvanın da iştirak eləməsidir. Halbuki dəfələrlə vurğuladığımız kimi, Ermənistan adlı qondarma dövlət öz varlığına görə müstəsna olaraq, Rusiyaya minnətdar olmalıdır. Rusiya Ermənistandan öz himayəsini çəkərsə, bu kvazi-dövlətdən heç nə qalmaz.

***
Amma məkrli və naxələf ermənilər həmişəki kimi, öz oyunlarını oynayır, tarixi rollarını ifa edirlər. Bu oyunun qayəsində də daima güclü tərəfə meyillənmək, güclünün ağuşuna atılmaq durur. İrəvanda yəqin yaxşı bilirlər ki, gec-tez regionda Qərb, ABŞ (NATO) Moskvaya güc gələcək. O üzdən indidən, necə deyərlər, “iki ələ” oynayırlar. Yəni Rusiya ilə yanaşı, ABŞ-ın da yanında olduğunu göstərmək istəyirlər, istənilən an Moskvanı satıb Qərbə sığınmağa hazır olduqlarının xəfif mesajını verirlər.
Təsadüfi deyil ki, erməni politoloqları Gürcüstandakı NATO təlimlərinə Ermənistanın qatılmasını, üstəlik, Azərbaycanın iştirak etməməsi fonunda qatılmasını mühüm uğur, hətta “çoxşaxəli hərbi diplomatiya” kimi təqdim etməkdədədirlər. Ancaq bu “uğur”, yaxud “çoxşaxəli hərbi diplomatiya” İrəvana baha başa gələ bilər.

Hər halda, Kreml onunla bu cür oyunları, xəyanəti xoşlamır. Özü də bu oyunu marionet Ermənistan oynayırsa, cavab daha ağır ola bilər. Çünki Moskvanın İrəvanı ram eləməsi üçün rıçaqları qədərindən də çoxdur. Elə Qarabağ məsələsi kifayət edir. Hər necə olmasa, Gürcüstanın başına gətirilənlər uzaq tarixdə olmayıb.

***
“Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, İrəvan iki cəbhə boyunca oynamağa çalışır”. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Gürcüstanda başlayan və NATO-nun himayəsi altında keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməklə Ermənistan Rusiya ilə yanaşı, Qərb koalisiyası ilə də münasibətləri qoruyub saxlamağa ümid edir.

“Məlumdur ki, bu gün bir çox ölkə NATO ilə əməkdaşlığı dəstəkləyir. Biz görürük ki, Gürcüstan tam şəkildə Şimali Atlantika Blokunun müttəfiqidir. Azərbaycan, Qazaxıstan, Belarus Qərb koalisiyası ilə sıx münasibətlər saxlayır. Bununla belə, bu ölkələrin heç biri NATO təlimlərində iştirak etmir” – ekspert vurğulayıb.

S.Markov onu da qeyd edib ki, Ermənistan Rusiya ilə müttəfiq olduğunu desə də, əslində başqa siyasət, digər sözlə, NATO ilə geniş əməkdaşlıq siyasəti yeridir. Onun sözlərinə görə, Ermənistan öz müttəfiqi qismində Rusiyadan mənafeləri üçün istifadə edir. “Bu yolla da Ermənistan rəhbərliyi nümayiş etdirir ki, onlar Rusiyanın Azərbaycanla əməkdaşlığından, xüsusilə də Rusiya silahlarının Azərbaycana satışından məmnun deyil”.

***

Lakin Ermənistanın qayğısı təkcə bu da deyil. Ötən saylarımızda yazdığımız kimi, düşmən ölkə həm də öz ordusuna çağırışçı problemi yaşamaqdadır.

Xüsusən də ötən ilin aprelindəki 4 günlük müharibədən sonra, erməni işğalçı ordusunun “məğlubedilməzlik mifi” dağılandan sonra erməni anaları öz övladlarını hərbi xidmətə yollamaqdan imtina edirlər.

Bu da növbəti fakt: ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edib. Virtualaz.org epress.am saytına istinadən xəbər verir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək, onu orduya verməyəcəyini deyib.

Qadının dediyinə görə, onun oğlunu hərbi xidmətə iyulun 31-də çağırıblar. O, Seryojanın əvəzinə İrəvanın Erebuni rayon hərbi komissarlığına gedib. “Orada mənə dedilər ki, son on ildə Qriqor və Serjoyanın himayəsində yaşadığım və Qriqorun ölümündən sonra təkcə Seryojanın ümidinə qaldığım haqda hansısa sənədlər toplayıb gətirim. Mən də sənədlər təqdim elədim ki, birinci nikahdan olan uşaqları uzaqda yaşayır, özümün səhhətim qaydasında deyil” – qadın bildirir.
Anait Qriqoryanın söylədiyinə görə, oğlunu hərbi xidmətə göndərməmək üçün ondan tələb olunan sənədləri silahlı qüvvələrin Baş Qərargahına göndəriblər. Lakin Baş Qərargah rəisi general Movses Akopyan cavab yazıb ki, qanuna görə, Seryoja hərbi xidmətdən azad oluna bilməz.

“Mənə söz vermişdilər ki, iyul çağırışı başa çatandan sonra oğlumun hərbi xidmətdən azad olunmasını təmin edəcəklər. Lakin iyulun 31-də onu gözlənilmədən hərbi komissarlığa çağırıblar və bildiriblər ki, müdafiə naziri Vigen Sərkisyan Seryojanın hərbi xidmətdən azad olunmasına razılıq verməyib. Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getməlidir və oğlumu hərbi xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə yaşayırıq. Qardaşı ötən ilin aprel döyüşlərində həlak olub. Seryojanı ancaq mənim meyitimin üstündən keçib orduya apara bilərlər” – Anait Qriqoryan bildirib.

Qriqor Arutyunyan ötən ilin aprel döyüşlərində “itkin düşmüş hərbçilər” siyahısında olub. Daha sonra Azərbaycan tərəfi onun meyitini qaytarıb.

***
Bu fakt düşmən toplumda Qarabağ məsələsi ilə bağlə mənəvi-psixoloji durumun nə dərəcədə ağır olduğunu bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, ötən ilin aprelindən sonra Ermənistandan kütləvi köç bir az da sürətlənib. Özü də insanlar təkcə mənasız müharibədən qaçmırlar, həm də kriminal Sərkisyan rejiminin əlindən baş götürüb gedirlər, bu rejim üçün “top əti” olmaq istəmirlər.

...