DünyaGündəmHadisə

Tramp üçün yolun sonu – Ağ Evin sahibi vaxtından əvvəl postu ilə vidalaşa bilər

Elxan Şahinoğlu: “Trampın davranışlarının ona müsbət heç nə gətirmədiyini söyləmək mümkündür”

Amerikada Donald Trampın prezident seçilməsindən dərhal sonra onun ətrafında cərəyan edən proseslər son bir həftədə sürətlənib. Vəzifəsinə başladığı ilk günlərdən qalmaqallarla gündəmdə olan Trampın impiçment ediləcəyi ilə bağlı iddialar getdikcə çoxalmaqdadır. Artıq komandası daxilində də ona qarşı etimadsızlıq dalğasının sərhədləri getdikcə genişlənir.

Əgər günlər öncə Ağ Ev sahibinin komandasından istefa verən şəxslər onu dünya mətbuatının əsas gündəminə gətirmişdilərsə, son olaraq, Demokratlar Partiyasından qadın millət vəkili Maksin Uotersin vitse-prezident Mayk Pensin inaqurasiyaya hazırlaşdığı barədə twitter-bloqunda paylaşdığı iddia Qərb mətbuatını zəbt edib. Konqresmen xanım yazır ki, Mayk Pens Donald Trampın impiçmentinə hazırlaşır və onun keçid komandasına Rayan Priebusla Şon Spicer başçılıq edəcəklər.

Görünən odur ki, andiçmə mərasimindən keçən 7 ay Tramp üçün necə gərgin olubsa, bundan sonrakı dönəm də onun üçün asan olmayacaq.

Politoloq Elxan Şahinoğlu Trampın qeyri-adi prezident olacağını onun seçildiyi ilk günlərdən dilə gətirdiklərini bildirdi: “Təsəvvür edin ki, hələ yarım ildir hakimiyyətdədir, görün nə qədər istefalarla üzləşib. Bu yaxınlarda bir şəkil dərc olunmuşdu. Trampın kabinetində 4 ən məhsuldar əməkdaşı ilə etdiyi söhbətin fotosu idi. Amma indi o fotodakı şəxslərdən heç biri onun yanında deyil. Ya istefaya göndəriliblər, ya da istefa veriblər. Tramp yaxın Amerika tarixində reytinqi ən aşağı olan prezidentlərdən biridir. Bu o deməkdir ki, cəmiyyət ondan çox narazıdır. İmpiçment məsələsi isə daim gündəmdədir.

Seçki kampaniyası dövründə dediklərinin heç birini həyata keçirə bilmir. Rusiya ilə münasibətlərdəki böyük gərginlik isə davam etməkdədir. Amerikada əgər konqreslə, media və bu kimi qurumlarla münasibətlərin gərgindirsə, demək, böyük təhlükə ilə üz-üzəsən. Trampın isə həm konqres, həm də media ilə münasibətləri ən kritik həddədir. Konqres Rusiya əleyhinə ən sərt sanksiya qərarı qəbul edir, Tramp isə bunu imzalamaq məcburiyyətində qalır. Onun hazırda manevr imkanları çox dardır. Qərarlar vermək imkanları da çox azdır. Vahid bir komanda şəklində də işləyə bilmir. Son istefalar bunu bir daha sübut etdi. İndi Tramp impiçment məsələsindən özünü sığortalaya bilər, amma yaxın gələcəkdə bu məsələ yenidən gündəmə gələ bilər. Prezidentliyinin bir ilindəki hesabatı zamanı impiçment məsələsinin yenidən gündəmə gələcəyini zənn edirəm. Bir məsələni də qeyd edim ki, Tramp hazırda sosial şəbəkələrdən ən çox istifadə edən ölkə rəhbərlərindən biridir. Bəlkə də nüfuzu zəif olan siyasətçilər üçün bu elə də təsiredici olmasın. Amma Amerika kimi supergücün rəhbərinin tez-tez sosial şəbəkələrdə statuslar paylaşması bu ölkənin siyasətinə də ciddi təsir edir. Məsələn, öz twitter səhifəsində yazır ki, Çinin müəyyən vasitələrlə Şimalı Koreyaya təsir edəcəyinə ümid edirdim, amma çox təəssüf ki, ümidlərim Çinə qarşı qırıldı. İstər-istəməz bu status da Amerika-Çin münasibətlərinə ciddi təsir edir. Prezident gərək bu cür açıqlamalardan çəkinsin. Bu cür açıqlamalarla dost qazanmaq əvəzinə olan dostlarını da itirirsən. Bu da Rusiyanın xeyrinə olur. Bu baxımdan, Trampın davranışlarının ona müsbət heç nə gətirmədiyini söyləmək mümkündür”.

Politoloq Trampın Rusiya tərəfindən olan dəstəyinin də artıq kəsildiyini düşünür: “Seçkilər zamanı Rusiyanın əsas dəstəyinin Trampın yanında olduğu göz önündə idi. Çünki Hillari Klinton açıq şəkildə Rusiyaya qarşı olduğunu bəyan edirdi. Rusiya tərəfi hakerləri ona görə işə salmışdı ki, Klinton prezident seçilməsin. Hətta Tramp prezident seçiləndə Rusiya Dövlət Dumasında qonaqlıq verilmişdi. Jirinovski kimi bir millətçi qonaqlıq verərək, Trampa böyük dəstək ifadə etmişdi. Amma Tramp Rusiya ilə yaxınlaşa bilmədi. Çünki Amerikada böyük güclərlə üz-üzə qalmışdı. ABŞ Rusiya ilə münasibətləri gərgin olan dövlətlərə verdiyi dəstəyi artırmaq məcburiyyətindədir. Tramp isə Rusiyaya qarşı qəbul edilən sanksiyaları imzalamaq məcburiyyətindədir. Kreml də adekvat addımlar atır. Prezident Vladimir Putin Amerikanın Rusiyadakı səfirliyində çalışanların sayını 700 nəfər azaltmaqla bağlı qərar verib, Amerikanın Rusiyadakı mülklərinin bir çoxuna həbs qoyulub. Bütün bunlar nə ilə nəticələnək? Rusiya çalışaq ki, Amerikanın bölgədəki müttəfiqlərinə ciddi təsir etsin. Bu dövlətlər isə Ukrayna, Gürcüstan başda olmaqla, bir sıra ölkələrdir ki, Azərbaycanla strateji tərəfdaşdırlar. Bu baxımdan, Rusiyanın ölkəmizə də təzyiqinin artacağı qənaətindəyəm. Azərbaycanın reallaşdırdığı bütün layihələrin böyük əksəriyyətini Amerika dəstəkləyir. Çalışmalıyıq ki, müttəfiqlərimizlə əlaqələrimizi genişləndirək”.(Musavat.com)

Bənzər yazılar

Back to top button